Əli İnsanovun partiya fiaskosu

 

Yarım ay öncə sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyasından (HƏP) xəbər-ətər yoxdur. 1-2 gün adı gündəmdə dolaşan partiyanın hazırda hansı işlərlə məşğul olduğu, qurultaya hazırlıqların necə getdiyi məlum deyil. Son məlumat budur ki, Ə.İnsanov növbədənkənar parlament seçkilərində iştirak etməyəcəklərini bildirib.

Çoxları sabiq nazirin partiya elan edən kimi, gündəmi zəbt edəcəyini düşünürdü. Hətta onun təşkilatının qısa zamanda müxalif düşərgənin əsas təşkilatına çevriləcəyi barədə ehtimallar səslənirdi. Amma deyilənlərin tam əksi baş verdi.

Ana Vətən Partiyasının sədri, V Çağırış üzrə Milli Məclisin deputatı Fəzail Ağamalı bunun səbəblərini belə sadaladı: “Səbəblərini səhv etmirəmsə, bir müddət öncə sizin qəzetdə göstərmişik. Qeyd etmişdik ki, Əli İnsanovun təşəbbüsündə olduğu hər hansı partiyanın Azərbaycan siyasi mühitində perspektivi yoxdur. Onun başlıca səbəbi Əli İnsanovun cəmiyyətimizdə nüfuz sahibi olmamasıdır. Adının korrupsiyada hallanması, varidatının telekanallarda nümayiş etdirilməsi bu şəxsin təmiz imicinin olmamasını daim öndə saxlayır. Digər tərəfdən, hakim komandada yüksək vəzifə daşımasına baxmayaraq, dövlət çevrilişi cəhdində bulundu. Bu fakt ortadadır. Öz komandasına xəyanət edib. Belə bir adam cəmiyyətdə nüfuz sahibi ola bilməz. Xüsusi olaraq, nəzərə alsaq ki, siyasi partiyalara rəhbərlik edən, onu yaratmağa çalışan insan özünün bütün keyfiyyətləri, davranışları, həyat tərzi ilə nümunəvi olmalıdır. Bunların heç biri onda yoxdur. Digər tərəfdən, o, belə güman edirdi ki, qərbi azərbaycanlılar onun çağırışına dərhal müsbət reaksiya verəcəklər, onun ətrafında birləşəcəklər və genişmiqyaslı sosial dayağa malik partiya yarada biləcək. Ancaq onun gümanları tamamilə iflasa uğradı. Qərbi azərbaycanlılar xalqımızın mütləq əksəriyyəti kimi dövlətimizin və ölkə başçımız cənab İlham Əliyevin yanında olduqlarını bir daha nümayiş etdirdilər. Tanınmış insanlara Əli İnsanov və onun yanında olanlar tərəfindən müraciətlər olundu. Lakin qərbi azərbaycanlılar onun yanında olmaq yolunu seçmədilər, bunu özlərinə sığışdırmadılar.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Fəzail Ağamalı: “Zaman da Əli İnsanovun xeyrinə işləmir”

Onu da qeyd edim ki, qısa informasiyalardan sonra İsfəndiyar Vahabzadənin onunla birlikdə olduğu məlum oldu. İsfəndiyar Vahabzadənin də Azərbaycanın siyasi mühitində yeri və rolu görünmür. Sadəcə olaraq, o, narazı bir şəxs kimi özünün yazıları ilə gündəmə gəlib. Təbii ki, uzun illər Azərbaycanın diplomatik korpusunda çalışıb. O, bir yazar kimi cəmiyyət tərəfindən tanınır, siyasətçi kimi isə - əsla. Cəmiyyətdə tanınmayan insanların arasında foto çəkdirib və bunu sosial şəbəkələrdə yayan Əli İnsanov əslində gücsüzlüyünü nümayiş etdirdi. Belə olan halda onun yaratmış olduğu siyasi partiyanın gələcəyi, perspektivi yoxdur. Hər hansı partiyanın cəmiyyətimizin siyasi mühitində, sistemində ciddi rol oynaması üçün təkcə onun liderinin şəxsi keyfiyyətləri deyil, eyni zamanda elektoratının geniş olması da ciddi amillərdən biridir. Onların ikisi Əli İnsanovda yoxdur. Zaman da Əli İnsanovun xeyrinə işləmir. Çünki hər hansı bir partiyanın ciddi siyasi qüvvəyə çevrilməsi üçün zamana ehtiyacı var. Bu 10 il də, 15 il də çəkə bilər. Gərək bu partiya bütün proseslərdə iştirak edə və özünü cəmiyyətdə tanıda. Zamanın onun xeyrinə ona görə işləmədiyini deyirəm ki, Əli İnsanovun yaşı kifayət qədər çoxdur. Zaman imkan verməyəcək ki, o, özünün istəklərini partiya vasitəsilə reallaşdıra bilsin. Onun xarakterində qisasçılıq, qərəz, intiqam hisslərinin xüsusi şəkildə vurğulanması da ona çox ciddi zərbə vuran amillərdən biri oldu. Çünki partiya lideri heç zaman qisasçı, qərəzli mövqedə durmalı deyil. Bu, siyasətçi üçün ən pis keyfiyyətlərdən bəlkə də ən pisidir. Beləliklə, Əli İnsanovun yaratmaq istədiyi partiyanın adı, sadəcə olaraq,  epizodik şəkildə gündəmdən keçdi. Yaxın aylarda qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə bu ad ara-sıra dolaşacaq və sonrakı proseslərdə əriyib yoxa çıxacaq”.

F.Ağamalı Ə.İnsanovun seçkilərlə bağlı mövqeyinə də münasibət bildirdi: “Belə bir partiyanın ciddi bir prosesə bu şəkildə münasibət bildirməsi çox gülməli görünür. Axı sən, əvvəla, partiya deyilsən. Sadəcə olaraq, Təşkilat Komitəsini yaratmısan, heç qurultay belə keçirməmisən, rəhbər orqanları yaratmamısan, qeydiyyat üçün müvafiq qurumlara müraciət etməmisən. İndi sən haradan siyasi partiya oldun ki, guya seçkilərdə iştirak etməmə barədə qərar qəbul etmisiniz? O, öz adından deyə bilərdi ki, Azərbaycan vətəndaşı olaraq, qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətində deyil. Bu, daha ciddi qəbul olunardı”.

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

Əli Orucov: “HƏP adlı siyasi partiya yoxdur”

AMİP katibi Əli Orucov dedi ki, Azərbaycanın siyasi arenasında hələ HƏP adlı siyasi partiya yoxdur: “Olmayan partiya haqqında danışmaq isə məncə, qeyri-ciddi səslənərdi. İkincisi də, əgər söhbət sabiq səhiyyə naziri Əli insanovdan gedirsə, onun da mövqeyi, seçəcəyi siyasi tərəfdaşları təxminən məlumdur və Müsavat Partiyasının qərargahında iki dəfə toplanıb, müzakirələr aparıblar. Ona görə də siyasi səhnədə olmayan bir partiya bizim diqqət mərkəzimizdə deyil”./“Yeni Müsavat”/


Tarix: 12-12-2019, 09:02
Xəbəri paylaş





Xəbər lenti