“Azərbaycanın Rusiya ilə ehtiyatlı davranışı anlaşılandır, amma...” - GƏLİŞMƏ

“Azərbaycanın Rusiya ilə ehtiyatlı davranışı anlaşılandır, amma...”
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri çərçivəsində və ondan bir gün qabaq Qarabağ mövzusunda verdiyi açıqlamalar, o sırada “Dağlıq Qarabağ xalqı”nın razılığı olmadan nizamlamanın mümkün olmayacağını bildirməsinə Azərbaycandan təpkilər davam edir. Amma bu reaksiyaların fonunda Azərbaycan XİN-in sərgilədiyi mövqe qənaətbəxş sayılmır.

Xatırladaq ki, XİN sözçüsü Leyla Abdullayeva mətbuata açıqlamasında bildirmişdi: “Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”.

Bu açıqlamaya rəğmən, ekspertlər hesab edirlər ki, Lavrovun dediklərindən dərhal sonra Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılmalı və ona nota verilməli idi. Lakin bunun əksini dilə gətirənlər də var. Onlar hesab edirlər ki, Rusiya digər həmsədr ölkələrdən nə ABŞ, nə də Fransa deyil, Azərbaycana yaxındır və bizim üçün daim təhlükə mənbəyi olaraq qalmaqdadır.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Rusiyanın danışıqlar prosesini Ermənistanın xeyrinə yönləndirmək istədiyini qeyd etdi: “Düzdür, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yaydı. Amma bu bəyanat Lavrovun İrəvanda səsləndirdiyi fikirlərə adekvat deyildi, yəni dişsiz bəyanat idi. Zənnimcə, Rusiya danışıqlar prosesini çox təhlükəli bir istiqamətə yönləndirmək istəyir. Faktiki olaraq, 2-3 ay əvvəl dedikləri fikri pozaraq, başqa bir səmtə meyllənir. Ermənistanın açıq-aşkar müdafiə edilməsindən ibarət başqa bir səmtə meyllənmə müşahidə olunur. Ona görə də Azərbaycan bu təhlükəni düzgün qiymətləndirməli və ATƏT-in digər həmsədrləri ilə bu məsələ ətrafında təcili məşvərət keçirilməlidir. İnanmıram ki, ATƏT-in digər həmsədrləri, xüsusilə Amerika Rusiyanın bu mövqeyini təqdir etsin, onunla həmrəy olsun. Həmçinin ATƏT-in özünün fəaliyyətində olan həmsədri ilə də məşvərət edilməsinə ehtiyac var. ATƏT-ə mandatı BMT verib.

Azərbaycanın BMT-dəki nümayəndəsi qurumun rəhbərliyi ilə bu məsələni müzakirə etməli və formalaşdırmaqda olan təhlükəli vəziyyətin qarşısını almaq üçün addımlar atılmasını xahiş, yaxud tələb etməlidir. Bir sözlə, diplomatiyamız hücumçu bir mövqe tutmalıdır. Sözsüz ki, Rusiya ilə də bu istiqamətdə danışıqlar aparılmalıdır. Bunları mövqelərindən çəkindirmək üçüm addımlar atılmalıdır. Güman edirəm ki, Lavrovun dediklərində ciddi subyektiv məqam var. Onun erməni mənşəyi ilə bağlı olan məqamları nəzərdə tuturam. O, hər zaman Qarabağ proseslərinə əngəl yaradan bir şəxsdir. Bu nöqteyi-nəzərdən Rusiya siyasi rəhbərliyinin digər üzvləri ilə məsləhətləşmələrə, ciddi fikir mübadiləsinin aparılmasına, ortaya atılan müddəaların yersiz olduğunu sübut etməyə böyük ehtiyac duyulur. Məncə, bu məsələnin qarşısını almaq mümkündür. Azərbaycan bəyan etməlidir ki, əks təqdirdə, danışıqlar prosesi tamamilə pozula bilər”.

Sabiq müşavir Rusiyaya nota verilməsinin vacibliyini də önə çəkdi: “Lavrov həmin cümlələri dilə gətirən kimi Rusiya səfiri XİN-ə çağırılmalı və ona nota təqdim olunmalı idi. Bu mütləq vacib idi. Çünki işğal edilmiş ərazilərimiz, bütövlükdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təhlükəli addımların siqnalları verilir, simptomları formalaşdırılır. Ona görə də Azərbaycan gedişatın qarşısını almaq üçün həm də Rusiyaya nota verməlidir”.

Politoloq Əhəd Məmmədli Azərbaycanın mövqeyini anlayışla qarşılayır: “Rəsmi Bakı bu məsələyə nazir Elmar Məmmədyarov səviyyəsində birmənalı şəkildə sərt reaksiya verməlidir. Lavrov yüksək ranqlı diplomatı aşan mövqe ortaya qoyub. Azərbaycan Lavrovun çıxışı ilə bağlı açıqlama tələb etməlidir. Əks halda, bu, Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilməlidir. Belə olan halda isə siyasi reallıqlar qəbul edilmək şərti ilə Azərbaycan daha Rusiyaya dost dövlət gözü ilə baxa bilməz. 
Tarix: 14-11-2019, 09:16
Xəbəri paylaş





Xəbər lenti