ERKƏN SEÇKİ: Müzakirəyə son qoyuldu?


ERKƏN SEÇKİ: Müzakirəyə son qoyuldu?

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimal ətrafında müzakirələr aparılır.

1 ildən çoxdur ki, bu məsələ vaxtaşırı gündəmə gəlir.Müxalifət partiyaları yeni seçkilərin keçirilməsini vacib hesab edirlər.Müstəqil ekspertlər də parlamentin tərkibinin yenilənməsinə ehtiyac olduğunu vurğulayır.Qeyd edək ki, rəsmi olaraq parlament seçkilərinin VI çağırışı 2020-ci ilin noyabr ayına təsadüf etməlidir.Amma seçkilərin növbədənkənar, hətta bu ilin iyul-avqust aylarında keçiriləcəyi də iddia olunur.Belə bir iddia ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə müsahibəsində çıxış etmişdi.

“Mənim hesablamalarıma görə, iyul-avqust aylarında seçki olacaq.Özüm isə seçkilərdə iştirakla bağlı hələ heç bir qərara gəlməmişəm”,-Ə.Əliyev demişdi.

Amma bugünlərdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında növbəti parlament seçkilərinin gələn il baş tutacağını deyib. O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq. Ə.Əhmədov xatırladıb ki, bu il Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Hesab edilir ki, YAP rəsmisinin bu açıqlamasından sonra növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr səngiyəcək.

Maraqlıdır, məsələ birdəfəlik müzakirədən çıxarılır, yoxsa parlament yaxın zamanda yenilənə bilər?

Növbədənkənar parlament seçkilərinin tərəfdarlarından olan Ağ Partiyanın sədri Tural Abbaslı “Cümhuriyət” qəzetinə açıqlamasında məsələnin gündəmdən düşmədiyini deyib. T.Abbaslının qənaətinə görə, növbədənkənar prezident seçkiləri zamanı da oxşar proses gedirdi: 

“Artıq nümunələr, presedentlər var ki, rəsmilərin səsləndirdiyi fikirlər doğru çıxmır. Məsələn, Siyavuş Novruzov bildirmişdi ki, prezident seçkiləri vaxtında olacaq.Hətta Mərkəzi Seçki Komisiyası seçkilərin təqvimini belə təsdiq etmişdi.Amma ondan 1 ay sonra növbədənkənar prezident seçkiləri təyin olundu. Siyavuş Novruzov, Əli Əhmədov Prezidentin həmin qərarını əsaslandırdılar. Necə ki, növbədənkənar prezident seçkilərinin olmamasını əsaslandırırdılar, elə də bunu əsaslandırdılar.Bu, ondan xəbər verir ki, bu məsələlər onların həll edə biləcəyi məsələlər də deyil.Əli Əhmədov nəsə deyə bilər, amma əsas ölkə rəhbərliyinin qərarıdır.Bu səlahiyyət Əli Əhmədovda olmadığı üçün üzərinə çox da yük almasın. Çünki sabah özünün oturduğu mövqeyə ziyan ola bilər”.

Tural Abbaslı parlament seçkilərinin növbədənkənar keçirilməsini zəruri edən məqamlara da toxunub. Partiya sədri hesab edir ki, parlamentin hazırkı tərkibi ilə ölkəni inkişaf etdirmək mümkün deyil: 

“Parlamentin seçkilərinin növbədənkənar keçirilməsinin tərəfdarı deyilik, islahatın tərəfdarıyıq. İslahatın ilk addımı kimi isə demokratik parlament seçkilərinin keçirilməsini görürük.Deyirik ki, iclasda yatan, müəllimlərə “kərpiç hör” deyən deputatlarla XXI əsr dövlətini inkişaf etdirmək çətindir.Bu düşüncədə olduğumuz üçün təklif edirik ki, islahatı parlamentdən başlasınlar.Bu tərkib buraxılsın, normal, demokratik seçki ilə yenidən formalaşsın”.//Cebhe.info//


Tarix: 9-05-2019, 14:34
Xəbəri paylaş





Xəbər lenti