“Türkiyə və Rusiyanı üz-üzə qoymaq üçün…” – Savaşa yol açacaq plan


 “Amerikalı konqresmenlər Rusiya və Türkiyəni üz-üzə qoymaq üçün ABŞ-dan Yunanıstan və Cənubi Kiprə dəstəyin artırılmasını nəzərdə tutan qanunlar paketini qəbul etdi”.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Hill” qəzetində dərc olunan analitik məqalədə bildirilib.
Nəşr ABŞ Konqresində təsdiq olunan və Prezident Donald Tramp tərəfindən imzalanan 2020-ci il üçün nəzərdə tutulmuş maliyyələşdirmə ilə bağlı bir sıra qanunlara diqqət çəkib.
Məqalədə iddia edilir ki, bu paket ABŞ-ı Şərqi Aralıq dənizi ölkələri ilə təhlükəsizlik və enerji sahəsində tərəfdaşlıq yolu ilə bölgədəki təbii qaz bazarında əsas oyunçu halına gətirmək məqsədi daşıyır. Bundan əlavə, təsdiqlənən tədbirlər arasında Yunanıstanla hərbi əlaqələrin gücləndirilməsi, Cənubi Kiprə silah embarqosunun qaldırılması da var.
Qəzet senator Marko Rubionun sözügedən paketlə bağlı səsləndirdiyi fikirlərə istinad edir:
“Bu qanun Cənubi Kiprə silah embarqosunu qaldırmaq və Yunanıstana lazımi hərbi yardımı göstərməklə, əsas regional tərəfdaşların sabitliyinin təmin edilməsində hərtərəfli yanaşmanı təmin edir”.
“The Hill”in yazdığına görə, qanun layihələri paketi Afinanın tez-tez Ankaranı hava məkanının pozulması ittihamları, habelə Liviya hökumətinin Türkiyə ilə hərbi anlaşma memorandumu imzalaması ilə əlaqədar qəbul edilib.
Lakin sözügedən sənəd bundan əvvəl Misir, Yunanıstan və Cənubi Kipr tərəfindən tənqidlərə məruz qalıb, Avropa İttifaqında da özünə dəstək tapmayıb.
Amerikalı konqresmen hesab edir ki, paketin qəbul edilməsi qeyri-sabit bir bölgədə Türkiyənin qəti şəkildə Qərbdən üz çevirmək istədiyi, Yunanıstan, Cənubi Kipr və İsrailin ABŞ-la birlikdə Ankaraya qarşı sıx birləşdiyi vaxta təsadüf edir.
O, bu planın Türkiyə-ABŞ münasibətlərini qıra biləcəyi ehtimalını istisna etməyib.
Tarix: 26-12-2019, 17:47
Xəbəri paylaş





Xəbər lenti