Ermənilər təşvişdə: Xankəndi hava limanı vurula bilərmi?


Ermənilər təşvişdə: Xankəndi hava limanı vurula bilərmi?

ABŞ Nümayəndələr Palatasının üzvü Bred Şermanın Azərbaycana qarşı sanksiyalaşdırıcı qərar qəbul etmək təklifi ermənilərin sevincinə səbəb olub.

Ermənistan və Dağlıq Qarabağdakı işğalçı rejim B.Şermanın təklifindən yapışaraq Xocalıdakı hava limanını beynəlxalq mülki təyyarələrin uçuşları üçün açmağa çalışır. Qeyd edək ki, Konqresdə erməni lobbisinin fəal nümayəndəndələrindən sayılan Bred Şerman Azərbaycana mülki təyyarələri vurmaq qabiliyyətini artıran silahların satışını qadağan edən təklif irəli sürüb. 

Şerman bu məqsədlə “Milli Müdafiə üçün Büdcə Ayırmaları Haqqında” qanuna dəyişiklik təqdim edib.   

İyulun 4-də ABŞ-ın İstiqlaliyyət bayramından sonra Nümayəndələr Palatasının İntizam Komitəsinin toplaşaraq B.Şermanın dəyişiklik təklifini müzakirə edəcəyi xəbər verilir. Əgər Komitə dəyişiklik qərarı verərsə, Azərbaycana sanksiya tətbiq edilməsi barədə qərarını Konqresin aşağı palatasına təqdim edəcək. 

Xatırladaq ki, ermənilər Xocalı hava limanını təmir edərək Xankəndi hava limanı adını verib. 2011-ci ildə erməni işğalçıları adıçəkilən ərazidən çarter reyslərinə başlamaqla qondarma rejimin xaricə çıxışını təmin etməyə və bu yolla da beynəlxalq aləmdə tanınmasına çalışdı. Lakin Azərbaycan Dövlət Mülki Aviasiya Adminstrasiyası ermənilərin təşkil etdiyi uçuşların qanunsuz olduğu və rəsmi Bakının buna imkan verməyəcəyi barədə xəbərdalıq etdi. 2011-ci ildə sözügedən adminstrasiyanın direktoru vəzifəsində çalışan Arif Məmmədov Azərbaycan hökumətinin Beynəlxalq Mülki Aviasiya Təşkilatına xəbərdarlıq göndərdiyini bildirmişdi. Həmin sənəddə bildirilirdi ki, Xankəndi hava limanına reyslər razılaşdırılmadığı üçün mülki aviasiya haqqında qanuna uyğun olaraq, ora uçuş etmək istəyən bütün təyyarələr fiziki cəhətdən məhv ediləcək. Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmalı olan ermənilər bu planın icrasını dayandırdılar. 

İndi konqresmen Şermanın təklifindən həvəsə düşən Dağlıq Qarabağdakı işğalçı rejim B.Şermanın Azərbaycana silah satışına qadağa qoymaq təşəbbüsünü alqışlayan bəyanat yayıb. 

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan ərazisi işğal olunmuş dövlət kimi hava sərhədlərini pozan istənilən mülki və ya hərbi təyyarəni məhv etmək hüququna malikdir:“Ermənilər son vaxtlar bir neçə təxribat həyata keçirib və nəticədə xoşagəlməz vəziyyət yaranıb. Bu səbəbdən də işğalçı tərəf Azərbaycanın həmin təxribatların qarşısını almaq üçün belə silahlardan istifadə edə biləcəyindən narahatdır. Zərurət yaranarsa, Azərbaycan belə bir qərar qəbul edəcək. Çünki həmin təyyarələri vurmaq üçün Azərbaycanın imkanları var. Azərbaycan Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının arsenalında düşmənin təxribatlarının qarşısını almaq üçün silah-sursatı var. Sadəcə, ermənilər danışıqlar prosesi uzandıqca, istədiklərini edə biləcəklərini, o cümlədən mülki təyyarələrin uçuşlarını həyata keçirə biləcəklərini düşünürlər. Düşünürlər ki, Azərbaycan həmin təyyarələrə qarşı silah işlədə bilər və narahatlıqları da burdan qaynaqlanır.

Digər tərəfdən, ABŞ-da 2020-ci ildə həm Konqres, həm də Prezident seçkiləri keçiriləcək. Hər bir siyasi partiya da seçkilərdə erməni lobbisinin və diasporasının dəstəyini əldə etməyə çalışır. Bred Şerman da bu təklifi irəli sürməklə ermənilərin dəstəyindən yararlanmaq istəyir. 

İstənilən halda, Azərbaycan Ermənistanı xəbərdar edib ki, hər bir təxribatın qarşısı alınacaq. Paşinyan bir-iki dəfə hərbi helikopterlə Qarabağa gəldi və təxribata cəhd göstərdi. Burada beynəlxalq qurumların da rolu var idi. Amma Azərbaycan bu təxribata getmədi. Ermənilərin bundan sonra belə genişmiqyaslı təxribata gedəcəyini düşünmürəm. Ermənistanın işğal etdiyi əraziləri danışıqlar yolu ilə qaytaracağı inandırıcı görünmür. Əgər onların belə bir niyyəti yoxdursa, biz nəyə görə düşmənə öz təxribatlarını davam etdirməyə şərait yaratmalıyıq. Bred Şermanın qaldırdığı məsələ və ona ermənilərin reaksiyası işğalçı tərəfin gələcəkdə Azərbaycanın hava məkanını pozmaq istəyindən xəbər verən bir siqnaldır. Azərbaycan da bunun qarşısını mütləq mənada almalıdır”./Cebhe.info/



Tarix: 29-06-2019, 14:46
Xəbəri paylaş





Xəbər lenti