NATO ilə 25 illik yol


Bu yol Azərbaycanı Alyansa nə qədər yaxınlaşdırıb?

Ötən həftə Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasının 25 ili tamam oldu. Xarici İşlər Nazirliyi Azərbaycanın 1994-cü il 4 may tarixində NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasının 25 illiyinə dair bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasından etibarən Azərbaycan Alyans ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub. NATO ilə əməkdaşlıq Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan NATO ilə tərəfdaşlığını bütün Avro-Atlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə töhfə vermək vasitəsi kimi görür.

NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçivə Sənədinin və BMT Nizamnaməsinin ortaq dəyər və prinsiplərinə, ələlxüsus dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi öhdəliyinə söykənib.

Sənəddə həmçinin deyilir ki, Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ilə bağlı müntəzəm siyasi dialoqa böyük önəm verir və Alyans ilə müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir: “Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdaşlığa malikdir. Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Hal-hazırda Azərbaycan Əfqanıstanda NATO missiyasına ordu birləşmələri ilə töhfə verir və missiyaya dəstək olaraq özünün hava məkanından və yerüstü kommunikasiya xəttlərindən istifadəyə imkan yaradır. Azərbaycan, həmçinin əfqan təhlükəsizlik qüvvələrinin təliminə mühüm maliyyə dəstəyini təmin edir. Azərbaycan Avro-Atlantika ərazisində və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin qorunması məqsədilə Sülh naminə Tərəfdaşlıq çərçivəsində əldə etdiyi nailiyyətlərə əsaslanaraq və onun prinsiplərinə və məqsədlərinə uyğun olaraq, NATO ilə işləməyə davam etməkdə qətiyyətlidir”.

AzÉrbaycan-NATO ile ilgili görsel sonucu

Bəs Azərbaycan NATO-ya inteqrasiya istiqamətində “yolun” harasındadır? Azərbaycana hansısa xarici hərbi müdaxilə olarsa indiki əməkdaşlıq NATO-nun bizə kömək etmək üçün əlində qanuni əsas yaradırmı?

Ekspertlər vurğulayırlar ki, hazırda Azərbaycan-NATO münasibətləri fərdi tərəfdaşlıq proqramı çərçivəsindən o tərəfə keçməyib. Ona görə də Azərbaycana hansısa xarici hərbi müdaxilə olarsa, NATO-nun bizə kömək etmək üçün əlində qanuni əsası yoxdur. İndiki halda gərək Azərbaycan hökuməti kömək üçün rəsmi müraciət eləsin. Yalnız bundan sonra köməklik göstərilməsi mümkündür. Azərbaycan NATO üzvü olması üçün hələ çox işləri həyata keçirməlidir. İlk növbədə Azərbaycanın strateji seçim etməsinin vacibliyi önə çəkilir. Bildirilir ki, Azərbaycanın özünün Milli Təhlükəsizlik Konsepsiyasında da bəyan edildiyi kimi, öz strateji xəttini seçməlidir. Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə qəbul edilib və orada başlıca strateji hədəfin Avroatlantik məkana inteqrasiya olduğu göstərilib.

NATO və Avropa İttifaqına üzvlük ilk növbədə ölkənin demokratik strateji seçim etməsini tələb edir. Yəni üzv olmaq istəyən hər bir dövlət NATO və Avropa İttifaqı ilə bərabər eyni dəyərləri və maraqları bölüşməlidir.

Azərbaycanın NATO-ya üzvlük məsələsində geri qalması onunla əlaqədardır ki, Azərbaycan hələ strateji seçim etməyib. Rusiya faktorunun strateji seçim məsələsində təsirinin olduğunu əksər ekspertlər vurğulayırlar. Bildirilir ki, Rusiya ətrafındakı postsovet ölkələrinin NATO üzvlüyünə qarşıdır. Odur ki, Azərbaycanın NATO üzvlüyü yolunda belə bir ciddi əngəl var./“Yeni Müsavat”/


Tarix: 6-05-2019, 09:31
Xəbəri paylaş





Xəbər lenti