2019-cu ilin son günlərini yaşayırıq. Bu il Azərbaycanın xarici siyasətində çox mühüm hadisələr baş verdi. Bir sıra mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi, eləcə də, cari ilin oktyabrında Qoşulmama Hərəkatının Bakıda baş tutan sammitində quruma sədrliyin Azərbaycana keçməsi buna sübutdur.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də bir sıra müsbət gəlişmələr yaşandı.
Gözlər artıq 2020-yə dikilib. Bu ildə xarici siyasətimizdə Dağlıq Qarabağ münaqişəsi ətrafında nələrin baş verə biləcəyi yönündə müzakirələr açılıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a 2019-cu illə bağlı proqnozlarını bölüşdü: “Əsas məsələ odur ki, bu il də danışıqlar baxımından nəticəsiz oldu. Amma bu mövzu ətrafındakı fəallıq onu göstərdi ki, bir neçə tendensiya yaranıb. Tendensiyalardan biri ondan ibarətdir ki, Ermənistanda yeni rəhbərlik olmasına baxmayaraq, onların seçdiyi istiqamət vəziyyəti gərginləşdirməyə, mövqeyi daha da sərtləşdirməyə yönəlib. Burada məqsəd danışıqlarda ciddi müzakirələrə heç cür imkan verməməkdir. Təəssüflər olsun ki, gücün əsas olduğu diplomatiyanı görməmişik. Vasitəçilərdən Rusiyanın fəallığını bir az görürük. Bu ölkənin də xarici işlər naziri Sergey Lavrov ermənipərəst mövqeyini nümayiş etdirməkdən heç də çəkinmir. İndiki mərhələdə hesab edirəm ki, sülh prosesləri əvvəlki kimi indi də dalandadır. Heç bir irəliləyiş yoxdur”.
Tofiq Zülfüqarov: “Azərbaycan kiməsə tabe olmaq niyyətində deyil”
T.Zülfüqarov qeyd etdi ki, xarici siyasətdə əsas önəm verilən və böyük qüvvələrlə həyata keçirilən layihə artıq yekunlaşır: “Azərbaycan Avropaya öz təbii qazını çıxarmağa nail olub. Təbii ki, TAP və TANAP layihələrini nəzərdə tuturam. Bu, heç də asan məsələ deyildi. Çünki gördüyümüz kimi Rusiya da buna bənzər layihələri həyata keçirməkdə idi. Amma Rusiyaya imkan verilməyib ki, sonuncu mərhələdə bu layihəni həyata keçirsinlər. TAP və TANAP layihələri Azərbaycan üçün çox vacibdir. Neftlə yanaşı qaz gələcək on illiklərdə iqtisadiyyatımızda mühüm rol oynayacaq. Bu daxili iqtisadiyyatla yanaşı, xarici siyasətə də aid məsələdir. Bir məsələyə də toxunmaq da çox vacibdir. Uzun müddət idi ki, Qərblə Şərq arasında Azərbaycanın balanslaşdırılmış siyasəti gedirdi. İlin axırında bəzi məsələlərə artıq prezident tərəfindən aydınlıq gətirildi ki, Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu, ikitərəfli əlaqələrdə gələcəyi görür. Bu da ona işarədir ki, Azərbaycan kiməsə tabe olmaq, yaxud da iqtisadiyyatını kiməsə qurban vermək niyyətində deyil. Hesab edirəm ki, bu həm Rusiyaya, həm də Avropa İttifaqına aiddir. Bu da xarici siyasətimizin çox vacib bir elementidir. Düşünürəm ki, gələn il bu məsələ özünü büruzə verəcək. Bir şeyi də qeyd etmək bəlkə də vacibdir. Bu siyasi xətti müəyyən edərkən cənab prezident eyni zamanda, yuxarıda qeyd etdiyim layihələri də həyata keçirməyə nail olub. Hesab edirəm ki, bu həm iqtisadi, həm də xarici siyasət baxımdan çox vacib bir nailiyyətdir”.
Sabiq XİN rəhbəri bu il ölkəmizdə keçirilən mühüm tədbirlərə də toxundu: “Bu il doğrudan da ölkəmizdə çox mühüm tədbirlər baş tutdu. Azərbaycan artıq həm xarici siyasətdə, həm də iqtisadiyyatında özünəməxsus xüsusi yer tutur. Ölkəmiz nüfuzuna görə bu il dövlətlər sırasında 50-ci sırada yer aldı. Hesab edirəm ki, bunun daha yüksək səviyyələrə qalxması üçün kifayət qədər imkanlar var. Bakıda keçirilən bəzi beynəlxalq tədbirlər ola bilsin ki, bəzən lazımı səviyyədə qiymətləndirilməsin. Amma hər bir ölkə üçün vacib bir məsələdir ki, dünya ölkələri sırasında öz yerini tapsın. Buna da Azərbaycan nail olub. Sadəcə təəssüfedici hal odur ki, əsas problemimiz olan Ermənistan-Azərbaycan prosesində real nəticələri hələlik görmürük”.
T.Zülfüqarov 2020-ci ili Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın xarici siyasəti baxımından bu cür dəyərləndirdi: “Düşünürəm ki, daxili gərginlik daha da yüksələ bilər. Çünki həll olunmamış məsələlər var, işğal edilmiş ərazilər, yüz minlərlə məcbur köçkün kimi ciddi problemlər mövcuddur. Həmsədrin icad etdiyi qarışıqlı etimadın gücləndirilməsi layihələri, jurnalistlərin qarşılıqlı səfərləri, imitasiya xarakterli danışıqların bərpa olunması kimi məsələlər çox mətləblərdən xəbər verir. Dediyim problemləri həll etmək mümkündür. Yox əgər problemləri həll etmək mümkün olmasa, gərginlik və hərbi əməliyyatların bərpası çox real görünür”.
Elxan Şahinoğlu: “Xarici siyasətində ciddi bir korrektə gözləmirəm”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ciddi dəyişiklik gözləmir: “Gələn il Azərbaycanın xarici siyasətində ciddi bir korrektə gözləmirəm. Dövlət başçısı təhlükəsizlik maraqlarımıza xidmət edən balanslaşdırılmış xarici siyasəti davam etdirir. Ermənistan xarici bizim heç bir yaxın və uzaq dövlətlə münasibətlərimizdə problem yoxdur. Əksinə münasibətlər inkişaf edir. Dövlət başçısı son müsahibəsində bir fikrin üzərində xüsusi dayandı ki, əgər Azərbaycanın qonşu dövlətlərlə münasibətləri yaxşı olmasa, regional layihələri reallaşdırmaq mümkün olmaz. Böyük ölçüdə ölkə başçısı Rusiya və İranı nəzərdə tuturdu. Çünki biz Gürcüstan və Türkiyə ilə yanaşı, Rusiya və İranla da regional layihələr həyata keçiririk. Bu cür əməkdaşlıq 2020-ci ildə də davam edəcək və bu da Azərbaycanın təhlükəsizlik maraqlarına tam xidmət edir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”