
Susmuşdular. Dinib danışmırdılar. Balaca bir yazıma görə qarğa-quzğun kimi üstümə tökülüşdülər. Arifoğlunun tabeliyindəki trol dəstəsi onun şəxsi orfoqrafik lüğətindəki ən idbar sözlərlə silahlanaraq, üzərimə gözlənilməz hücuma keçdi.
Əslində, bu şəxsin mübarizə düsturunda əxlaq tərzini aramağın özü bir yanlışdır. Hədəf götürdüyü adamın özü ilə qurtarmır, ailəsi qarışıq bütün nəsli-nəcabətini ən aşağılayıcı təhqirlərin nişangahına alır. O, doğrudan bir xaindir, doğrudan cəmiyyət üçün bir təhlükədir.
Görün nə oldu? Dediklərim qaldı bir kənarda, böhtan və şər acları məni sifariş qulu qismində qələmə verdılər və aparıb bağladılar İqbal Ağazadəyə. Yeganə şəxsdir ki, bir dəfə belə onunla rastlaşıb salamlaşmamışıq. Nəyi qoyub, nəyi axtarır bu Arifoğlu! Başını lap itirib. Təki axırı bir aydınlıq olsun. Amma çox müəmmalıdır.
Bəzi boşboğaz, gəvəzə xasiyyətlərini qırağa qoysaq, mən onu ağlı-kamalı turşumayan biri kimi tanıyırdım. Nə oldusa, başı pozuldu. Sevinmirəm, əksinə halına acıyıram. Adam özünə arxa tapanda həddini aşmaz ki! Bunda əksinə oldu. Gözü çənəsinin altını artıq görmürdü. Sanki Ramanadan təzə buraxmışdılar. Yaxşı ki, dostluğumuz alınmadı. Yoxsa başıma bəlalar gətirib, məni də Ramanaya yola salardı.
Bütün "səngər savaşlarına" uyğun sifət rəngini dəyişən bu iblisin palçıqdan "hörülmüş" beyin divarlarını istənilən anda yaşıl əsginazın bir zərbəsi ilə darmadağın etmək mümkünmüş. Dəfələrlə sınaqdan çıxarılıb və "uğurlu" nəticə göz önündədir. Arifoğlunun zəif və kövrək nöqtəsi yeni məntəqədəki təzə dostlara Əli Həsənovdan daha yaxından məlumdur. Özündən xəbərsiz üzərində mütamadi yoxlama testləri aparılıb. Bir dəfə də olsun yaxşı çıxmayıb. Ona görə də boğazındakı “ipi” heç vaxt boş buraxmazlar. Götürdüyü geniş öhdəliklərin xətir-hörməti üçün hələki göylərdə uçur. Amma belə tez bir zamanda aşağı salınacağına inanmazdım. Buna da Heydər Əliyevin oğlu İlham Əliyev deyərlər...
Eldar SABİROĞLU