Pandemiya Dağlıq Qarabağ prosesinin diplomatik vektorunu iflic edib - TƏHLİL

 
Belə təəssürat yaranır ki, neft böhranını sovuşdurmaq mümkün olacaq. Məlum oldu ki, OPEK-in üzv dövlətlərinin və tərəfdaşlarının nazirlərinin onlayın-görüşü aprelin doqquzuna keçirilib.

Üstəlik, bu son günlərdə neftin qiyməti azacıq da olsa artmaqdadı. Həm də siyasətçilər və böyük neft biznesmenləri daha anlaşıqlı və ümidverici bəyanatlarla çıxış etməyə başlayıblar. Əlbəttə, ifrat optimist proqnozlara qapılmağa imkan verməyən başqa detallar da var.

Birincisi, marketoloqların və birja mütəxəssislərinin qiymətləndirmələrinə görə son aylarda xeyli neft hasil olubdur. İkincisi, koronavurus pandemiyası nəticəsində dünya iqtisadiyyatının həcmləri azalır və bu da öz növbəsində neftə olan təlabatı azaldır.

Amma burada da ifrat pessimist proqnozlarla yanaşı nisbətən optimist gözləntilər də var: belə düşünülür ki, pandemiyanın iqtisadiyyata təsiri müvəqqəti xarakter daşıyır, üstəgəl, belə hallarda müxtəlif ölkələr adətən öz neft ehtiyatlarını artırmaq üçün lazım olandan daha artıq neft alırlar ki, bu da tələbatın artımasına səbəb olur.

Beləliklə, birmənalı qiymətləndirmələr və proqnozlar zamanı hələ yetişməyib, amma biz diqqətimizi daha çox Dağlıq Qarabağ problemi və bir də dəhşətli epidemiya ilə bağlı məsələlər üzərində cəmləşdirməliyik. Nə qədər qəribə olsa da, onlar biri-birilə sıx bağlıdır, belə ki, pandemiya Dağlıq Qarabağ prosesinin diplomatik vektorunu, demək olar, iflic edib – həmsədrlər özlərinin onsuz da məhdud fəaliyyətlərini bir az da məhdudlaşdırıb, daha yaxşı və əlverişli vaxtlar yetişənə qədər nazirlərin görüşlərini təxirə salıblar. Əlbəttə, bizə etiraz edib deyə bilərlər ki, niyə görə həmsədrlərin və nazirlərin onlayn-görüşü təşkil edilməsin? Əlbəttə, tamam mümkündür və zəruri olsa, belə addım da atıla bilər.

Amma problemin məğzi ondadır ki, erməni tərəfi hətta normal situasiyalarda belə müvafiq görüşlərin təşkilinə çox da həvəs göstərmirdi, çünki onların nə həmsədrlərə, nə də rəsmi Bakıya təklif etmək üçün hər hansı təklifləri yoxdur. Prosesi mümkün qədər uzatmaq, onu maksinun dərəcədə mürəkkəbləşdirmək və dolaşdırmaq – N.Paşinyan həzrətlərinin iki illik hakimiyyət dövrü yalnız bu nəticəyə gəlməyə imkan verir.

Qeyd etmək lazımdır ki, martın sonu və aprelin əvvəli daha çox ermənilərin lokal hərbi təxribatları ilə yadda qaldı. Üstəgəl, təxribatın coğrafiyası Dağlıq və Aran Qarabağın hüdudlarından kənara çıxır və demək olar ki, Azərbaycanın Ermənistanla həmsərhəd olan bütün bölgələrini əhatə edir.

Düşünürük ki, heç bu da təsadüfi deyil. Bir tərəfdən koronavirusun yaratdığı izolyasiya vəziyyəti, digər bir tərəfdən də N.Paşinyan hökumətinin qeyri-qənaətbaxş fəaliyyəti diqtə edir ki, cəbhə xəttində və ümumiyyətlə, Azərbaycanla həmsərhəd bölgələrdə vəziyyət gərgin qalsın – axı insanların diqqətini nə iləsə məşğul etmək lazımdır, ya yox? Ona görə də bu günlərdə biz daha diqqətli olmalıyıq...

Burada digər məqamları da unutmaq lazım deyil. Birincisi, müxtəlif ordu birləşmələrində sanitar-gigiyenik nəzarət gücləndirilməlidir, çünki ordu strukturları da yarımqapalı vahidlərdir.

İkincisi, çağırışçıların tibbi müayinəsini gücləndirməyə ehtiyac var. Prezidentin və ali baş komandanın əmri ilə yaz çağırışı mayın 31-dək uzadılıb. Necə deyərlər, vaxt yetərincədir və deməli ciddi tibbi müayinə üçün də imkan var.

Sözsüz ki, koronavirus əbədi deyil və uzağı ilyarımdan sonra ona tamamilə son qoyulacaq. Bəli, hazırda nəinki politoloqlar, hətta futurist və siyasi publisistlər müxtəlif ssenarilər qururlar, koronavirusa qədərki və sonrakı Dünyadan danışırlar. Amma fikirləşirik ki, yüngül şəkildə desək, belə tələsik qiymətləndirmələrə ehtiyac yoxdur. Yada salsaq, bir daha görərik ki, iki dünya müharibəsi bundan yüz minlərlə artıq insan itkisinə səbəb olmuşdu. O vaxtlar da qeyri-müəyyənlik hökm sürürdü və insanlar, məsələn, bilmirdi ki, II dünya müharibəsi nə vaxt bitəcək? Amma onlar işləyir və döyüşürdülər ki, qələbəni yaxınlaşdırsınlar!

Aydın məsələdir ki, koronavirusla da belə əzmlə mübarizə aparmaq lazımdır. Düzdür, indiki dövrün də bəzi epizodları lap “Üçüncü dünya savaşı”na həsr olunmuş bəzi fantastik romanların və ya filmlərin süjetlərini xatırladır: insanlar yeraltı sığınacaqlarda yaşayır, heç kim çölə çıxmır. O səbəbdən ki, orada nəinki hər şey dağıdılıbdı, hətta şüalanıb və yaxud da ki, zəhərlənibdir. Ona görə də sağ qalmaq üçün sığınacaqlarda qalmaq tələb olunurdu.

Əminik ki, koronavirusla bağlı qətiyyən belə olmayacaq: bəli, o, qəfil gəldiyi kimi, elə qəfil də yox olacaqdır. Hətta ola bilsin, bir neçə aydan sonra onu hətta xatırlamaq belə istəməyəcəyik və hətta xatırlamayacağıq da – axı yadda adətən yaxşı şeylər qalır...
Hüseynbala Səlimov
 //musavat.com//
Tarix: 8-04-2020, 10:10
Xəbəri paylaş





Xəbər lenti