“Əgər problemi pulla həll etmək mümkündürsə, bu artıq problem deyil, xərclərdir”
(Yəhudi ata sözü)
Deyir Ermənistandan Ağdama köçürülən 66 ailə çətinliklər içərisində yaşayırmış. Ermənistan hakimiyyəti 2000-ci illərin əvvəlində onları aldadıb bura köçürübdür, lakin iqtisadi-sosial çətinliklərini həll etməyiblər. Yol yox, əkin suyu yox, hərdən də Azərbaycan ordusu güllə atırmış. Vay-vay. Adamın lap yazığı gəlir. Gərək biz onların problemlərinə çarə tapaq. Ölməmişik ki. Son yüz ildə ermənilərin problemlərini həll etməklə məşğuluq. İndiki halda ilk növbədə ordudan xahiş edək, həmin 66 ailə məskunlaşan tərəfə çaşıb güllə atmasınlar. İkincisi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA – bunun abbreviaturası Ay kraterlərinə bənzər yol çəkməyə işarədir) tapşıraq, növbəti kvartalda Şuşa-Xankəndi-Şelli-Qarağacı-Ağdam yolunun 15,9 kilometrlik hissəsinin çəkilişini həyata keçirsinlər, yolun qıraqlarına müasir işıq dirəkləri basdırılsın, mənzərəli hissələrdə, bulaq və meşələrin yanında əhalinin asudə vaxtını səmərəli keçirməsi üçün skameykalar qoyulsun. Nazirlər Kabineti Vartanın kiçik qızının Suriya ermənisi Artura ərə getməsi üçün lazım olan tədbirləri 3 ay ərzində müəyyən etsin.
Zarafat eləmirəm, bunlar hamısı vacib işlərdir. İqtisadi gücümüz də bütün belə işləri görməyə yetərlidir. Lazım gəlsə biz Xankəndinin baş planını yeniləyərik. Sözgəlişi, bir ara ermənilərin Bakıya dönüşü işində qızğınlıqlar yaşanırdı, az qala hər gün bir erməni ailəsi qayıdırdı. Televizorda, qəzetlərdə intervülər verirdilər. Hətta bir erməni yanılmıramsa İsveçdən Bakıya gəlmişdi. Nəsə oldu, proses səngidi. Halbuki, vacibdir. Biz nə qədər sülhsevər, tolerant, multikultural olduğumuzu nümayiş etdirməliyik. Şair demişkən, kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur bir quzunu. Ya da yer üzünü – dəqiq yadımda qalmayıb. Əsas odur qan izi kəsilsin. Qan damarda gözəldir. Erməni qan gördü, qorxdu.
Baş plan demişkən, keçən ay çox vacib qanun qəbul edildi, lakin zəhmətkeşlərimizin çoxu bunu bilmədi. İndi istərdim geniş məlumat yazım, çünki qanunları bilməmək insanı məsuliyyətdən azad eləmir. Örnək üçün, konstitusiyada Azərbaycanda hakimiyyətin mənbəyinin xalq olduğu yazılıb, lakin heç çox adam bunu bilmir. Bir gün cəhənnəmdə buna görə qır qazanına basıb yandıranda ayılacaqlar. Qayıdaq baş plan haqda yeniliyə. Nazirlər Kabineti müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiqi qaydalarına dəyişiklik elədi. Açıqlayım, bilin. Sən demə indiyə qədər Bakı şəhərində baş plan hazırlanarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılaşdırılmalı idi. Dəyişikliyə əsasən, bundan sonra müfəssəl planlar həm də Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmalıdır.
Əla. Biz BNA-ya yeni səlahiyyətin verilməsi münasibətiylə idarəni təbrik edirik. Həqiqətən, idarənin sayəsində indi bütün dayanacaqlarda elektron lövhələr var, orada hansı avtobus haçan gələcək, hara necə gedə bilərsən – heç birini öyrənmək mümkün deyildir. Niyə də öyrənəsən? Həyatda hər şey nisbidir. Zaman və məkan əslində insanın uydurmasıdır. Böyük ustad Alan Uots demişkən, “Kainat sən özünsən”. BNA-ya müfəssəl plana barmaq eləmək səlahiyyəti veriləndən sonra isə güman edirik Bakının baş planı tam vəhdətül-vücud, nirvana, ekstaz durumuna çatacaqdır. Daha heç kim bilməyəcək nə tikir, nə sökür, bu gün qazılan çala nədən ötrüdür, dünən qazılan quyuya kim düşüb və sairə. Bir neçə yüz milyon manat da BNA-nı Bakının baş planına əhlilləşdirməyə sərf olunacaqdır.
Lap axırda BNA Ağdama köçürülən ermənilərə yardım etməyə göndərilməlidir. Qoy onlar da planlaşdırmadan, gül iyi gələn işdən ləzzət alsınlar. Zamin Hacı