Tramp kimi harada istədi öldürə bilərmi?
Politoloq: “Amerikalılar sonranı düşünmürlər”
Yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, general Qasım Süleymani öldürüldü. Bu hadisə həm Azərbaycanda, həm də dünyada ciddi müzakirələrə yol açdı. Doğrudan da dünyanın super gücü sayılan ABŞ kimi, harada istədi öldürə bilərmi? “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, İranın ətrafı Amerikanın hərbi bazaları ilə doludur: “Amerikanın yüzlərlə hərbi bazası var. Heç bir dövlətin bu qədər hərbi bazası mövcud deyil. Bundan əlavə, Amerikanın iqtisadiyyatı, bank sistemi çox güclüdür. Amerika özünü supergüc dövlət hesab edir və bəyan edir ki, yanlış bildiyini özü düzəltməyə hazırdır. Bu zaman isə heç BMT ilə də hesablaşmaya bilər. Çünki bir çox əməliyyatları BMT-də səsverməyə çıxarmadan həyata keçirib. Ona görə belə edib ki, Rusiya və Çinin orada veto hüquqlarından istifadə edəcəklərini anlayıb. Bu baxımdan, əməliyyatlarda öz güclü hüququndan istifadə edir. Ədalətin haqqın deyil, güclünün yanında olduğunu əsas tutaraq bu cür qərarlar verir. Qasim Süleymanini terrorçu hesab edərək qətlə yetirdi. Verilən qərarlar özlərinin düşüncələrinə görə düzgün qərar sayılır. Bəzən dünya bu qərarları yanlış sayır. Hətta Amerikanın özündə də bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Düşünürəm ki, bu gün Amerikada prezident Tramp deyil Hillari Klinton və ya Barak Obama olsaydı, onlar böyük ehtimalla Qasim Süleymaninin öldürülməsi qərarına imza atmayacaqdılar. Yəni burada şəxslərdən də çox şey asılıdır. Pentaqon planları hazırlayır, lakin qərarı verən ABŞ prezidentidir. O da əlindəki böyük səlahiyyətlərdən istifadə edərək müharibələr elan edə bilir, kimisə neytrallaşdırmağa qərar verir. Bu mənada dünyadakı sistem elədir ki, güclü olan özünü haqlı sayır. Hazırda güclü Amerikadır”.
ABŞ-ın bu qədər gücünün olduğu halda terror qruplaşmalarını uzun müddət sonra məhv etməsi məsələsi də sual doğurur. ABŞ nə üçün terrorçu qruplaşmaları qısa zaman kəsiyində məhv edə bilmir?Elxan Şahinoğlu hesab edir ki, ABŞ-ın terrorçuları qorumasını söyləmək doğru sayılmaz: “Demək olmaz ki, ABŞ terrorçulara qarşı mübarizə aparmır. Bağdadini, bin Ladeni amerikanlar öldürdülər. İŞİD və ”Əl-Qaidə" ilə də ABŞ mübarizə apardı. Sadəcə olaraq, burada başqa məqamlar var. Amerikanlar mübarizəni o zaman şiddətləndirirlər ki, terrorun bir qolu onlara toxunur. 2001-ci ilin sentyabrında terrorçuların Amerikaya hücumu olmasaydı, bəlkə də bin Laden də sağ idi, “Əl-Qaidə” də rahat şəkildə fəaliyyət göstərirdi. Ancaq 3 min amerikalı qətlə yetiriləndən sonra Amerika Əfqanıstanda əməliyyata başladı. Aidiyyəti olmadığı halda İraqa da müdaxilə etdi. Elə müdaxilə etdi ki, İraq bu gün də özünə gələ bilmir. Səddam Hüseyni devirdilər ki, bu adam diktatordur. Ancaq diktator olsa da, ölkədə sabitlik var idi. İndi isə nə sabitlik var, nə də ərazi bütövlüyü mövcud deyil. İraq faktiki olaraq bir neçə yerə bölünüb və son günlər ölkədə xeyli sayda mitinqlər olur. İraq artıq poliqona çevrilib. Yəni amerikalıların bir xüsusiyyəti var ki, onlar bir şeyin düzgün olması ilə bağlı qərar verirlər, sonra isə bu qərarın əziyyətini özləri də çəkir, beynəlxalq aləm də. Qərarın birinci addımına nəzər salıb, sonrakını düşünmürlər. İraqda Səddamı devirdilər, ordunu buraxıb, generalların da bir çoxunu tutdular. Şiələr özlərinə hökumət seçib, bəziləri silahlı qruplaşma yaratdılar. Nəticədə Amerikanın düşməni olan İranla sıx əməkdaşlıq başladı. Amerika Səddamı devirdi və baş verənlər özünün əleyhinə işlədi. O zaman sual çıxır ki, onu niyə devirirdin? Amerikalılar elə bilirlər ki, hamı onlar kimi düşünməlidir. Bu da ondan irəli gəlir ki, faktiki, sovetlər dağılandan sonra bir qütblü dünya formalaşıb. İndi isə başqa formatlar yaranır, çox qütblü dünyaya gedilir. Ancaq çox qütblü dünyanın özü də təhlükəsiz deyil. Çünki Rusiya, Çin və başqaları təhlükəsizliyə o qədər də zəmanət verməyən dövlətlərdir. Bir qütblü dünyanın ziyanlarını görürük. Bu, dəyişsə də çox qütblü dünya da beynəlxalq aləmə təhlükəsizlik vəd etmir".
Tarix: 8-01-2020, 09:17