Əli İnsanov “səngər”dən çıxır: - Bu qayıdışa müxalifət də hazırlaşır, iqtidar da...


Əli İnsanov “səngər”dən çıxır:
Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə 14 illik həbsdən azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov “Amerikanın səsi”nə geniş müsahibə verib. Bu, sabiq nazirin – 2005-ci ildə həbs edildiyi andan etibarən, “qatı müxalifətçi”yə çevrilən İnsanovun azadlığa çıxdıqdan sonra müəyyən qədər konseptual sayıla biləcək çıxışıdır.

Məhkəməsinin davam etdiyi və ardınca həbsdə olduğu müddətdə cəmiyyəti mövqeyinin, dünyagörüşünün 180 dərəcə dəyişdiyinə inandırmağa çalışan İnsanov “Amerikanın səsi”nə müsahibəsində hazırlıq mərhələsində olan gələcək siyasi fəaliyyətinin istiqamətlərinə işıq salıb.

Keçmiş nazir ilk suala cavabında ötən əsrin Çörçill, Trümen, Reyqan, Tetçer kimi görkəmil siyasətçilərinin adlarını çəkib, onların müəyyən addımlarını xatırladıb, sitatlar gətirib, SSRİ-nin dağılmasında onların oynadığı mühüm rolu qeyd edib. Ardınca isə ilk növbədə Azərbaycanı nəzərdə tutaraq, bəzi postsovet ölkələrində “diktatura rejimləri”nin bərqərar olduğunu bildirib.

İnsanov özü üçün belə “münbit giriş”dən sonra qurucularından birinin məhz özü olduğu sistemin üzərinə gedib. Bəli, Azərbaycanda 1993-cü ilin iyununda baş verən hakimiyyət dəyişikliyindən sonra səhiyyə naziri olaraq, geniş təsir imkanlarına malik İnsanov həbs edildiyi ana qədər içində olduğu və dəstəklədiyi sistemin qurucu mühafizlərindən biri olub.

İnsanov müsahibəsində yaradılmasına başladığı yeni partiyasının hələlik təşkilatlanma mərhələsində olduğunu, “kəfəni boynunda” çıxdığı yola davam edəcəyini deyərək, müxalifətdaxili əməkdaşlığın vacibliyini də dilə gətirib.

Sabiq nazirin dediklərindən belə anlaşılır ki, o, müxalifət düşərgəsində səngiməyən nüfuz müharibəsində “tərəzi”nin bu və ya başqa gözünü “ağırlaşdırmaq” niyyətində deyil. Konkret desək, İnsanov partiyasını formalaşdırdıqdan sonra müxalifətdaxili inteqrasiyada bərabərhüquqlu tərəf, hətta birləşdirici faktor və “lokomotiv” qismində çıxış etməyə iddialıdır.

O, sözügedən müsahibəsində yaradılma prosesində olan partiyasının “Qərbyönümlü” olacağını xüsusi vurğulamaqla, siyasi-ideoloji orientasiyasını da açıq şəkildə göstərib. İnsanovun “Qərbyönümlü” xətt tutacağını birmənalı olaraq, ifadə etməsi həm də onun “Demokratiya paytaxtları”nın mənəvi dəstəyinə iddiasının göstəricisidir. Yəni İnsanov bununla müxalifət daxilində Qərbin maraqlarının ifadəçisi kimi görünmək istəyənlərə “əlcək atıb”.

Sabiq nazirin müsahibəsində diqqəti cəlb edən əsas məqamlardan biri də onun Qarabağ münaqişəsinin həllinə yanaşmasıdır. İnsanovun “qərbyönümlü” orientasiyası onun Azərbaycanın əsas probleminin həllinə yanaşmasında da özünü qabarıq göstərir. Əslən Ermənistandan (Qərbi Azərbayucan) olmasının altını qalın xətlə cızan İnsanov belə hesab edir ki, Qarabağ münaqişəsinin yaranmasında və böyük müharibəyə çevrilməsində nə azərbaycanlıların, nə də ermənilərin günahı yoxdur. İnsanovun fikrincə, Qarabağ münaqişəsi “ancaq və ancaq sülh yolu ilə həll oluna bilər”.

Bütün bu qeyd olunanlar Əli İnsanovun “Amerikanın səsi”nə müsahibəsində səsləndirdiyi fikirlərdən yaranan qənaətlərdir. Bəli, İnsanov kifayət qədər iddialı danışıb və onun ambisiyası tək müxalifət düşərgəsini deyil, bütövlükdə ölkəni əhatə edir.

Ancaq burada İnsanovun siyasi hesabları ilə ölkədəki mövcud reallıqların uyğunluğunu dəyərləndirməyə ehtiyac var. Yeni partiya quruculuğu ilə məşğul olan İnsanov bu prosesdə sözsüz ki, ilk növbədə Qərbi Azərbaycandan olan tərəfdarlarına güvənir. Onun partiyasının nüvəsinin regional prinsip əsasında formalaşacağı şübhə doğurmur. İnsanovun özünün region məsələsində həssaslığı və indiki vəziyyəti fərqli variantları nəzərdən keçirmək ehtiyacını aradan qaldırır.

Lakin maraqlıdır, İnsanov bu elektoratı hansı nisbətdə öz ətrafında səfərbər edə biləcək? Bəli, İnsanovun Qərbi Azərbaycanlılar arasında nüfuzu mübahisə predmeti deyil. Amma virtual rəğbət və onun rəhbərliyi altında siyasi proseslərdə iştirak məsələləri bir-birindən kəskin fərqlənir.

O baxımdan, hakimiyyətin müxtəlif pillələrində geniş təmsilçiliyə malik olan və müxtəlif sahələrdə geniş fəaliyyət imkanları əldə etmiş Qərbi Azərbaycanlılar İnsanovu dəstəkləmək üçün “isti yerlərini soyuq” etməyə nə dərəcədə hazırdırlar? İndiki şəraitdə bu məsələ yetərində skeptik görünsə də, gerçəklik konkret situasiyada, yəni İnsanov “səngər”dən tam çıxanda görünəcək.

Bu fikirlər İnsanovun potensial tərəfdar gözündə gördüyü digər kateqoriyaya aid əhaliyə də şamil edilə bilər. Siyasi fəallığı ilə seçilən kəsimin İnsanovun səfində yer tutub-tutmayacağı, ona dəstək verib-verməyəcəyi naməlumdur. Yəqin ki, o qeyri-müəyyənlik keçmiş nazirin siyasi faktora çevrilməsinə qədər davam edəcək. İnsanovun bunu bacarıb-bacarmayacağı artıq başqa mövzudur.

Digər tərəfdən, İnsanovun müxalifət düşərgəsində tutacağı yer də indidən maraqlı görünür. Bir daha qeyd edək ki, müxalifətin mövcud “ağırlıq mərkəzləri” İnsanovu liderə çevirməyin yox, onu öz “orbit”lərinə salmağın qayğısındadırlar. Bu mənada, iddialı anonslar verən İnsanovun ilk işlərindən biri də müxalifətdaxili qarşıdurmadan itkisiz çıxmağın yollarını axtarmaq olacaq.

Yəni gözlənilən qayıdışa hazırlaşan tək İnsanovun özü deyil… Müxalifətdə də, hakimiyyət daxilində də o qayıdış üçün hazırlıqlar görülür…
Kimin necə hazırlaşdığını isə nəticə göstərəcək.
www.yenicag.az
 
Tarix: 4-05-2019, 21:09
Xəbəri paylaş





Xəbər lenti