Türkiyədəki Qarabağ müzakirələri Ermənistanda təşvişə səbəb oldu

 

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüş işğalçıların yuxusunu qaçırıb; ekspertlər “İdlibdən sonra Qarabağ...” variantından danışmağa başlayıblar; politoloq: “Həmin gün uzaqda deyil”

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Türkiyəyə səfər edərək qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməsi və Dağlıq Qarabağ münaqişəsini müzakirə etmələri yeni müzakirələrə yol açıb. 

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Türkiyəyə səfər ediblər. Türkiyə XİN başçısı həmsədrlərlə yanaşı, A. Kaspşiklə də görüşüb. Qeyd edək ki, görüş xəbərini ilk olaraq M.Çavuşoğlu özünün twitter səhifəsində yazıb. Nazir bildirib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha aktiv fəaliyyət göstərməlidir. “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır” - nazir əlavə edib. Türkiyədə keçirilən görüş və Suriyada davam edən hərbi əməliyyatların fonunda Ankaranın Qarabağ məsələsinə diqqətinin azalmaması İrəvanda ciddi təşvişə səbəb olub. Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan türk həmkarı Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün twitter hesabında yazıb. “Mövlud Çavuşoğlunun həmsədrlərə verdiyi tövsiyə ”Luka 4.23"-ü, “Həkim. özünüzü sağaldın” ifadəsini xatırladır", - Mnatsakanyan qeyd edib.

Ümumilikdə M.Çavuşoğlunun fikirləri Ermənistanda etirazlara səbəb olub. Eyni zamanda bu mövqe prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Qarabağın Azərbaycana qaytarılması üçün danışıqlara başladığı iddiasının yayılmasına yol açıb.

Prezident Ərdoğan bir həftə öncə Bakıda səfərdə olarkən Azərbaycan prezidentinin çıxışını dəstəkləyərək “Qarabağ Azərbaycandır” demişdi və ərazi bütövlüyümüzün bərpası zərurətindən bəhs etmişdi. Türkiyə prezidenti Ərdoğan Bakıda Qarabağ problemi ilə bağlı danışarkən bildirib ki, Qarabağ problemi həm də Türkiyənin problemidir. Ərdoğanın Bakıya səfəri zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi, kommunikasiya və hərbi əməkdaşlıqla bağlı bir sıra müqavilələr imzalanıb. Əslində Ankara daim bu mövqedədir və elə işğalçı ölkə ilə sərhədlərin bağlanmasının səbəbi də 1993-cü ildə Kəlbəcərin zəbt olunmasıdır. 

İşğalçı ölkə son zamanlar Ermənistan-Azərbaycan sərhədinin Qazax-Tovuz istiqamətində təxribatlara əl atır. Bu təxribatları dəf edərkən ordumuz itki verdi, eyni zamanda düşmən də geri oturduldu. Ancaq artıq bir çoxlarına aydındır ki, Ermənistan silahlı qüvvələri bu təxribatları törətməklə Rusiya və KTMT-ni prosesə cəlb etməyi hədəfləyib. Ancaq mətbuatın yazdığına görə, rus ekspertlər qeyd edirlər ki, regionda hərbi əməliyyatlar halında Rusiya çətin vəziyyətə düşəcək, çünki bir tərəfdən Ermənistan Rusiyanın müttəfiqidir, digər tərəfdən Moskva Azərbaycanla əlaqələri korlamaq istəməyəcək. Ekspertlər İdlibdəki təhlükəsizlik zonaları ətrafında rus-türk razılaşmalarının Qarabağ halında da tətbiq edilə biləcəyini istisna etmirlər. Türkiyə XİN başçısı da bəyan edib ki, əgər Rusiya istəsə, onlar Qarabağ problemini tez həll edəcəklər.

İdlibdə baş verən proseslərin son nəticəsi Dağlıq Qarabağda yekunlaşa bilər. Publika.az xəbər verir ki, bu iddia ilə “Lragir” saytı çıxış edib. Sayt yazır ki, Türkiyə İdlibdə Rusiya ilə razılaşsa, əvəzində isə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin edə bilər. “Hətta analitiklər Ankara və Moskvanın İdlibdəki təhlükəsizlik zonaları razılaşmasının Qarabağda da həyata keçirilə biləcəyini istisna etmirlər. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Rusiya arzulayarsa, Qarabağ problemini birgə həll edə bilərlər. Faktiki olaraq, bu, Əliyevin Münhendə səsləndirdiyi ”mərhələli həll" variantı, yəni rusların təklif etdiyi “Lavrov planı”dır. Ərdoğan Bakıda olarkən Qarabağ problemindən də danışdı. Türkiyə və Azərbaycan prezidentləri görüşdə bir sıra iqtisadi, rabitə və hərbi müqavilələr imzaladı. Bu razılaşmaların bir hissəsi də Naxçıvanla bağlıdır", - sayt yazır.

Məqalədə erməni ekspert Ayk Qabrielyanın ötən həftə səsləndirdiyi fikirlər xatırlanır. Qabrielyan hesab edir ki, Ərdoğan Putini Qarabağın Azərbaycana qaytarılması fikrinə inandırıb. Sayt iddia edir ki, Türkiyə İdlibdə razılaşma əldə etmək istəyir: “İstisna deyil ki, Ankara İdlibdə Rusiya ilə razılaşmağın əvəzində Moskvadan Qarabağın Azərbaycana qaytarılmasını istəyə bilər.

“Türkiyə və Azərbaycan arasında fəaliyyətlərin hansısa koordinasiyası həyata keçirilib, Bakıda Ankara ilə sıx əməkdaşlıq etdiklərini gizlətmirlər”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus şərqşünas, siyasi analitik Stanislav Tarasov Suriyanın İdlib inkişafları və bunların Dağlıq Qarabağ münaqişəsi zonasında hökm sürən vəziyyətə mümkün təsiri məsələsinə toxunarkən bildirib. O qeyd edib ki, Paşinyan öz səylərini Türkiyə ilə koordinasiya edir və Suriyada vəziyyətin necə inkişaf edəcəyini izləyir, əgər Ərdoğan Suriyada qalib gəlsə, onda Qarabağ istiqamətində fərqli davranmağa başlayacaq. “Bu, mənim şəxsi təəssüratımdır, lakin hələ də Suriyada baş verənlərdən Ərdoğanın qalib gələcəyi ilə bağlı nəticələr çıxara bilmərik. Ərdoğan Bakıya getdi, Əliyevlə danışıqlar apardı, mütləq orada Suriya məsələsi, İdlib problemi müzakirə olunub, Putinlə əlaqələr pisləşib, Türkiyə və Azərbaycan arasında fəaliyyətlərin hansısa koordinasiyası həyata keçirilib, Bakıda Ankara ilə sıx əməkdaşlıq etdiklərini gizlətmirlər. Paşinyanın yaranmış vəziyyətdən necə istifadə edəcəyini demək çətindir”, - deyə Tarasov bildirib.


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Ankaranın Qarabağ məsələsinə həssas münasibətindən bəhs etdi: “Aydındır ki, həmsədrlərin Ankaraya səfəri və Türkiyə xarici işlər naziri ilə görüşü İrəvanı narahat etməli idi. Ermənilər Türkiyəyə aid nə varsa, özləri üçün təhlükə kimi qiymətləndirirlər. Halbuki Türkiyə Minsk Qrupunun üzvüdür və həmsədrlərin borcudur ki, danışıqlarla bağlı daima Minsk Qrupuna üzv dövlətlərin rəsmilərini də məlumatlandırsınlar. Ermənilər qorxurlar ki, Türkiyə Suriya, İraq və Liviya istiqamətində fəal olduğu kimi Cənubi Qafqazda da fəallığını artıracaq. Həmin gün uzaqda deyil”. E.Şahinoğlunun fikrincə, ayrı vaxt olsaydı, bu xəbər o qədər də diqqəti cəlb etməzdi: “Həmsədrlər əvvəllər də Türkiyədə rəsmilərlə görüşüblər. Dağliq Qarabağ münaqişəsini həll etməli olan beynəlxalq vasitəçilərin Türkiyəyə indiki səfərləri isə Ankara ilə Əsəd rejimi arasındakı müharibəyə və Ankara ilə Moskva arasındakı münasibətlərin gərginləşdiyi dövrə təsadüf edib. Mümkündür ki, görüş haqqında razılaşma İdlib ətrafındakı hadisələrdən çox əvvəl razılaşdırılıb. Ancaq başqa bir ehtimal da irəli sürə bilərik ki, görüşün bu ərəfədə keçirilməsinin təşəbbüskarı Ankara olub”. Politoloq hesab edir ki, Türkiyənin Suriyada həyata keçirdiyi uğurlu hərbi əməliyyat bu ölkənin bölgədə rolunu və çəkisini artırıb: “Ancaq Türkiyə bununla kifayətlənmnək istəmir, Ankara son zamanlar strateji müttəfiqlərinin və tərəfdaşlarının çağırışlarına səssiz qalmır, dəstək verir. Məsələn, Türkiyə Liviyadakı müttəfiqi - mərkəzi hakimiyyətin rəhbəri Sərracın köməyinə çatdı, Tripoliyə silahlı qüvvələrini göndərdi”. E.Şahinoğlu bildirdi ki, Azərbaycan Türkiyəyə Liviyadan da yaxın müttəfiqdir: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı bunu bir daha səsləndirdi və xüsusilə vurğuladı ki, Dağlıq Qarabağ probleminin həllində rəsmi Bakının yanındadır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığına mane olan tək böyük ölkə Rusiyadır. Təsadüfi deyil ki, Ərdoğan Putinlə görüşdə bir neçə dəfə Qarabağ probleminin həlli vacibliyini qaldırıb, Kreml sahibinin cavabı isə bu olub ki, ”bu çox mürəkkəb məsələdir". Bununla Putin faktiki demək istəyib ki, Ankara bu məsələdən uzaq dayansın. Ankara Kremlin bu “məsləhətini” bir mərhələyə qədər nəzərə alırdı və məsələyə qarışmırdı. Ancaq indiki məqamda Rusiya onsuz da Türkiyə ilə tərəfdaşlığa sadiq deyil, razılaşmaları pozur, üstəgəl, Suriya üzərindən gəlib Türkiyəyə sərhəd olub. Türkiyənin də Cənubi Qafqaz üzərindən Rusiyaya sərhəd olmaq hüququ var. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir” fikrini səsləndirib. Nazir vurğulayıb ki, münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir".

Ekspert hesab edir ki, Ankara bölgədə fəallığını artırarkən, o cümlədən Minsk Qrupu həmsədrlərini ayağına çağırarkən, rəsmi Bakının da qarşılıqlı surətdə müttəfiqi istiqamətində fəallaşmasına ehtiyac var: “Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin də ”Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmasını arzulayırıq, bu bölgədə sülhün və əmin-amanlıq yaradılması üçün vacib şərtlərdən biridir" məzmunlu bəyanat yayması yerinə düşər".

Bəs 5 martda Moskvada baş tutacaq Putin-Ərdoğan görüşündən nə gözləmək olar, Qarabağ mövzusu müzakirələrdə önə çıxa bilərmi? E.Şahinoğlu “bunun az ehtimal olduğunu düşünürəm. Tək mövzu İdlib olacaq”-deyə, bildirdi.

Lakin istənilən halda bölgənin əsas söz sahiblərindən biri olan qardaş Türkiyənin Qarabağ məsələsinə diqqət göstərməsi, bütün beynəlxalq tədbirlərdə, həmçinin ikitərəfli görüşlərdə Ermənistanın işğalçılıq siyasətini pisləməsi, Azərbaycanın yanında olduğunu bəyan etməsi gücümüzü artırır. Xüsusilə də İdlib zəfərinin davam etməsi şəraitində Ankaranın Qarabağ mesajı verməsi düşmənə və havadarlarına ciddi xəbərdarlıqdır. Tamamilə mümkündür ki, Suriya istiqamətindəki təhlükələri dəf etdikdən sonra şanlı Türk ordusu PKK-nı himayə edən, Qarabağda bu terrorçu təşkilat üçün düşərgələr yaradılmasına imkan yaradan işğalçı Ermənistanı da cəzalandırmaq niyyətinə düşsün. Terrorun kökü tam qazılmalıdırsa, nədən olmasın?..

Elşad Paşasoy

Tarix: 4-03-2020, 11:03
Xəbəri paylaş





Xəbər lenti