Saatlı üçün turist namizəd

Saatlı üçün turist namizəd

Azərbaycanda keçiriləcək 9 fevral parlament seçkiləri bir sıra iddialı namizədlərin iddialarının reallıqdan nə qədər uzaq olduğunu, bəzi hallarda isə eyforik addımlar atıldığını göstərdi.

Bunlardan biri də 62 saylı Saatlı seçki dairəsindən öz namizədliyini irəli sürən Azərbaycan Turizm Asossasiyasının İdarə Heyətinin sədri Nahid Bağırovdur. Namizədin iddiası ilə bağlı seçiminin yanlış olduğunu seçki texnologiyalarından uzaq  sadə Saatlı sakini də deyir. Seçki mütəxəssisi olmayan şəxs əslində ciddi bir çatışmazlığa diqqəti yönəldib.

Məsələ ondadır ki, namizədlərin bir çoxu iddia etdikləri seçki dairəsi ilə heç bir əlaqəsi olmadığı, heç bir resursa malik olmadığını bilə - bilə özləri üçün elə seçki dairəsi seçirlər ki, sıfırdan başladıqlarının fərqində deyillər. Hansı ki, prosesin başlanğıcında az-çox seçki prosesi ilə məşğul olan mütəxəssisdən konsultasiya alsaydılar, seçimlərinin nə qədər yanlış olduğunu anlaya bilərdilər. Axı seçki prosesinin həlledici qüvvəsi seçicilərdir. Onların problemlərini bilmək, vəziyyətdən optimal çıxış yollarını təklif etmək gərəkdir. Seçicinin fikrinin ərazi ilə heç bir əlaqəsi olmayan bir namizədin xeyrinə yönəldilməsi təkcə 20 gün ərzində aparılacaq kampaniya həll edə bilməz. Bu, uzun bir prosesdir və durumu həvəskar namizədlərə kimsə izah etməlidir.

Qayıdaq Nahid Bağırovun namizədliyinə. Bağırov 10 ildən artıqdır ki, Azərbaycanda turizm sahəsində aparıcı təşkilatlardan birinə rəhbərlik edir. Bu sahədə əldə etdiyi uğurların nəticələrindən uzun-uzadı danışmaq mümkündür. Təkcə Azərbaycanda otellərin qiymətləri, ölkəyə turist kimi gəlməyin nə qədər bahalı olması, bu bahalılıq üzündən də bir dəfə gələn turistin ikinci dəfə belə bir səhvə yol vermədiyini şahidi oluruq. Bu sahəyə qoyulan xərcin gəliri qat-qat üstələdiyini də söyləsək “uğur” sonsuzdur.

Amma məsələnin başqa bir tərəfi var. Ən böyük uğurlarını turizm sahəsində əldə edən Nahid Bağırovu Saatlı ilə nə bağlayır? “Biz bu vaxta kimi Saatlının turistik bölgə olduğunu niyə bilməmişik?” deyə rayon sakini sual edir. Haqlıdır və doğrudan da cənab Bağırov bu vaxta qədər Saatlıya nə qədər turist gətirə bilib? Bəlkə bu rayonun turizm xəritəsinə əlavə etmək kimi bir planı var? Niyə Qəbələ, Qusar, Şəki yox, Saatlı? 

Özü bu suala ümumi cavab verir:  “Azərbaycanın heç bir şəhərinə, kənd və qəsəbəsinə fərq qoymuram.

Fəaliyyət sferamla bağlı dünyanın çox yerində olmuşam, o cümlədən, milyonlarla insanların görmək istədikləri şəhərlərdə. Tam əminliklə və səmimiyyətimlə deyirəm: onların böyük əksəriyyəti gözəlliyinə, təmizliyinə, infrastrukturuna görə Bakıya çata bilməzlər. Ancaq bir reallıq da var ki, Azərbaycan tək Bakıdan ibarət deyil”. 

Cavab sizə inandırıcı gəldimi? Ümumiyyətlə, burada cavab gördünüzmü? Bu seçimini izah edən fikir tapa bildinizmi? Bu izah hansı saatlılının ürəyini titrətdi? Onun fikrini dəyişdi? “Mənim namizədim elə məhz Nahid Bağırovdur” əminliyi yaratdı? 

Axı insanların diqqətini cəlb etmək üçün namizəd öz arzularından deyil, onu seçəcək potensial insanların arzu və istəklərindən də danışmalıdır. Onların arzu və istəklərindən danışmaq üçün seçicilərini tanımalıdır. Bağırov 62 saylı dairədə neçə seçicini şəxsən tanıyır? Şəxsən tanımasa belə, fəaliyyət göstərdiyi sahə üzrə bu zonaya hansısa fayda verə bilbmi? İnsan münasibətlərində ən vacib qaydalardan biri öncə qarşındakına fayda verməkdir. Həm elmi, həm də tanrısal qaydalara görə vermədən ala bilməzsən. Cənab Bağırov turizm sahəsində fəaliyyət göstərdiyi müddəndə bu zonaya bir nəfər olsa belə turist aparıbmı? Yoxsa, ilk turist özüdür?..

Tarix: 18-01-2020, 20:55
Xəbəri paylaş





Xəbər lenti