“Cənab Prezidentin kadr siyasətini müdafiə edən siyasətçi və jurnalist kimi, bu siyasətin müsbət nəticə verəcəyinə şübhə etmirəm”.
Hurriyyet.org xəbər verir ki, bu haqda jurnalist Tapdıq Abbas özünün Facebook profilində paylaşdığı statusta qeyd edir.
Bununla belə, jurnalist bildirir ki, Amma Suraxanı rayonu ərazisindəki torpaqları metr-metr satan icra başçısı İlqar Abbasovun Şirvana, Yasamala bir ildir Cəlilabaddan icra başçısı vəzifəsinə gətirilmiş rüşvətxor Əziz Əzizovun Suraxanıya və Şirvan şəhərinin əhalisini rüşvətxorluğu ilə uzun illər dizi üstə gətirmiş Mərdan Camalovun Zərdaba yeni icra başçısı qismində vəzifəyə təyin olunması xalqın kadr islahatına bəslədiyi ümidi zədələyir:
“Çünki uzun illər rüşvət və korrupsiya ilə məşğul olmuş köhnə təfəkkürlü insanlarla yeniliyə nail olmağın mümkünsüzlüyü çoxdan sübut olunub! Əslində, beynəlxalq təcrübə də təsdiq edir ki, icra başçılarını vəzifədə bir il işlədib, yerini dəyişmək, uzun müddət bir rayonda saxlamaqdan daha səmərəli metoddur. Bir il ərzində icra başçısının rayonda rüşvət və korrupsiya toru qurmağa zamanı çatmır. Rayonlardakı işlər isə mərkəz tərəfindən icra olunduğuna görə, icra başçılarının bu işə müdaxilə etmək imkanı bitir və bu yolla korrupsiya əməlinin qarşısı müəyyən qədər alınır. Verdiyim proqnoz özünü doğrultmasa, üzr istəməyə hazıram!
P. S. Bu statusu sabiq icra başçıların fəaliyyətilə bağlı əhalidən aldığım informasiyaya əsasən yazdım!”.
Siam.az