Yeni Azərbaycan Partiyası (YAP) 125 seçki dairəsinin 123-dən deputatlığa namizədlərini irəli sürüb. Siyahıya diqqət etdikdə və kiçik araşdırma apardıqda məlum olur ki, hakim partiyanın namizədləri içərisində məşhur simaların, hazırda deputat olan məşhurlarının əksəriyyətinin namizəd olduqları dairələrdə müxalifət partiyalarının tanınmış liderləri namizəd deyillər - təbii ki, bir neçə dairə istisna olmaqla.
Məsələn, 19 saylı Nərimanov seçki dairəsində YAP-ın namizədi deputat Hikmət Babaoğludur. Bu dairədən Müsavatın sabiq başqanı İsa Qəmbər namizəddir. 21 saylı Nəsimi seçki dairəsindən hakim partiyanın namizədi deputat Məlahət İbrahimqızıdır. YAP-ın deputatının müxalifətdən olan rəqibi AĞ Partiyanın sədri Tural Abbaslıdır. 9 saylı Binəqədi seçki dairəsindən YAP-ın namizədi deputat Kəmaləddin Qafarov budəfəki seçkidə də Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə mübarizə aparacaq.
15 saylı Yasamal birinci seçki dairəsində isə YAP-ın namizədi Nağıyev Rauf Nəriman oğlu üç tanınmış müxalifətçiyə qarşı mübarizə aparmalı olacaq. Bunlar Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu və AMİP katibi Elşən Mustafayevdir.
8 saylı Binəqədi birinci seçki dairəsində YAP-ın namizədi Əliyarlı Kübra Məhəmməd qızının tanınmış müxalifətçi rəqibi sözügedən dairənin keçmiş deputatı, Müsavat namizədi Arzu Səmədbəylidir.
9 saylı Binəqədi seçki dairəsindən namizədliyi irəli sürülən, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçkilərdə YAP-dan olan rəqibi barədə zamanında hər şey söylənəcək: “Ötən seçkini udmağıma baxmayaraq məni ikinci yerdə saxladılar, qələbəmi tanımadılar. Normal, demokratik seçkilərdə rəqibim YAP-çı Kəmaləddin Qafarovun uğur qazanması üçün heç bir şansı yoxdur. 4 il parlamentdə səsi çıxmayan, dairədə heç kimin işinə yaramayan və tanınmayan adamın deputat olması üçün yalnız və yalnız seçki saxtalaşdırılmalıdır”.
AĞ Partiyanın namizədi Tural Abbaslı isə bildirdi ki, onun budəfəki rəqibi bundan öncəki seçkilərdə də rəqibi olmuş şəxsdir: “Məlahət xanımı özümə güclü rəqib hesab etmirəm. İqtidarın inzibati resurslarına söykənməsə, mənimlə rəqabətdə heç bir şansı yoxdur. Bu xanım artıq, səhv etmirəmsə, 4-cü dəfə parlamentdə təmsil olunmaq istəyir. Ancaq bu günə qədər onun fəaliyyətini nə ictimai-siyasi sektor, nə xalq, nə də heç seçildiyi dairənin seçiciləri müşahidə etməyib. Mən bir partiya rəhbəri və siyasətçi kimi onun parlamentdə bircə çıxışını xatırlayıram. O da orada MTRŞ-ni ittiham edirdi ki, niyə bu qurum youtube kanalı olan ”Sancaq TV-nin" lisenziyasını ləğv etmir. Bu xanım bundan öncəki 15 illik deputatlıq dövründə xalqa, millətə, seçicilərinə və nəhayət, partiyasına, düşərgəsinə nə qazandırıb ki, növbəti 5 ildə də millət vəkili olmaq istəyir? O, seçicilərlə 5 il ərzində 1 dəfə görüş keçiribmi, öz dairəsindəki seçicilərin problemini parlamentdə və ya aidiyyəti orqanlar qarşısında qaldırıbmı? Təbii ki, xeyir! Düşünürəm ki, xalqın narazılığına belə işinin öhdəsindən gələ bilməyən köhnə təfəkkürün təmsilçiləri səbəb olur. Mən buradan sizin vasitənizlə ötən seçkilərdə rəqib kimi mənimlə debatdan qaçan və demokratik yolla seçilməyən xanımı istədiyi platformada debata çağırıram. Buyursun gəlsin, ya da namizədliyini mənim xeyrimə geri çəksin".
9 saylı Binəqədi seçki dairəsindən AMİP-in namizədi Əli Orucov isə bildirdi ki, namizədliyi irəli sürülmüş bütün rəqiblərimə hörmətlə yanaşır. Hər kəsin də müəyyən potensiala malik olduğu qənaətindir: “YAP-dan namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarova da bir insan kimi sayğım var. 2015-ci il parlament seçkilərində də rəqib olmuşduq və deputat mandatı da Kəmaləddin Qafarova verildi. Deputatlığı dönəmində şəxsən mən onun yaddaqalan fəaliyyətini görə bilmədim. Dairə ərazisində tanımırlar. Öz şanslarımı bütün rəqiblərimdən daha üstün hesab edirəm. Çünki mən 30 ildən çoxdur bu dairənin ərazisində yaşayıram. Fəal insanam. Seçicilərimin problemlərinin həllində imkanlarım daxilində qatqım olub. Regional amil də istər-istəməz ciddi faktorlardan biridir. Doğulduğum bölgədən bu ərazidə yüzlərlə insan yaşayır və bir-birimizi yaxşı tanıyırıq. Xeyirdə-şərdə bir yerdə oluruq. Eyni problemləri və çətinlikləri yaşayırıq. Həllinə də birgə nail olacağımıza inanırıq. AMİP-in Binəqədi rayon təşkilatı da ən güclü təşkilatlardandır və bu rayonda partiyanın bir namizədi var, o namizəd də mənəm. Rayon təşkilatı da bütün gücünü mənim qələbəmə səfərbər edib. Artıq seçki komandam formalaşıb və seçki qərargahımızı yaratmışıq. Lakin bununla belə, rəqiblərimin heç birini küçümsəmədən deyə bilərəm ki, 9 saylı Binəqədi ikinci seçki dairəsində mübarizə YAP-ın namizədi Kəmaləddin Qafarovla AMİP namizədi Əli Orucov arasında gedəcək. Könül istərdi ki, bu mübarizəni seçicilərimiz, rayonumuz, ümumilikdə isə Azərbaycanımız və demokratiya qazansın”.