Münhen Təhlükəsizlik konfransında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan debat xarici ölkələrin, o cümlədən Rusiyanın da KİV-lərində müzakirə olunur.
İşğalçı Ermənistanın hərbi müttəfiqi Rusiyanın politoloqlarının fikri, çıxardıqları nəticələr və proqnozlar bizim üçün də maraq kəsb edir. Bu baxımdan siyasi təhlilçi Vyaçeslav Mixaylovun fikirləri bütövlükdə Rusiyanın indiki siyasəti ilə üst-üstə düşür. Məqalədəki fikirlərin bəziləri heç də Azərbaycanın maraqlarına uyğun gəlməsə də, reallıqlardan xəbər verir və düşmənin arxasında dayanan qüvvənin mövqeyini bilməkdə fayda var.
Siam.az Moderator.az-a istinadən məqaləni kiçik ixtisarla təqdim edir:
“Müharibədən qaçmaq olmaz, onu yalnız gecikdirmək olar - düşməninizin xeyrinə. İtalyan mütəfəkkiri Nikkolo Makiavellinin bu tezisi təəssüf ki, Qarabağ münaqişəsinin həlli ətrafında mövcud reallıqlara aiddir. Azərbaycan və Ermənistan siyasi kompromisə çatmaq üçün heç bir ciddi ümid olmadan, danışıqlar naminə danışıqlar aparırlar. Tərəflər uzun müddətdir ki, münaqişə bölgəsində münasibətlərin danışıqlar masasında deyil, yeni geniş miqyaslı hərbi yolla aydınlaşdırılması üçün açıq hazırlıqlar aparırlar.
Müharibənin düşmənin xeyrinə təxirə salınması Bakıda və İrəvanda fərqli başa düşülür. Ermənistan paytaxtında geniş yayılmış belə bir fikir formalaşıb ki, Azərbaycan ordusu silah gücünü artırır, zərbə sistemləri arsenalını uzaq və yüksək dəqiqliklə vuran silahlarla daha da çoxaldır, rəqib üçün ən gözlənilməz bir vaxtda ildırımsürətli əməliyyat keçirməyi planlaşdırır. Eyni zamanda bildirilir ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan Silahlı Qüvvələri Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində gözlənilmədən hücum etmə qabiliyyətini itirib. Belə bir faktın konstatasiya edilməsinin əsasında, tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) perimetri boyunca erməni qoşunlarının bütün müdafiə xəttinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi və cəbhə bölgəsində düşmən fəaliyyətinin dərin kəşfiyyat vasitələrinin yerləşdirilməsi barədə arqumentlər dayanır.
Bakıda da belə bir fikir yaranıb ki, müharibənin təxirə salınmasında erməni tərəfinin faydası kompleks hərbi-siyasi xarakter daşıyır. Bir tərəfdən, dördgünlük müharibədən sonra dörd il ərzində Yerevan zərbə yumruğunu (“İsgəndər-E” operativ- taktiki raket sistemləri, “Smerç” yaylım atəşli reaktiv sistemləri və Su-30SM çoxhədəfli qırıcılar) xeyli dərəcədə möhkəmləndirə bilib. Digər tərəfdən, Cənubi Qafqazda və ona bitişik bölgələrdə mövcud vəziyyət nəzərə alınmaqla Rusiyanın KTMT müttəfiqinə dəstəyi artır. Belə ki, Azərbaycan getdikcə Yaxın Şərqdə Rusiya ilə "yumşaq" qarşıdurmasının hər dönəmində ənənəvi olaraq Qarabağa diqqəti artıran Türkiyənin köməyinə arxalanır.
Məlumdur ki, hələ 90-cı illərdə Azərbaycanla Türkiyə arasında Bakının Qarabağdakı hər hansı genişmiqyaslı döyüş fəaliyyətindən türk müttəfiqinin xəbərdar olması barədə razılıq əldə edilib. Sonradan, bu razılaşma, Azərbaycanın Qarabağda "ərazi bütövlüyünü bərpa etmək" qərarı aldığı təqdirdə ortaq planların hazırlanmasına qədər bir sıra dəqiqləşdirici razılaşmalarla genişləndirilib.
Rusiyanın Cənubi Qafqazda yeganə hərbi müttəfiqi Ermənistandır və şərtlər tələb edir ki, ona uyğun dəstək verilsin. Amma, Azərbaycan da var və Rusiya heç bir şərtlə bu dövlətlə ikitərəfli münasibətləri dağıtmağa hazırlaşmır. Qarabağ münaqişəsi bölgəsində hər hansı geniş miqyaslı qarşıdurmada Rusiya həssas situasiyaya düşəcək və burda hansısa tərəfi tutma seçimi arzuolunmaz nəticələrə gətirib çıxaracaq.
Bu ərəfədə, 15 fevral günü Azərbaycan Prezidenti İlham Əliyev Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransının "meydanında" müzakirə zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhinə çıxaraq söhbəti tanış tezislə yekunlaşdırdı. Böyük Zaqafqaziya respublikası rəhbərinin fikrincə, ermənilər öz müqəddəratını təyinetmə hüquqlarını həyata keçirmək üçün Azərbaycanda deyil, dünyanın siyasi xəritəsində fərqli bir yer axtarmalıdırlar. Bundan əlavə, Azərbaycan lideri mərhələli sülh prosesinin "alternativsizliyinə" işarə edərək, İrəvanın irəli sürdüyü birdəfəlik nizamlama paketi modelini bir daha açıq şəkildə rədd etdi. Bakı DQR-nın gələcək siyasi statusu məsələsinə qərar vermədən dərhal və indi bir şey əldə etmək istəyir
Bakıda yüksək siyasi rəhbərlik tərəfindən dəfələrlə səsləndirilən bu ifadələr müasir makiavellizmə uyğundur. Danışıqlar üçün boş yer qoymurlar, münaqişənin həllini diplomatik müstəvidən münaqişənin yalnız hərbi "həll" sahəsinə çəkirlər.
Bakıda hərbi ssenariyə üstünlük verilsə, Qarabağa hücum qərarı yaxın aylarda, bəlkə də həftələrdə verilə bilər. Bunun üçün bu yazdan gələn ilin yayına qədər olan dövr uyğun gəlir. Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi və onların nəticələrinə əsasən, İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası respublikanın qanunverici orqanında əksər yerləri saxladı. Ancaq bəzi seçki məntəqələrində təkrar seçkilər keçirilməlidir ki, bu da daha çox vaxt aparacaq. Bundan əlavə, Bakıda planlaşdırılan “hakimiyyət tranziti” nəzərə alınmaqla, Azərbaycan siyasi elitasının gələcək quruculuğuna daha çox müəyyənlik gətirmək tələb olunacaq. İyunun 12-dən sonra Avropa Futbol Çempionatının startı veriləcək. Dörd matçda Bakı ev sahibliyi edəcək və beləliklə Azərbaycanın "fürsət pəncərəsi" bağlanır və artıq növbəti payıza keçir.
2020-ci ilin baharı, Azərbaycanda hakimiyyətin gələcəyini aydınlaşdırmaq üçün mühüm mərhələ kimi görünür. Bu dövr Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan arasındakı qarşıdurma üçün daha da məsuliyyətli ola bilər. Martın 31-də eyni vaxtda DQR-də prezident və parlament seçkiləri keçiriləcək. Qarabağ hakimiyyətinin, Azərbaycan paytaxtında adlandırdığı kimi, "işğalçı rejim" in qarşısını almaq, Bakı üçün cəlbedici bir fikirdir. Belə maneə üçün hərbi vasitələrin seçilməsi "bütün Azərbaycanda konstitusiya quruluşunun bərpası" adı altında həyata keçirilə bilər".