Partiyaların seçki həyəcanı: Kimlər kənarda qaldı? - GƏLİŞMƏ

Partiyaların seçki həyəcanı: Kimlər kənarda qaldı?
Bir sıra siyasi partiyalar 2020-ci ilin 9 fevral tarixinə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak edəcəyinə dair mövqeyini artıq açıqlayıb.

Yeni Azərbaycan Partiyası (YAP) seçkidə iştirak edəcək namizədlərin siyahısını açıqlamasa da, gözlənilən odur ki, hakim partiyanın siyahısında da bir çox yeni adlar olacaq.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da seçkidə iştirak edəcəyini növbədəkənar seçkilərin elan olunduğu ilk günlərdən bəyan etmişdi. Partiyanın sədri Razi Nurullayev namizədliyini 79 saylı İmişli seçki dairəsindən irəli sürəcək. Bu haqda AXCP sədri özü məlumat yayıb. Partiyanın seçkilərə neçə namizədlə qatılacağı isə hələlik məlum deyib.

Respublikaçı Alternativ Partiyası (ReAL) da seçkidə iştirak edəcək. Seçkilərə “Real Cümhuriyyətçilər” təşəbbüs qrupu kimi gedən partiya ümumilikdə 50-dən çox namizəd irəli sürüb. Partiyadan irəli sürən namizədlərin sayının artacağı da istisna edilmir. Partiya sədri İlqar Məmmədov isə seçkilərə qatılmayacaq, çünki üzərindən məhkumluğu hələ götürülməyib.

Ümid Partiyası isə seçkilərə ən çox namizədlə qatılan partiyalardan biridir. Partiyanın açıqladığı məlumata görə, onlar seçkidə 77 namizədlə iştirak edəcək.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) isə seçkilərə 11 namizədlə gedəcək. Partiyanın Siyasi Şurasının üzvü Əli Orucov açıqlamasında bildirib ki, onlar seçkilərdə kəmiyyətə deyil, keyfiyyətə üstünlük verirlər. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) dünənə qədər 19 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Onlar -Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasıdır. Seçkidən kənarda qalan partiyalara gəlincə isə bununla bağlı ilk qərarı Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” və Milli Şura açıqlayıb.

Azad Demokratlar Partiyası da seçkidə iştirak etməyəcək. Bununla bağlı qərarı partiyanın sədri Sülhəddin Əkbər açıqlayıb. Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş Baş nazir Pənah Hüseyn də seçkidə iştirak etməyəcəyini bildirib.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) da seçkilərə getməməklə bağlı qərar verib. KXCP bu haqda 15 dekabrda Ali Məclisinin iclasında qərar qəbul edib. Ali Məclis 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı məqsədəuyğun hesab etməyib.

Vətəndaş və İnkişaf Partiyası (VİP) hələ də yekun qərara gəlməyən siyasi təşkilatlardandır. Partiya sədri Əli Əliyev ötən həftə verdiyi açıqlamada yekun qərarın 15 dekabrda veriləcəyini bildirmişdi. Amma hələ də partiya rəsmi olaraq mövqeyini açıqlayıb və növbədənkənar seçkilərə qatılıb-qatılmayacağı məchuldur.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də seçki qərarını hələlik açıqlamayıb.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını artıq təsdiqləyib. Plana əsasən, namizəd olmaq istəyən şəxslər zəruri sənədlərini ən gec 10 yanvar 2020-ci il tarixinə qədər MSK-ya təqdim etməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Cebhe.info
Tarix: 26-12-2019, 17:49
Xəbəri paylaş





Xəbər lenti