Elçin Mirzəbəyli: “Dünyanın heç bir ölkəsi birdən-birə ortaya çıxan və ildırım sürətilə yayılan təhlükə ilə qarşılaşacağını gözləmirdi”
Koronavirus nəinki bəşəriyyətin sadə insanlarını, ümumilikdə dünya güclərini “barmağına dolaylb”. Əgər bir müddət əvvəl COVİD-19-a yoluxanların sayının milyona çatacağı haqda qorxulu proqnozlar verilirdisə, artıq ikinci milyona doğru artan rəqəmlər var.
Çindən başlayan bu naməlum və qorxulu virus ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa, İran, İngiltərə, İsveçrə, Türkiyə kimi səhiyyəsi ilə öyünülən ölkələri cənginə alıb. Bu virusdan ölənlərin ən çox olduğu ölkələr isə İtaliya, İspaniya, ABŞ, Fransa, Çin, İran, İngiltərə, Hollandiya, Almaniya, və Belçikadır. Özü də pandemiya heç bir ölkəyə “güzəştə getmir”, hətta bir-birinə düşmən və rəqib olan ölkələrlə də eyni cür davranır. ABŞ prezidenti Donald Trump amerikalılara indiyədək olanlardan ən “çətin həftəyə” hazırlaşmağı məsləhət görüb və "çox sayda ölüm hallarının" olacağı barədə xəbərdarlıq edib. Böyük Britaniyanın baş naziri Boris Conson koronavirus simptomlarının kəskinləşməsi ilə əlaqədar aprelin 5-də xəstəxanaya yerləşdirilib.
Adətən, səhiyyəsi ilə bağlı miflər dolaşan İsrail də itkilər verməkdədir. Bu ölkədə qeydə alınan koronavirus xəstələrinin sayı 10 minə çatır, 60-dək insan ölüb. Beləliklə, Çinin Uhan şəhərindən yayılan virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünya mənzərəsini izlədikcə, ortaya suallar çıxır: COVİD-19-la bağlı dünya səhiyyəsi niyə belə zəif və hazırlıqsız çıxdı? Qeyd etdiyimiz kimi, təkcə tibbin inkişaf etdiyi İsrail, ABŞ, Fransa kimi ölkələrin nümunəsində də bunu gördük. Həmçinin NATO ölkələri əfsanəsi darmadağın oldu. Bu, o demək deyilmi ki, böyük bir müharibə olsaydı və xəstəxanalara kütləvi şəkildə yaralılar daşınsaydı, o halda da səhiyyə ocaqları sınaqdan çıxmayacaqdılar? Belə ümumiləşdirmək olarmı ki, koronavirus bəşəriyyət üçün bir dərs oldu və səhiyyə sisteminin dünya çapında yenidən qurulması lazım gələcək?
Politoloq Elçin Mirzəbəyli musavat.com-a açıqlamasında bildirdi ki, bu vəziyyətin obyektiv və subyektiv səbəbləri var: “Çünki dünyanın heç bir ölkəsi birdən-birə ortaya çıxan və ildırım sürətilə ölkədən-ölkəyə yayılan pandemiya təhlükəsi ilə qarşılaşa biləcəyini gözləmirdi. Dövlətlər, xüsusilə də inkişaf etmiş və inkişafda olan ölkələr daha çox vətəndaşlarının sosial rifah halının yaxşılaşmasına, dövlətin iqtisadi və hərbi gücünün artırılmasına diqqət yetirirdilər. Yəni müharibə, iqtisadi savaş və hətta informasiya müharibəsi belə, pandemiyadan daha real idi. Bununla yanaşı, bir mühüm məqama da diqqət çəkməyi vacib sayıram: diqqət yetirsəniz, hətta iqtisadi və maliyyə cəhətdən müəyyən problemləri olan postsovet ölkələri, yaxud sosialist Çin, həmçinin milli dövlətçilik ənənələrini qoruyub saxlayan Türkiyə COVİD-19 virusuna qarşı mübarizədə daha hazırlıqlı olduqlarını nümayiş etdirirlər”.
Politoloq qeyd etdi ki, bunun da öz səbəbləri var: “Birincisi, kapitalizmin öz ölçüləri, öz tələbləri var. Burada hər şey bazar iqtisadiyyatının əsas prinsipinə - tələb və təklifə tabedir. Kapitalizmin inkişaf dövrünü yaşayan ölkələrdə əhalinin sayına görə səhiyyə planlaşdırması yoxdur. Burada dövlətə məxsus tibb müəssisələrinin sayı çox azdır. Bu ölkələrdə səhiyyə çoxdan biznesin aparıcı qanadlarından birinə çevrilib. Bu sahədəki iş adamları isə ilk növbədə bazarı təhlil edir və tələbə uyğun da addım atırlar. İnkişaf etmiş ölkələrin öz ərazisində 75 və daha çox ildir ki, müharibə baş verməyib. Onlar yalnız azsaylı hərbi kontingentlə başqa ölkələrin ərazisində mövcud olan münaqişə və müharibələrdə iştirak ediblər. Bu ölkələrin ərazisində olan tibb müəssisələri da bu münaqişə və müharibələrin yaratdığı problemlərin öhdəsindən gələ bilib”. E.Mirzəbəyli qeyd etdi ki, bu prosesə qloballaşmanın da öz təsiri var: “Məsələn, Avropa İttifaqı ölkələrinin sərhədləri açıqdır. Bu ölkələrdən birində xərçəng, digərində qaraciyər, başqa birində ürək, böyrək, yaxud ilik transplantasiyasi, infeksiya xəstəlikləri ilə bağlı müalicə mərkəzləri daha çox uğur qazandıqları üçün insanlar sərbəst, maneəsiz hərəkət edərək həmin mərkəzlərə üz tuta bilirdilər. Amma COVİD-19 nəticəsində ilk növbədə sərhədlər qapandı və konkret halda Avropa İttifaqı ölkələrini birləşdirən səhiyyə zəncidi qırıldı”.
Azərbaycanın da aid olduğu postsovet ölkələrinə gəldikdə, E.Mirzəbəyli qeyd etdi ki, burada vəziyyət bir az fərqlidir: “Burada səhiyyə müəssisələrinin böyük əksəriyyəti dövlətin nəzarətindədir. Səhiyyə üzrə planlama bazardakı tələb və təklifə görə deyil, SSRİ dövründə olduğu kimi, əhalinin sayına görə aparılır. Çində də vəziyyət qismən oxşardır. Bu ölkədə həmçinin bütün proseslərə nəzarət mərkəzi hakimiyyətin əlindədir və bu hakimiyyət də tez bir zamanda toparlana, fəaliyyətini koordinasiya edə bilir. Türkiyədə milli dövlətçilik ənənələri möhkəmliyi və insanları tez bir zamanda milli ideyalar ətrafında, həmçinin hər hansı bir təhlükəyə qarşı birləşdirmək mümkün olduğu üçün qardaş ölkədəki vəziyyət Qərb ölkələrinin əksəriyyətindən daha yaxşıdır. Əslində koronavirusdan sonraki dünyada bütün bu amillərin nəzərə alınacağını düşünürəm. Mən sosialist təsərrüfatının tərəfdarı deyiləm və bunun özünü doğrultmadığını düşünürəm. Amma hesab edirəm ki, bu təsərrüfatın özündən də müsbət nələrisə mənimsəmək olar”./Musavat.com/