Bərdədə ətə kim nəzarət edir? - AQTA - nın Qarabağ regional bölməsi ilə bağlı ciddi suallar

Bərdədə ətə kim nəzarət edir? -
Qoşqar Təhməzlinin rəhbərlik etdiyi AQTA - nın Qarabağ regional bölməsində Bərdə ilə bağlı suallar artır
Bərdədə heyvan kəsimi və ət məhsullarının təhlükəsizliyi ilə bağlı sahibkarların səsləndirdiyi iddialar ciddi araşdırma tələb edir.
Redaksiyamıza müraciət edən bir qrup sahibkarın məlumatları əsasında AQTA - nın Qarabağ regional bölməsinin fəaliyyəti ilə bağlı bir sıra suallar yaranıb.
İddialara görə, heyvanların xüsusi kəsim məntəqələrində kəsilməsi tələb olunduğu halda, Bərdədə bəzi qəssablar heyvanları hələ də öz obyektlərinin qarşısında kəsirlər.
Sahibkarların sözlərinə görə, rayonda gün ərzində təxminən 200 heyvan kəsildiyi halda, rəsmi kəsim məntəqəsində bəzən 10 heyvan belə kəsilmir.
Əgər bu rəqəmlər doğrudursa, sual sadədir:
Qalan heyvanlar harada və hansı baytarlıq nəzarəti altında kəsilir?
“Güzəşt” kimə və niyə edilir?
Qəssabların kəsim qaydalarını pozmasına kim və niyə göz yumur?
Əgər AQTA-nın regional bölməsi bu prosesə nəzarət etməlidirsə, obyektlərin qarşısında heyvan kəsilməsinə necə imkan yaranır?
Sahibkarlar arasında belə bir iddia da səslənir ki, müəyyən şəxslərin göz yumması nəticəsində bu vəziyyət davam edir.
Bu iddia əsassızdırsa, AQTA son aylarda Bərdədə kəsim məntəqələrindən kənarda heyvan kəsiminə görə neçə inzibati tədbir görüldüyünü və neçə protokol tərtib edildiyini açıqlaya bilər.
Ətin üzərinə vurulan möhürdə hansı maddədən istifadə olunur?
Daha bir ciddi məsələ kəsilən heyvanların üzərinə vurulan möhürlə bağlıdır.
Sahibkarların iddiasına görə, möhürdə istifadə olunan maddənin izi uzun müddət qalır və hətta ət yüksək temperaturda bişirildikdən sonra belə tam yox olmur.
Əgər bu iddia doğrudursa, artıq söhbət yalnız inzibati prosedurdan deyil, qida təhlükəsizliyindən və istehlakçıların sağlamlığından gedir.
AQTA açıqlamalıdır:
- Möhürdə hansı maddədən istifadə olunur?
- Həmin maddənin tərkibi nədir?
- Qida məhsulu ilə təmas baxımından təhlükəsizliyi necə müəyyən edilib?
- Bu maddənin istifadəsi hansı normativ sənədlə tənzimlənir?
Heyvanın identifikasiyası nə vaxt aparılmalıdır?
Digər diqqətçəkən iddia isə heyvanların identifikasiyası ilə bağlıdır.
Sahibkarların sözlərinə görə, bəzi heyvanlara identifikasiya nişanı məhz kəsimdən əvvəl, kəsim məntəqəsində vurulur.
Bu prosedurun mövcud baytarlıq və identifikasiya qaydalarına uyğun olub-olmaması da AQTA tərəfindən aydınlaşdırılmalıdır.
Çünki söhbət formal prosedurdan yox, heyvanların uçotu, xəstəliklərə nəzarət və nəticə etibarilə istehlakçıların təhlükəsizliyindən gedir.
Forma-1 arayışları ilə bağlı daha ciddi iddia
Redaksiyamıza daxil olan digər məlumat isə daha ciddi araşdırma tələb edir.
İddia olunur ki, AQTA-nın bəzi əməkdaşları Bərdənin mal bazarına daxil olan heyvanların sağlamlığını lazımi qaydada yoxlamadan, müəyyən ödəniş müqabilində Forma-1 baytarlıq arayışları rəsmiləşdirirlər.
Əgər belə bir hal həqiqətən baş verirsə, bu, artıq yalnız nəzarət mexanizminin zəifliyi deyil, baytarlıq nəzarəti və heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması baxımından son dərəcə ciddi məsələdir.
Bu iddianın AQTA tərəfindən araşdırılmasına və nəticəsinin ictimaiyyətə açıqlanmasına ehtiyac var.
AQTA-dan cavab gözləyirik
Biz Vüqar Zeynalov haqqında ittiham irəli sürmürük. Sahibkarların səsləndirdiyi iddiaları ictimailəşdirir və aidiyyəti qurumdan rəsmi açıqlama istəyirik.
AQTA-nın Qarabağ regional bölməsi aşağıdakı suallara aydınlıq gətirməlidir:
1. Bərdədə gün ərzində orta hesabla neçə heyvan kəsilir?
2. Onların neçəsi rəsmi kəsim məntəqələrində kəsilir?
3. Son aylarda obyektlərin qarşısında heyvan kəsiminə görə neçə inzibati tədbir görülüb?
4. Ətin üzərinə vurulan möhürdə hansı maddədən istifadə olunur?
5. Həmin maddənin insan sağlamlığı üçün təhlükəsizliyi necə təsdiqlənib?
6. Heyvanlara identifikasiya nişanı hansı mərhələdə vurulmalıdır?
7. Forma-1 arayışının verilməsi zamanı heyvanın sağlamlığı necə yoxlanılır?
8. Bərdədə bu proseslərə konkret olaraq kim və necə nəzarət edir?
9. Son dövrdə Bərdədə baytarlıq və qida təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı neçə yoxlama və inzibati tədbir həyata keçirilib?
Əgər sahibkarların səsləndirdiyi iddialar həqiqətə uyğun deyilsə, AQTA-nın bunu rəqəmlər, yoxlama nəticələri və rəsmi sənədlərlə ortaya qoyması daha doğru olar.
Çünki məsələ nə Vüqar Zeynalovun, nə hansısa qəssabın, nə də ayrı-ayrı sahibkarların şəxsi məsələsidir.
Məsələ Bərdəlilərin süfrəsinə gedən ətin təhlükəsizliyidir.
Və bu suala cavab verilməlidir:
Bərdədə ətə həqiqətən kim nəzarət edir?
Xəyyam Salmanzadə
Tarix: Bu gün, 08:24
Xəbəri paylaş





Xəbər lenti