Rayon rəhbəri fermer Mirzə Cümşüdovun bağ təsərrüfatı ilə tanış olub-FOTO



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun İsmayılbəyli kəndində fermer Mirzə Cümşüdovun intensiv meyvə bağında olub.
Rayon rəhbəri fermerlə birlikdə fəaliyyət göstərən intensiv meyvə bağına baxış keçirib, təsərrüfatın gələcək fəaliyyət istiqamətləri və istehsal potensialının genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıb. Məlumat verilib ki, müasir standartlara uyğun qurulan bağın ümumi əkin sahəsi 50 hektardır. Bu sahənin 31 hektarında nektarin, 15 hektarında gilas, 4 hektarında isə ərik bağları salınıb. Təsərrüfatda hazırda 4 nəfər daimi, 50 nəfər isə mövsümü işçi çalışır ki, bu da rayon sakinlərinin məşğulluğunun artırılmasına mühüm töhfədir.
Sahədə su ehtiyatlarından səmərəli istifadə edilməsi və itkilərin qarşısının alınması məqsədilə mütərəqqi avtomatlaşdırılmış damlama suvarma sistemi tətbiq edilir. Eyni zamanda, suvarmanın fasiləsizliyini təmin etmək üçün 40 sot sahədə tutumu 5 min kubmetr olan 2 ədəd süni göl yaradılıb ki, bu da bitkilərin vegetasiya dövründə optimal su təminatına tam zəmanət verir.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda kənd təsərrüfatının daha da dinamik inkişaf etdirilməsi, ənənəvi sahələrlə yanaşı belə yüksək məhsuldar intensiv bağçılığın genişləndirilməsi barədə öz tövsiyələrini verib. Rayon rəhbəri qeyd edib ki, müasir aqrar texnologiyaların təsərrüfatlara tətbiqi həm su ehtiyatlarına qənaət edilməsi, həm də daxili və xarici bazarlara rəqabətədavamlı, ekoloji təmiz meyvə məhsullarının çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, rayonda fəaliyyət göstərən digər sahibkarların da bu cür innovativ təcrübələrdən yararlanmasının vacibliyini önə çəkib.
Eyni zamanda, rayon rəhbəri aqrar sığortanın dövlət tərəfindən dəstəklənməsinin fermerlərin iqlim risklərindən və təbii fəlakətlərdən qorunmasında müstəsna rolunu bir daha vurğulayaraq, bütün fermerləri və torpaq mülkiyyətçilərini öz təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb.
Əlavə olaraq qeyd edək ki, rayon ərazisində ümumilikdə 2371,5 hektar meyvə və giləmeyvə bağları var. Onlardan 824,9 hektarı intensiv, 1546,6 hektarı isə ənənəvi bağlardır. Mövcud bağların 49 hektarı yeni salınmışdır. Həmçinin rayonun meyvə bağlarının 845,7 hektarını ixracat yönümlü xurma bağları təşkil edir.
Sonda fermer Mirzə Cümşüdov kənd təsərrüfatının inkişafına, bölgələrdə sahibkarlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Tarix: Dünən, 22:52
Xəbəri paylaş





Xəbər lenti