“Hesab edirəm ki, bu, müxalifət üçün parlamentdəki yerlərini artırmaq üçün bir şansdır”

 

“Hesab edirəm ki, iqtidar nüfuzunun yüksək olduğu dövrdə seçkilərə gedir. Bu da başa düşüləndir. Çünki ənənəvi müxalifət - mən onları “fit müxalifəti” adlandırıram - son zamanlar özlərini tam ifşa ediblər. Onların liderinin gözlərinin qorxudan az qala hədəqəsindən çıxması tərəfdarlarında da ruh düşgünlüyü yaratdı”.

Deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisdəki çıxışında söyləyib. O, bildirib ki, sağlam və konstruktiv müxalifət olaraq rəhbərlik etdiyi partiya növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyir: “Hesab edirəm ki, bu, müxalifət üçün parlamentdəki yerlərini artırmaq üçün bir şansdır. Mən həmişə söyləmişəm ki, parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır”.

Deputat qeyd etib ki, həm iqtidar, həm də parlamentdəki müxalifət partiyaları xalq qarşısında məsuliyyət daşıyır: “Növbədənkənar seçkilərin keçriilməsi ilə bağlı Konstitusiyada hər hansı bir prosedur nəzərdə tutulmayıb. Dünyada qəbul olunmuş bir məsələ var ki, parlament çoxluğu istənilən vaxt, ölkədə böhtran yarandıqda, özünə inamı bərpa və digər məsələləri əsas götürərək növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Hesab edirəm ki, bizim də bu səlahiyyətlərimiz var”.

Q.Həsənquliyev deyib ki, parlamentin buraxılması üçün konstitusion əsaslar var. Bununla yanaşı, deputat yarana biləcək hər hansı fövqəladə vəziyyətlə əlaqədar olaraq parlamentin yeni tərkibi seçilənədək hazırkı tərkibin səlahiyyətlərinin saxlanmasını faydalı saydı.

O, bildirib ki, bununla bağlı Prezidentə xahişin çatdırılması yaxşı olardı: “Bunun üçün də biz Prezident üçün məcburi qərar qəbul edə bilmərik. Amma xahiş etməliyik ki, məsələn, 3 aydan sonra yeni tərkib fəaliyyətə başlayanadək hazırkı tərkib səlahiyyətli sayılsın. Deyək ki, müharibə elan oluna, yaxud ordunun hansısa hallarda müdaxiləsinə zərurət yarana bilər. Bu hallarda parlamentin müdaxiləsi tələb olunur”.

Q.Həsənquliyev spiker Oqtay Əsədova və parlament rəhbərliyinə də konstruktiv müxalifətə müzakirələrdə iştirak imkanı yaratdığına görə təşəkkür edib.(Musavat.com)
Tarix: 2-12-2019, 15:09
Xəbəri paylaş





Xəbər lenti