Son zamanlar ölkədə bütün sahələrdə aparılan islahatlar, görülən işlər Azərbaycanda yeni cəmiyyətin formalaşmasından xəbər verir. Hətta iddia və proqnoz edilir ki, yaxın aylarda Azərbaycanda tam fərqli mühit olacaq. İnsanlarla kobud davranan, dövlətin vəsaitini mənimsəyən, dövlət siyasətinə qarşı çıxanlar tək işdən kənarlaşdırılmayacaq, ciddi şəkildə cəza alacaqlar. Artıq bunun örnəyi ortadadır.
Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a bildirib ki, 2018-ci il Prezident seçkilərindən sonra Azərbaycanda çox ciddi dəyişikliklərə start verilib:
“2019-cu ilin yanvar ayından başlayaraq, ciddi kadr və struktur islahatları həyata keçirilir. Çox nazirlər işdən kənarlaşdırıldı, vəzifəyə gənc kadrlar gətirilir, bununla yanaşı Prezident Administrasiyasında ciddi dəyişikliklər oldu. Yeni Milli Məclisin tərkibini müəyyənləşdirmək üçün fevral ayının 9-da növbədənkənar seçkilər keçiriləcək. Bütün bunlar hamısından bəlli olur ki, Azərbaycanda sistem tamamilə dəyişdirilir. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə kəskinləşib. Azərbaycanda “Asan Xidmət”in yaradılması göstərirdi ki, korrupsiya qarşı ciddi mübarizə başlayır. Düzdür, korrupsiya və rüşvət dünyanın elə bir ölkəsi yoxdur ki, orada olmasın. Amma bunun səviyyəsi, azlığı və çoxluğu məsələsi var”.
Vahid Əhmədov qeyd edib ki, son hadisələr bəzi İcra hakimiyyətlərində bu məsələlərlə bağlı dərketmənin olmadığını sübut etdi:
“Yəni insanlar köhnə adət-ənənələri ilə idarə olunmaq istəmirlər. Ölkə rəhbərliyi də bunun tərəfdarıdır. Ümumiyyətlə, istər məmur, millət vəkili, istərsə də icra başçısı olsun, hamısı insanlarla təmasa çıxmalı, onların dərdini öyrənməlidir. Bizim əsas məqsədimiz insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlməlidir. Amma çox təəssüf ki, bunu bəziləri anlamadılar və vəzifələrindən uzaqlaşdırılaraq, hətta həbs olundular. Dövlət büdcəsində vəsait ayrılır ki, işləməyən insanlara yardım edilsin. Həmin işsizlərin kartlarını götürüb mənimsəmək nə dərəcədə insanlığa sığır?! Bu hadisə ilk deyil, təbii ki, belələrinə qarşı tədbirlərin davamı da olacaq”.
Sabiq millət vəkili, ictimai-siyasi xadim, təhsil üzrə ekspert Şahlar Əsgərov köhnə, adminstrativ düşüncəli insanların siyasi mühitdən uzaqlaşdırılmasını yüksək qiymətləndirir:
“Kadr islahatları hədsiz dərəcədə uğurlu islahatlardır. Köhnə, adminstrativ düşüncəli qoca insanlar gedir onların yerinə demokratik, gənc düşüncəli insanlar gəlir. Bütün bunlar cəmiyyətdə ovqatı müsbət istiqamətə doğru kökləyir. Heydər Əliyevin çox gözəl bir sözü var, “Rüşvət bizi içimizdən yeyir”. Heydər Əliyevə “Ulu Öndər” deyiriksə, gərək onun bu sözünü heç vaxt yaddan çıxartmazdıq. Rüşvət deyilən bir iblis var ki, gərək onu özümüzə yaxın buraxmayaq. Amma nə etmək olar ki, hələ ki, bu bu vicdanda insanlar var. Dövlətin sütununu qoruyan bəzi şəxslər ələlxüsus rayonlarda dövlətin varına göz dikib, rüşvət vasitəsilə qurumlar yaradaraq dövlətin pulunu özləri üçün mənimsəyirlər.
Çox yaxşı haldır ki, artıq yeni Azərbaycan qurulur. Mən inanıram ki, bu islahatlar nəinki Azərbaycanın bu gününə, həmçinin gələcəyinə də xidmət edəcək”.
Siam.az