“Qalstuklu müəllimlər başa düşsünlər...” – Ekspertdən sadə izah

 “Dünəndən bəri TV kanallarda, KİV-lərdə nazirlər, məmurlar, deputatlar, hökumətyönlü ekspertlər israrla iddia edirlər ki, maaş, təqaüd, gəlir artımı inflyasiyaya səbəb ola bilməz, manatın məzənnəsinə təsir etməz. Çox sadə dildə iqtisadiyyatın bəzi təməl qaydalarını izah etməyə çalışacam ki, qalstuklu müəllimlər də başa düşsünlər”.“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, keçmiş FED başqanı Ben Bernanke deyirdi ki, məndən olsa hər gün ABŞ əhalisinə göydən pul səpərəm, çünki əhali istehlakçıdır, o pula həmən nəsə alacaq, Amerika iqtisadiyyatı canlanacaq, inflyasiya da cüzi artacaq, çünki dolların 70%-i ABŞ-dan kənarda dövr edir.
“ABŞ-da istehsal, idxal, xidmət, mal-məhsul bolluğu o qədər çoxdur ki, əlavə pul kütləsi kəskin inflyasiyaya səbəb olmur, ola da bilməz.
Gələk Venesuelaya, bu ölkə dünyada ən yüksək inflyasiya olan dövlətlərdən biridir. Populist hökumət son 15 ildə hər il maaş və təqaüdlərləri dəfələrlə qaldırırdı - amma mal-məhsul, xidmət bolluğu, istehsal həcmi artmırdı deyə pulları dəyərdən düşürdü. Ölkənin tam neftdən asılı olması isə ayrı bir dərd idi, əlavə dəyər yaradan digər sahələr az inkişaf edirdi. Nəticədə Venesuellada hiperinflyasiya baş verir, qiymətlər hər gün artır, mağazalarda məhsul tapılmır, Bolivarları adi kağız parçasına çevrilir.
Azərbaycan, təbii ki, nə ABŞ, nə Venesuela deyil, baxmayaraq ki, Karakasla bənzər tərəflərimiz az deyil. Yəni, məmləkətdə istehsal həcmi o qədər çox deyil ki, dövriyyəsi artan manat kütləsini iqtisadiyyat rahat həzm edə bilsin və idxaldan da o qədər ağrılı səviyyədə asılıyıq ki, istənilən xarici amil həmən ölkədə qiymətlərə təsir etməyə başlayır.
Qiyməti tələb-təklif qanunu formalaşdırlr, ölkədə tələb artır (əhali çoxalır, turist gəlir, maaşlar və təqaüdlər artır), amma daxili istehsal azdır deyə təklif artmır axı - deməli qiymətlər yüksəlir, paralel olaraq da tələbi qarşılamaq üçün idxal artır, yəni, ölkədən daha çox valyuta çıxır ki, bu da dollara tələbi yüksəldir.
Bir sözlə, hökumətin verdiyi maaşın-təqaüdün içində hər 10 manatın 9 manatı neftə görədir, camaatın da xərclədiyi hər 10 manatın 7 manatı dollar olub ölkədən çıxmağa məhkumdur.
Bu sadə sxemdə də görünür ki, ölkədə pul kütləsinin dövriyyəsi artdıqca inflyasiyanın yüksəlməsi, manatın məzənnəsinə basqıların artması qaçılmazdır. Bunun qarşısını mal-məhsul bolluğu, yerli istehsalın artması, rəqabətli mühit ala bilər. Qeyd etdiyim ardıcıllığın olması üçün isə ədalətli məhkəmə sistemi lazımdır. Ədalətli məhkəmə üçün isə azad seçki vacibdir”.
Tarix: 20-06-2019, 14:06
Xəbəri paylaş





Xəbər lenti