Vladimir Zelenski böyük səs fərqi ilə Ukraynanın prezidenti seçilib.
Belə ki, seçicilərin 73.15 faizi Zelenskiyə, 24,52 faizi isə Petro Poroşenkoya səs verib. Rəsmi olaraq elan edilməsə də, artıq Zelenskini Ukraynanın yeni seçilmiş prezidenti adlandırmaq olar. Petro Poroşenko isə hakimiyyəti öz siyasi xələfinə təhvil verməyə hazırlaşır.
Vladimir Zelenskinin prezident seçilməsindən sonra Ukraynanın xarici siyasətində müəyyən dəyişikliklərin olacağı ehtimal edilir. Bu baxımdan son 5 ildə yəni, Maydan inqilabından sonra Ukraynanın birmənalı şəkildə Avropaya və Avro-Atlantik məkana inteqrasiya siyasəti yürütdüyünü nəzərə alsaq, bu xarici siyasətin dəyişməsi ehtimalı o qədər real görünmür. Çünki hazırda Ukrayna ABŞ-ın və NATO-nun tam təsir dairəsində olan bir dövlət hesab edilir. Rusiya ilə bu düşmən münasibətin aradan qaldırılması və Ukraynanın Rusiya ilə yaxınlaşması hazırda ABŞ-ın və NATO-nun maraqlarına cavab vermir. Çünki Ukraynanın Rusiya ilə münasibətlərinin necə qurulması Şərqi Avropanın təhlükəsizliyi məsələsidir. Bu baxımdan Zelenskinin hakimiyyəti dövründə Ukraynanın Qərblə əvvəlki strateji əməkdaşlığı davam etdiriəcəyi, yoxsa, balanslı siyasət yürüdərək Rusiya ilə barışıq siyasətinə nail olmağa çalışması gündəmin əsas aktual təhlil mövzusuna çevrilib.
Maraqlıdır, Qərb Ukraynanı Rusiyaya güzəştə gedəcəkmi?
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, Ukraynada hakimiyətə gəlməkdə olan yeni siyasi qüvvələrin Rusiyaya torpaqlarını güzəştə gedəcəyi məntiqi görünmür:
“Başqa sözlə, Ukrayna demokratiya və Avropaya inteqrasiya üçün bu qədər əziyət çəkib, insan və torpaq itkisinə məruz qalıb. Yenidən Rusiyaya sarılacaqsa, bunlar nəyə lazım idi?! Bu baxımdan Avropanın, ABŞ-ın Ukraynanı Rusiyaya güzəştə gedəcəyi məntiqi görünmür. Ukraynanın güzəşt getməyə məcbur etməsi Qərbin Rusiyaya məğlub olması kimi də dəyərləndirlilə bilər. Bu isə qərbin nüfuzdan düşməsinə, ona inamın azalmasına səbəb olar”.
Şərqşünasın fikrincə, Zelenskinin komandası ərazi bütövlüyünün dinc yolla təmin edilməsi üçün danışıqları intesivləşdirəcək:
“Zelenskinin ilk olaraq ABŞ, Almaniya, Fransa, Britaniya rəsmilərinin təbrik etməsi Ukraynanın xarici siyasət kursunun dəyişməz qaldığının göstəricisidir. Ukrayna NATO və Avropa İttifaqının Rusiya ilə sərhədində yerləşir. Bu ölkədə demokratik və Avropa dəyərlərinin oturuşması Qərbin xeyrinədir. Ukraynada demokratikləşmə, avrointeqrasiya Qərbin maraqlarına uyğundur. Ona görə də Qərbin gələcəkdə Ukraynanın müasir Avropa dövləti olmasına yardım edəcəyi ehtimalı böyükdür. Ukraynada demokratiyanın qalib gəlməsi perspektivdə qonşu dövlətlərə də təsirsiz ötüşməyəcək. Ukrayna Qərbin əlində Rusiyaya davamlı təzyiq etmək üçün ən güclü vasitədir. Bu vasitədən onların imtina edib, onu Rusiyaya verəcəkləri isə indiki şərtlər daxilində ağılabatan görünmür. Qərb bir dəfə belə bir səhvi edib. Onlar 2010-cu ildə Yuliya Timoşenkonun yardımı ilə Viktor Yuşşenkonu Viktor Yanukoviçə qurban verərək, ikincinin yenidən prezident olmasına yardım etdilər. Ona görə də 2013-cü ilin noyabrından sonra Maydan hərəkatı yarandı. Bu, 2014-cü ilin iyununda qərbyönlü milyarder Petro Poroşenkonun prezident olması və onun ölkədə demokratik seçki keçirməsinə səbəb oldu”.//Cebhe.info//