Azərbaycanın müxalifət düşərgəsində ReAL siyasi hərəkatı rəhbərliyinin (lideri keçmiş siyasi məhbus İlqar Məmmədovdur) Brüsseldə Avropa İttifaqı ilə danışıqlarda Prezident İlham Əliyevin islahatçılıq kursunu dəstəkləməsindən qaynaqlanan qalmaqal davam edir.
Virtualaz.org-un daha əvvəl xəbər verdiyi kimi, bu barədə qalmaqallı məlumatı Facebook sosial şəbəkəsindəki səhifəsində Azərbaycanın İKT-dəki keçmiş səfiri, müxalifətçi Arif Məmmədov paylaşmışdı. Bunun ardınca müxalifət lideri- Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli İlqar Məmmədov və onun silahdaşlarından izahat tələb etdi. Lakin İ.Məmmədov və Qərblə danışıqlarda iştirak etmiş ReAL nümayəndələri Natiq Cəfərli və Erkin Qədirli AXC-yə qarşılıqlı ittihamla cavab verdilər və bildirdilər ki, Ə.Kərimlinin seçdiyi yol müxalifəti dalana gətirib çıxarıb və yalnız mövcud hökumətin ömrünü uzatmasına xidmət edib.
Müxalifət jurnalisti, Əli Kərimlinin silahdaşı, Fransada yaşayan Qənimət Zahid dünən Facebook sosial şəbəkəsindəki səhifəsində İ.Məmmədovu və ReAL hərəkatını Brüsseldə İ.Əliyev hökumətinin maraqlarının lobbiçiliyində ittiham edərək kəskin tənqidə məruz qoyub.
Q.Zahid bildirib ki, özü jurnalist araşdırması aparıb və onun nəticəsi Arif Məmmədovun Qərb diplomatlarından aldığı məlumatlarla tamamilə üst-üstə düşür.
Q.Zahidin yazdıqlarını təqdim edirik: “Mənbələrə də, şəxslərə də istinad edəcəm. Arif bəy öz mənbələrindən öyrənib ki, ReAL nümayəndə heyəti Brüsseldə aşağıdakı 4 tezisi səsləndirib:
1. Siyasi dustaqların böyük bir qrupunun azadlığa buraxılması bu islahatların real başlanğıcı sayıla bilər. Mənim araşdırmam: Natiq Cəfərli öz statusunda yazıb: “Dünənki əfv addımı pozitiv xəbər oldu, siyasi açılım işarəsi kimi qəbul edilə bilər”. Bunu Bakıda yazırsınızsa, Brüsseldə niyə deməyəsiniz? Təbii ki, orada da demisiniz. Nəyə etiraz edirsiniz?”.
2. Mitinqlər və küçə yürüşləri İlham Əliyevin başladığı islahatları ləngitmək və hətta qarşısını almaq üçün hakimiyyətdəki konservatorlara arqument verir. Mənim araşdırmam: Əgər sizin lideriniz Bakıda hamının qarşısında “Mitinqlər İlham Əliyevə sərf edir” deyirsə, biz nəyə görə sizin uzaq Brüsseldə Milli Şuranın mitinqlərinin İlham Əliyevin ətrafına sərf etdiyini deməyinizə inanmayaq? Axı mitinqlər haqda Brüsseldə dediyiniz iddia olunan fikirlər sizin mitinqlər haqda dediyiniz ən yumşaq fikirlərdir. Nəyi təkzib edirsiz?
3. Azərbaycanda siyasi müxalifət düşərgəsində bəzi qüvvələrin taktikası ölkəni Suriyaya çevirə bilər. Mənim araşdırmam: Sədriniz İlqar Məmmədov hamının gözünün qarşısında Milli Şuranı inqilab etməyə cəhddə qınayıb. Sitatlar çoxdur, bura bir neçəsini yerləşdirirəm: “ya seçkisiz “inqilabi inqilab” absurdu”, “seçkisiz inqilab haqqında söhbətlər - danışanın nağılı, gedənin isə fəlakət yoludur”, “İlham Əliyev mitinqə 4 dəfə icazə vermədisə inqilab etməyəcəksiniz?” Əgər sədriniz Bakıda hamının qarşısında Milli Şuranı günaşırı inqilaba cəhddə ittiham edirsə, sizin Brüsseldə müxalifətin ölkəni Suriyaya çevirəcəyini demənizə niyə inanmayaq?
4. ReAL bu proseslərədə özünəməxsus xətt tutub, sabitliyi poza biləcək mitinqlər və kütləvi aksiyalar yolunu yox, təşkilatlanmaqla seçkilərə qatılmaq xəttini əsas götürür. Bunu da təkzib etmək istəyirsiniz?
Bu fikirləri siz hər gün səsləndirmirsiniz? Sizi başa düşürəm, Azərbaycandan Brüsselə müxalifət adı ilə səfər etmiş şəxslərin bu tezisləri səsləndirməsinin ictimaiyyətə açıqlanması sizə diskomfort yaradır, güzgüdəki rəsmdən bir az sıxılırsız. Ancaq nə etmək olar, siz xeyli müddətdir ki, bu yanlış yoldasınız. Arif bəyi təkzib etmək haqda yox, bu yanlış siyasi xəttdən imtina haqda düşünsəniz çox- çox yaxşı olar. Elə özünüz üçün də...”.
Spartak Həsənov
Virtualaz.org