Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 28-30-da Cenevrədə keçirilmiş görüşü 10 saata yaxın davam etsə də, danışıqlar tərəfləri qane edəcək müsbət razılaşma ilə nəticələnməyib.
Buna baxmayaraq, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan vasitəçilərin iştirakı ilə hansısa müzakirələri aparıb. Görüşdən bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın “Erməni xalqı və Dağlıq Qarabağda “prezidentliyə namizədlər” dəstək versə, “Madrid prinsipləri”ni masaya çıxararam” deməsi, qeyd edilən təkliflər paketinin Cenevrə danışıqlarının əsas predmeti olduğunu istisna edir.
Rəsmi İrəvan faktiki olaraq, “Madrid prinsipləri”ndən imtina edib və hətta, nəinki Dağlıq Qarabağaın, hətta işğal etdiyi ətraf rayonları belə, qaytarmaq barədə düşünmədiyini açıq bəyan edir. Bu halda xarici işlər nazirləri üç gün ərzində nə barədə danışıb? Konkret təkliflər və ya həll modeli olmayan yerdə görüşün müddəti bu qədər uzun çəkə bilməz. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, xarici işlər nazirləri 2019-cu ildə müzakirə olunmuş razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımları müzakirə edib. Bundan başqa, gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər, həmçinin nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələləri diqqət mərkəzində olub . Ermənistan “Madrid prinsipləri”ni qəbul etmədiyi halda, söhbət gələcək sülhü təşkil edən hansı prinsiplər və elementlərdən, yaxud onların icrasından gedir? Əgər danışıqlar masasında konkret təkliflər yoxdursa, o zaman həmsədrlərin bəyanatı yalnız siyasi imitasiya xarakteri daşıya bilər. Əks təqdirdə, Ermənistanın son məqamda danışıqları “Madrid prinsipləri” əsasında davam etdirməyə razılaşdığı barədə qənaətə gəlmək olar. Bu baxımdan, britaniyalı ekspert Lourens Broersin açıqlaması diqqəti cəlb edir. Daha doğrusu, Britaniyanın “Conciliation Resources” təşkilatının Cənubi Qafqaz proqramının direktoru Lourens Broers Ermənistan mətbuatına verdiyi müsahibədə Azərbaycan və Ermənistan arasında gedən danışıqların gedişi ilə bağlı sensasion açıqlama verib. Britaniyalı mütəxəssis “Madrid prinsipləri”nin yeni variantının hazırlandığını deyib.
“Düşünürəm ki, hazırda tərəflər münaqişənin iki tərəfini müzakirə edirlər. Birincisi, etimad tədbirlərinin gücləndirilməsi, ön cəbhədə gərginliyin azaldılması, başqa sözlə, münaqişələrin effektiv idarə olunması problemidir. Yəni münaqişə şəraitində necə yaşamaq və daha az atəş açmaq. Digər tərəfdən, tənzimlənmə prosesinin özü də müzakirə olunur. Yerevan və Bakı nizamlanma prinsiplərini, gələcək müqavilənin çərçivəsini və kompromis tapmaq yollarını müzakirə edirlər. Bu paralel prosesdir. Substansiv danışıqların gündəliyində tərəflərin həm Vyanada, Sankt-Peterburqda və Cenevrədə müzakirə etdiyi etimadın gücləndirməsi tədbirləri var”.
Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın Cenevrə görüşünün nəticələrini təhlil edən L.Broers bildirib ki, danışıqların intensivliyi və substansiv gedişi Serj Sarkisyanın prezidentliyi dövründə verilən açıqlamalardan çox fərqlənir.
“Digər tərəfdən Cenevrə danışıqlarından sonra verilən açıqlama sülh prosesindəki ciddilik məqamının səviyyəsini göstərir. Tərəflər xalqları sülhə hazırlamaq barədə razılığa gəlsələr də, artıq bir ildir ki, bu istiqamətdə xüsusi səy görmədik. İstisna hal bütün cəbhə xətti boyunca gərginliyin azalmasıdır. Münaqişənin sülh yolu ilə həllinə dair mövcud fikirlərin tənqidini də görürük. Amma yeniləri hələ təklif olunmur. Bəyanatda gələcək sülh nizamlanmasının elementləri və prinsipləri haqqında danışması sevindirici haldır. Ancaq onlar tərəflərin əvvəllər razılaşdırdığı bütün humanitar tədbirlər ardıcıl olaraq həyata keçirildiyi təqdirdə vacib olacaq. “Münaqişə tərəflərinin hazırda konkret sənədi müzakirə etmədikləri barədə verdiyi açıqlamalar nə dərəcədə doğrudur” sualına L.Broers belə cavab verib:
“Hesab edirəm ki, tərəflər “Madrid prinsipləri”nin son variantını müzakirə edir. Son illər bununla bağlı bir çox fikir ayrılıqları olub. Bu sənədin tam olaraq nəyi ehtiva etdiyni söyləmək çətindir. Məlumat çox azdır”. Britaniyalı ekspert Dağlıq Qarabağ probleminin həllinə yanaşmada populist mövqe nümayiş etdirdiynə görə Ermənistanın baş nazirini tənqid edib: “Münaqişənin həlli üçün populizm deyil, praqmatizm lazımdır. Düşünmürəm ki, populist hakimiyyət mürəkkəb münaqişələri böyük emosional atışla həll etməyə kömək edə bilər. Populistlər ictimai rəydən çox asılıdırlar, daim ona diqqət edirlər. Digər tərəfdən, populizm müəyyən bir səviyyədə lazım ola bilər. Çünki çox şey hakimiyyətin mandatından asılıdır. Onlar legitim olmalıdırlar ki, bu da münaqişələrin həllində vacibdir. Ancaq həddindən artıq populizm mane olur.
Lourens Broersin açıqlamasını şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, “Madrid prinsipləri”nin son variantı dedikdə, çox güman ki, Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonların qaytarılması məsələsi nəzərdə tutulur:
“Azərbaycan da “Madrid prinsipləri”nin bütün müddəalarını qəbul etmir. Ona görə də Azərbaycan “Madrid sənədi”nin yenilənmiş variantını hazırlayıb və münaqişənin onun əsasında nizamlanmasını təklif edir. Bu gün gündəmdə duran əsas məsələ Dağlıq Qarabağın hüdudlarından kənarda işğal olunmuş yeddi rayonun qaytarılmasıdır. Bu səbəbdən də başqa bir məsələnin gündəlikdə olduğunu söyləmək çətindir. Lakin Ermənistan ətraf rayonların mərhələli şəkildə qaytarılması Dağlıq Qarabağa keçici statusun verilməsini təklif edir. Azərbaycan isə buna qətiyyən razı ola bilməz. Çünki aralıq status Dağlıq Qarabağı müstəqilliyə aparan yoludur. Ermənilər əvvəl beş rayonun, Böyük sülh sazişi “imzalanda” isə Kəlbəcər və Laçın rayonlarının qaytarılması şərtini irəli sürür. Amma ermənilər Laçın rayonunun Qayğı qəsəbəsini qaytarmaq istəmirlər. Çünki Laçın dəhlizi yolu Qayğı qəsəbəsindən keçir”.
Qabil Hüseynlinin sözlərinə görə, “Madrid prinsipləri”ndə əksini tapan bölgəyə sülhməramlıların gətirilməsi və Dağlıq Qarabağın yekun statusunun referendum yolu ilə müəyyənləşməsi təklifləri Azərbaycanın milli maraqlarına cavab vermir.//Cebhe.info//