Pənah Hüseyn Qarabağ Komitəsinin yeni sədri seçildi


4 may mitinqinə mənfi cavab verildi


Mayın 1-də KXCP-nin qərargahında Qarabağ Komitəsinin toplantısı olub. İclasda Qarabağ Komitəsinə Pənah Hüseyn dönəm sədri seçilib. Buna qədər dönəm sədri Mirmahmud Mirəlioğlu idi. Pənah Hüseynin “Yeni Müsavat”a verdiyi məlumata görə, toplantıda İdarə Heyətinin QK-ya üzvlüyə qəbulla bağlı məlumatı dinlənilib. Nizaməddin Quliyev, Mövlanverdi Rəsulov üzvlüyə qəbul olunublar. İdarə Heyəti həmçinin Mehriban Vəzirin və digər üç nəfərin üzvlüyə qəbulu məsələsinə də baxıb. Sonra son dövrlərdə Azərbaycanla Gürcüstan arasında baş verən proseslər və bunun Qarabağ probleminə təsiri ilə bağlı diskussiyalar aparılıb. Bu barədə Qarabağ Komitəsinin xüsusi bəyanatı hazırlanıb.

İclasda “Azərbaycanın müharibə hüququ varmı?” mövzusunda dəyirmi masanın keçirilməsi haqqında qərar qəbul olunub.
Həmçinin Qarabağ Komitəsi cari məsələlərlə bağlı, 4 maya təyin edilən mitinqlə bağlı müzakirə aparılıb.

Pənah Hüseyn qeyd etdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin cavabı iclasdan sonra daxil olduğundan mitinqlə bağlı yaranmış yeni vəziyyətlə bağlı sabah yeni toplantı keçirilərək müzakirə olunacaq və qərar veriləcək: “Ümumi rəy belədir ki, Avropa İttifaı ilə saziş sənədinin hazırlanması gözlənildiyinə görə, yaxın 10 gündə razılaşdırılmamış aksiyalar olmasın. Həmin vaxtdan sonra isə yenə də mitinq üçün müraciətlərə mənfi cavablar olacaqsa, mitinqin başqa bir formalarda keçirilməsinin müzakirəsi başlanacaq”.

Pənah Hüseyn yeni dönəm sədri kimi aktiv işləyəcəyini də bildirdi: “Mən söz verdim ki, Qarabağ Komitəsinin fəaliyyətində müsbət irəliləyişlər olması üçün öz proqramımı təqdim edəcəyəm. Eyni zamanda hesab edirəm ki, Qarabağ Komitəsində islahatlara ehtiyac var. Gələn həftə İdarə Heyətinin yeni tərkibi seçiləcək. Bu barədə iclasda qəbul olunub”.


Tarix: 1-05-2019, 22:26
Xəbəri paylaş





Xəbər lenti