Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Cebhe.info xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, ölkədə fəaliyyət göstərən 15 Elmi Tədqiqat İnstutu, 18 Tibbi Birlik, 13 Stasionar müəssisə, 1 Ambulator-poliklinika müəssisəsi, 15 Təcili tibbi yardım müəssisəsi, 3 digər qurumlar, şəhərlər və rayonlar üzrə bütün xəstəxanalar, tibb məntəqələri TƏBİB-in ixtiyarına veriləcək. Səhiyyədə ölkənin ən problemli sahələrindən biridir. Yeni Birliyin yaradılması bu çatışmazlıqları aradan qaldırmaq məqsədi daşıyır.
Ölkədə fəaliyyət göstərən bütün tibb müəssisələrin, məntəqələrinin, xəstəxanaların TƏBİB-in tabeliyinə verilməsi bunun əyani sübutudur. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin fəaliyyətə başlaması və öz istiqamətini genişdirməsi daha bir nazirliyin ləğv olunmasına səbəb ola bilər. Çünki TƏBİB-in yaradılması və tam fəaliyyətə başlamasından sonra Səhiyyə Nazirliyi faktiki olaraq işsiz qalacaq.
Yeni Birliyin yaradılmasından sonra Səhiyyə Nazirliyi dərmanların ölkəyə gətirilməsi, keyfiyyətinin monitorinqi və istehsalına nəzarət edəcək. Ancaq bu prosedura görə bütöv bir nazirliyin saxlanılması inandırıcı görünmür. Səhiyyə Nazirliyi ilə bağlı şikayətlərin çoxluğu, səhiyyə sahəsində nöqsanlar, ölkədə normal tibbi xidmətin olmaması, hətta yüksək vəzifəli şəxslərin belə ölkə səhiyyəsinə etibar etməyərək müalicə üçün xaricə getməsi nazirliyin rəhəbərlik etdiyi sahədə ciddi forma və məzmun dəyişikliyini qaçılmaz edir. TƏBİB layihəsinin özünü doğrultması bu məsələnin konkretləşməsinə səbəb ola bilər.