Elxan Şahinoğlu: “Ərdoğan Suriya məsələsində güzəştə getsə, zəif fiqur kimi görünəcək”
Suriyanın İdlib vilayətində Türkiyə və Suriya qoşunları arasında gərginlik durmadan artır. Suriya ordusunun həmlələri nəticəsində Türkiyənin nəzarətində olan bir neçə bölgə Əsəd rejiminin nəzarətinə keçsə də, Türkiyə Silahlı Qüvvələri (TSQ) əks-hücumları davam etdirir.
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibə istiqamətlənmiş hərbi əməliyyatın anonsunu verib. Prosesin başlamasının an məsələsi olduğunu deyib. Buna qarşı Kremlin sözçüsü Dmitri Peskov baş verəcəklərin ən pis ssenari olduğunu bildirib.
AYNA-nın mövzu ətrafında suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb.
- Elxan bəy, Türkiyə ilə Suriya arasında gərginliyin azaldılmasına yönəlik cəhdlər, danışıqlar olsa da, proses əksinə daha da qəlizləşir. Bölgədə daha miqyaslı toqquşmalar təhlükəsi hiss edirsinizmi?
- Astana Sammiti və Soçi anlaşmasına görə, əslində, İdlibə hücum olmamalı idi. Ona görə də Türkiyə və Rusiya silahlı qüvvələri İdlibdə müəyyən nəzarət məntəqələri yaratmışdılar. Çünki İdlibə hücumlar nəticəsində bölgədə humanitar böhranlar yaşana bilərdi. Belə ki, İdlibin 2011-ci ildə, müharibədən əvvəlki əhalisinin sayı 1 milyon nəfər idi. Müharibə başlayandan sonra isə bu say 3-4 milyon nəfərə çatdı. Çünki müharibdən qaçanlar və əksər terrorçular ailələri ilə birlikdə İdlibə yerləşdilər. Türkiyə də əminlik yaratmışdı ki, İdlibdə müxalif qüvvələrlə terrorçuları biri-birilərindən ayıracaq, lakin bu, baş vermədi. Çünki terrorçular daha güclü idi.
Amma bu, o demək deyildi ki, şəhərə hücum edilməli, humanitar böhran yaşanmalı və qaçqınlar yenə də gedib Türkiyə sərhədinə dirənməli idilər. Türkiyə haqlı olaraq İdlibin bombalanmasının Türkiyəyə ziyan vurduğunu deyir. Çünki suriyalı qaçqınlar nə Rusiyaya gedirlər, nə də başqa ölkəyə. Yalnız Türkiyəyə yerləşməyə çalışırlar. Türkiyə bu qarşıdurmalar nəticəsində artıq 3 milyon 600 min qaçqın qəbul edib. Ona görə də Türkiyə Suriya rejiminə hücumları dayandırmaqla bağlı xəbərdarlıq edib. Amma çox təəssüf ki, bu işin də arxasında Rusiya dayanır. Çünki Rusiyanın icazəsi olmadan Bəşər Əsəd qüvvələri belə bir hücum həyata keçirə bilməz. Hazırda Rusiya ilə Türkiyə arsında bu məsələ ilə bağlı diskussiyalar davam etsə də, heç bir nəticə vermir.
Ona görə də Ərdoğan qrup toplantısında, ehtiyac olduğu təqdirdə böyük qüvvə ilə hücuma keçəcəklərini bildirib. Amma bu zaman Türkiyə ilə Rusiya arasında münasibətlər daha da gərginləşəcək. Bütün bunlara baxmayaraq, Rusiya-Türkiyə müansibətlərinə tamamilə xitam veriləcəyini düşünmürəm. Məsələn, Rusiya Türkiyədə böyük atom elektrik stansiyası tikib, iki ölkə arasında boru xətləri var. Bundan əlavə, rusiyalı və türkiyəli turistlərin qarşılıqlı gediş-gəlişləri də hər zaman diqqət mərkəzində olub. Lakin hər şeyə rəğmən, bu məsələdə iki ölkə arasında ciddi fikir ayrılığı var. Əgər Bəşər Əsəd hücumları davam etdirsə, şübhə yoxdur ki, Türkiyə ordusu daha böyük qüvvə ilə əməliyyatlara start verəcək.
- Türkiyə ilə Suriya arasında atəşkəsin əldə olunması üçün bir neçə saziş imzalanıb. Rusiya ilə Türkiyə də bu sazişlərdən sonra sanki böyük bir müttəfiqliyə qədəm qoymuşdu. Buna baxmayaraq, Rusiyanın dəstəyi ilə Suriya ordusu Türkiyəyə qarşı hücumlar həyata keçirməkdə davam edir. Sizcə, Rusiyanın məqsədi nədir?
- Türkiyədə Rusiya siyasətini tam anlamaya bilərlər, amma Azərbaycan 200 il Rusiya imperiyasının, 70 il də SSRİ-nin əsarətində olub deyə, biz Rusiyanın siyasətini çox yaxşı bilirik. Qarabağ münaqişəsinin həllində də ruslar özlərini bizim tərəfdaşımız kimi qələmə versə də, biz bunun əksini görürük. Çünki Rusiya Qarabağ münaqişəsini həll etməkdə imkan sahibi olduğu halda, Ermənistan hakimiyyətinə təzyiq göstərib bu münaqişəni həll etmir. Çünki bu münaqişə onlara lazımdır ki, həm Azərbaycana, həm də Ermənistana təsir edə bilsinlər. Türkiyədə də ümid edirlər ki, əgər Rusiya ilə iqtisadi-ticari əlaqələr inkişaf etsə, Rusiya Türkiyənin regional maraqlarını nəzərə alacaq. Lakin Rusiya bir əlində kökə, bir əlində qamçı ilə fürsətdən istifadə edir. Rusiya Prezidenti İstanbula səfəri zamanı “Türk axını” layihəsinin açılışında söz vermişdi ki, Liviyada və Suriyada atəşkəs olacaq, amma bu vədlərin heç birinə əməl olunmadı. Məlum olduğu kimi, Liviyada atəşkəs pozulub, Haftarın qüvvələri Rusiyanın dəstəyi ilə hücuma keçib. İdlibdə də eyni vəziyyətdir. Ki, Əsəd ordusu Rusiyanın dəstəyi ilə hücuma keçib. Ümumiyyətlə, Rusiya ilə Türkiyəni müttəfiq adlandırmaq da olmaz. Onlar sadəcə tərəfdaşdır və müxtəlif əlaqələri var. Amma göründüyü kimi, iki dövlət arasında qopma nöqtələri də var. Təsadüfi deyil ki, Münhen konfransında Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə ilə münasibətlərin yaxşı olduğunu bildirsə də, eyni zamanda hər məsələdə ortaq məxrəcə gələcəklərinin qeyri-mümkün olduğunu vurğulayıb. Bu da onu göstərir ki, İdlib məsələsində Rusiyanın məqsədi tamamilə başqadır.
- Müxtəlif zamanlarda Türkiyənin Rusiya, yaxud ABŞ-la tərəfdaş olduğunun şahidi olmuşuq. Gərginliyin artdığı bir zamanda ABŞ Prezidenti Donald Tramp Ərdoğanın müdafiəsinə qalxıb. Türkiyənin yenidən üzünü Qərbə çevirməsi mümkündür?
- Amerika sadəcə məqamdan istifadə etməyə çalışır. Çünki ABŞ görür ki, Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşib. Ona görə də bundan öz məqsədləri üçün isitifadə edib Türkiyəni tərəfinə çəkməyə çalşır. Amma Türkiyə də Amerikanın bu hiyləsini yaxşı başa düşür. Əslində, Amerika-Türkiyə münasibətləri də yaxşı deyil. Buna misal olaraq, Fətullah Gülənin ABŞ-da qorunmasını, ABŞ-ın Suriyada PKK-ya verdiyi dəstəyi göstərə bilərik. Yəni Türkiyə-ABŞ münasibətləri Rusiya-Türkiyə münasibətlərindən daha gərgindir. Məncə, Türkiyə ABŞ-ın hiyləsinə uymayacaq. Digər tərəfdən, Türkiyə Rusiya ilə dialoqdan da çəkinməyəcək. Hətta Ərdoğan bugünkü çıxışında Rusiya siyasətinin korrektə edilməsinə ehtiyac olduğunu da vurğulayıb.
- Ərdoğan açıqlamasında bildirib ki, İdlibə hücumların başlaması an məsələsidir. Onun təbiri ilə desək, İdlibdə bir gecədə əməliyyat başlaya bilər?
- Əgər, Suriya ordusu hücumlarını daynadırmasa, Türkiyə ordusunun başqa alternativi qalmayacaq. Həm də Ərdoğanın xarizması da bu məsələdə xüsusi rol oynayır. Belə ki, Ərdoğan bu məsələdə Suriyaya güzəştə getsə, məntəqlərdən geri çəkilsə, zəif fiqur kimi görünəcək. Lakin Ərdoğan zəif fiqur olmadığı üçün xarizmasını qorumalıdır. Əgər Əsəd ordusu hücumları dayandırmasa, Türkiyə ordusu daha böyük qüvvə ilə İdlibə daxil olacaq. Bu, əslində, Rusiyanın maraqlarına da cavab verir. Çünki Rusiya məsələyə məntiqlə yanaşsa, Əsədi dayandırmalıdır. Çünki Türkiyə ilə münasibətlərin pozulması və Türkiyənin ABŞ-a yaxınlaşması Rusiyanın maraqlarına cavab vermir. Ona görə də bir nöqtədə Kreml administrasiyası Ərdoğanın qətiyyəti qarşsında yenidən masaya oturub güzəşt yolları axtarmağa başlayacaq.