Paşinyanın yumşaq manevri və ya məqbul həllin məchulu - TƏHLİL...






Dünən 19 noyabrda Ermənistanın baş naziri Nikol Paşinyan  Rusiya Federasiyasının 10-dan çox jurnalistləri ilə görüşüb. 

Görüş zamanı iki məsələ barədə daha çox suallar verilib və müzakirələr aparılıb - Rusiyanı narahat edən Njdenin heykəli və Ermənistanı da narahat edən Dağlıq Qarabağ münaqişəsi. Məsələlər ətrafında müzakirələr, verilən cavablar barədə fikrimizi bildirməzdən əvvəl, qeyd edək ki, Rusiyanın oktyabrın 1-dək Paşinyan hakimiyyəti ilə soyuq münasibətləri açıq hiss olunurdu. Məhz oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putin Avarasiya İqtisadi Birliyinin İrəvandakı toplantısında bu soyuqluğu açıq bildirsə də. Məhz bu toplantıdan sonra, xüsusilə noyabr ayından etibarən Rusiyanın mövqeyində açıq hiss olunan yumşalma, hətta “könül almaq” siyasətinə keçilib. Zatulinin Xankəndinə oktyabr səfəri yenilik deyildi, amma noyabrın 11-də RF XİN –naziri Sergey Lavrovun açıq şəkildə Qarabağ münaqişəsinin həllini yalnız Dağlıq Qarabağ ermənilərinin iradəsi ilə həll olunacağını bəyan etməsi, rusiyalı jurnalistlərin kollektiv kimi İrəvana səfəri və baş nazirlə görüşməsi, müzakirələr aparmaları göstərir ki, Rusiya Ermənistandan heç cür əl çəkmək niyyətində deyil. Baxmayaraq ki, Ermənistan mətbuatı anti Rusiya yazıları ilə zəngindir. 

Njdenin heykəli barədə jurnalistlərin “heykəl nə vaxt söküləcək” sualını cavablandıran Paşinyan Njdeni keçmiş SSRİ Xarici işlər naziri Molotovla müqayisə edib və Molotovun almanlarla görüşünü Njdenin almanlarla görüşü ilə müqayisə edərək ona haqq qazandırıb.

Təbii bizi daha çox Qarabağla əlaqədar verilən suallar və cavablar maraqlandırır, həm də Paşinyan bu dəfə ilk baxışdan daha mülayim danışıb. O təklif edib ki, münaqişənin bütün tərəfləri üçün məqbul olan Qarabağ tənzimlənməsi variantı üzərində işə başlanılmalıdır. 
Paşinyan vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli Ermənistanın təhlükəsizliyi, ölkənin  və erməni xalqının gələcəyini təmin etmək baxımından prioritetdir. Baş nazirin sözlərinə görə, onun Qarabağ tənzimlənməsinə yanaşması dəfələrlə tənqid olunduğu üçün Ermənistanın əvvəlki prezidentlərinin mövqelərindən fərqlənir.

"Əgər  həll yolundan danışırıqsa və tərəflərdən birinin qələbəsi və ya məğlubiyyəti haqqında deyilsə, davamlı sülh və sabitlik istəyiriksə, üç xalq üçün məqbul bir həll tapmalıyıq. Əgər Azərbaycan Prezidenti eyni bəyanat versə, bu, danışıqlar prosesində həqiqi bir irəliləyiş əldə etmək şansımızın olacağını göstərir ”, - deyə Ermənistan lideri vurğulayıb. Göründüyü kimi Paşinyan yenə hiyləgərlik edərək “ hər üç xalq” sözünü səsləndirib. Bildiyiniz kimi Azərbaycan dövlət başçısı xüsusi olaraq vurğulamışdı ki, Dağlıq Qarabağ adlı xalq yoxdur, oranın erməni və azərbaycanlı əhalisi var. Bu mənada Paşinyanın yenidən bu “xalq” termininə qayıtması Dağlıq Qarabağın tərəf kimi danışıqlarda içtirakına işarədir. Və məsələni tam rəsmiləşdirmək üçün Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi, tanınmamış Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyanı və ATƏT-in Minsk qrupunun həmsədrlərini münaqişənin üç tərəfi üçün məqbul olan bir həll üzərində işləmək lazım olduğuna dair razılığa dəvət edib. Bununla yanaşı, o qeyd edib ki, bu günə qədər hamı üçün məqbul hesablaşma variantları yoxdur.

Paşinyan, eyni zamanda, Ermənistanın keçmiş prezidentlərinə - Dağlıq Qarabağdan olan, Serj Sarkisyana və Robert Köçəryana münasibətini Qarabağ tənzimləməsi ilə əlaqələndirməməyi tövsiyə edib.

İlk baxışda Paşinyanın rusiyalı jurnalistlər qarşısında əvvəlki çıxışlarından fərqlənən bir yumşalma hiss olunsa da, problemə yanaşmada əvvəlki erməni prezidentlərin mövqeyindən heç nə ilə fərqlənmədiyi aydın hiss olunur və möcud status-kvonun ən azı onun hakimiyyəti illərində dəyişməməsinə çalışdığını gizlətmədiyini bildirir. 

Bu çıxışdan bir daha məlum olur ki, tərəflər heç bir sənəd (məsələn, Madrid prinsipləri) əsasında danışıqlar aparmırlar və deyilən “məqbul həll” nədir, bilinmir. Daha doğrusu tərəflər üçün məqbul olan, qarşı tərəf üçün qeyri-məqbul sayılıb və 26 ildir ki,  beləcə davam edir. Gələn ay hər iki ölkənin  xarici işlər nazirlərinin Bratislavada gözlənilən görüşündən də bu gedişlə heç nə alınası deyil

Azərbaycan məlum məqbul mövqeyini bir daha nümayiş etdirib, dünyaya bildirməlidir ki, başqa variant yoxdur, əks tədqirdə Azərbaycan Respublikası və dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqı öz torpaqlarını azad etməyin  yolunu bilir. 

Moderator.az
Tarix: 20-11-2019, 22:09
Xəbəri paylaş





Xəbər lenti