15 yaşım olanda gözümün qabağında məndən iki yaş balaca uşaq göldə batıb deyə dərin sudan qorxum var.
O hadisəni bugünkü gün kimi xatırlayıram. Olay kəndimizin cənubundan keçən Quruçayda baş verdi. Çayın suyu az olduğundan, axar suyun bir qırağında üzümlüklərə motorla su vurmaq üçün süni göl düzəltmişdilər. Gölün dərinliyi 2-3, eni-uzunu 15-20 metr olardı, müasir hovuzlar kimi bir şey idi. Üzə bilən uşaqlar qorxmurdular, suya kəllə vururdular. Həmin gün bizdən iki sinif aşağıda oxuyan kəndçimiz Seyran az qala o göldə boğulacaqdı. Uşaq artıq çabalaya-çabalaya suyun dibinə getmişdi, məndən 1 sinif yuxarıda oxuyan Zahid bir göz qırpımında suya atılıb onu çıxardı. Zahid suda balıq kimi üzürdü.
Sonra Zahid paltarını geyinib getdi. Seyran da suda boğulmağın şokundan çıxdı, aralandı. Qonşu kənddən gölün qırağına bir lafet uşaq gəldi. 13-15 yaş arasında 8-9 yeniyetməydi. Soyundular, çığırışa-çığırışa gölə atıldılar, o tərəfə-bu tərəfə üzdülər. Onlardan yalnız biri gölün qırağında oturdu, nəinki suya girmədi, heç paltarını da soyunmadı. Ancaq onunla gələn uşaqlar üzməkdən doyub gölünə qırağına çıxaraq özlərini günə verəndə, birdən-birə həmin uşaq paltarını soyundu və gölə kəllə vurdu. O, bir dəfə suyun üzünə çıxdı, bir-iki metr əl-qol atdı, sonra boğulmağa başladı, başı suda görünməz oldu. Onunla gələn uşaqlar təlaş içində suya atıldılar, amma heç nə edə bilmədilər.
Saat 4-5 aralığı idi. Bir nəfər “Jiquli” markalı avtomobilə oturub kəndə xəbər apardı. Kənddən haya tökülüşüb gəldilər. O, balaca göldə batan uşağı xeyli axtardılar, axırda tapdılar. Uşaq gölün dibindəki lilə saplanıbmış. Heç demə, o, üzə bilmirmiş. Suya da ona görə girməyib. Amma dostlarının kef elədiyini, çimməkdən, üzməkdən ləzzət aldığını görüncə birdən-birə həvəsə gəlib.
Ertəsi gün Seyranın hadisəsi də artıq hər kəsə məlum idi. Bir çoxları söhbəti mistikaya bağlamışdı, deyirdilər, elə bil, göl həmin gün mütləq 13 yaşlı bir oğlan udmalıymış, Seyran qurtulub, o biri batıb.
Amma bu, havayı söhbət idi. Üzə bilməyən oğlan suya atılmasaydı, beş addım o biri tərəfdə çayın qabağı kəsilib şişirdilmiş, suyu dizdən bir az yuxarı çıxan yerində çimsəydi, heç nə olmayacaqdı. O, sadəcə, öz fobiyasına sona qədər sadiq qalmalıydı, üzə bilmirsə, bunu bilirsə, dərin suya girməməliydi.
O hadisə bizə dərs oldu. Biz bir daha heç vaxt dərin suya baş vurmadıq. Şəxsən özüm hətta üzməyi öyrəndikdən sonra da dərin suya girə bilmirəm. Başqaları suyun üzərində uzana da bilirlər, mən bacarmıram. Ona görə də hərdən dostlara zarafatla deyirəm ki, yüz il dənizdə çimərəm, amma bir dəfə də boğulmaram, ona görə ki, heç vaxt sinəmdən yuxarı qalxan suya girmirəm.
Üzən adam başqadır. İndiki Şabranda təyinat yerində işləyən zaman bir briqadir tanışımız vardı, həm də balıqçıydı. Bir dəfə ondan soruşdum ki, dənizdə neçə yüz metr üzə bilirsən. Onun cavabı belə oldu: “Metrini deyə bilmərəm, amma 5-6 saat üzə bilirəm”. O bunu ona görə əminliklə deyirdi ki, bir dəfə balıq tutduqları zaman qayıq devrilib, batıb, o və bir dostu o qədər üzərək sahilə çıxa biliblər.
Çoxlarının tanıdığı jurnalist Çingiz Sultansoy o cür üzə bilən adamdır. Vaxtilə o, Novxanı çimərliyində xilasedici işləyəndə rastlaşdıq, soruşdum, dedi ki, buradan Sumqayıta qədər üzə bilərəm – asta-asta, dincələ-dincələ.
Bu il dəniz-çimərlik kefi üçün hava əlverişsiz olsa da, dənizdə batanların çoxluğu göstərir ki, biz hələ də dərin suyun təhlükəsini düzgün qavramırıq. Sanki dənizin dibində də adda-budda dərin və dayaz yerlər əmələ gəlib. İnsanlar onları batırmayacaq dayazlıqda olduqlarını zənn edərkən qəfildən dərinliyə düşürlər və gec olur, çabalayıb çıxa bilmirlər.
Dənizdə batan dörd kürdəxanılı gəncin faciəsininin şokundan çıxmamış Nardaranda batan dörd uşağın faciəsi ürək parçalayan türdəndir. Hər şey bir göz qırpımında oldu, getdi.
Burada Xəzərin günahı yoxdur, o, ağzını açıb insan qurbanı tələb edən əjdaha-filan deyil, sadəcə, nəhəng bir çalaya dolmuş duzlu su yığıntısıdır. Üzə bilməyən, naşı adamlar, uşaqlar onun dərinliklərinə girməsələr, o “əjdaha” sahilə yeriyib kimisə aparan deyil.
Hər zaman ehtiyatlı olmaq lazımdır. Hətta yaxşı üzgüçü olsan da, dərinlikdən qorxmaq gərəkdir. Necə ki, yanğınsöndürmə texnikasını yaxşı bilən yanğınsöndürənlər də hərdən yanğın zamanı zərər çəkə bilirlər, eləcə də bu məsələdə həyat üçün tam təminat yoxdur.