İşğalçıya daha bir il vaxt verəkmi?


2018 Azərbaycan üçün iqtisadi sferada bir sıra meqa-layihələrin reallaşması ilə yadda qaldı. Ancaq əfsus ki, əsas məsələmiz olan Qarabağla bağlı yenə ciddi irəliləyiş olmadı. İşğal davam elədi. İlin ortalarında düşmən ölkədə hakimiyyət dəyişsə də, onun rəhbərliyinin problemə yanaşması dəyişmədi. Hərçənd, tam açılmamış “boğça” kimi Nikol Paşinyana bəzi ümidlər qalır.

Bişəkk, Paşinyan da sələfləri kimi öz üzərində təzyiq hiss eləməsə, “Qarabağ yükü”nə güc vurası deyil. Bunu isə ya böyük dövlətlər - Rusiya və ya ABŞ edə bilər, ya da Azərbaycan Ordusu.

Daha bir təhdidedici amil var: işğalçı ölkənin getdikcə ağırlaşan sosial-iqtisadi durumu, üzücü blokada vəziyyəti. ABŞ-ın təzyiqi və sanksiyaları altında İran tərəfdən “nəfəsliyin” daha da daralması ilə bu durumun bir az da qəlizləşəcəyi gözlənilir.

O gün Rusiya XİN-in qırğılarından olan Mariya Zaxarova ilsonu başımızın altına yenə rus “yastığı” qoyaraq bəyan edib ki, “Rusiya Qarabağ məsələsində ondan asılı olan nə varsa edəcək, bütün zəruri addımlar atılacaq”. Yəni ki, əlindən gələni edəcək.

Mariya gözünün içinə kimi yalan deyir təbii ki. Rusiya əlindəki imkanların çox yox, cəmi 5%-ni istifadə eləsəydi, konflikt çoxdan sönmüşdü. İstəmir. Çünki Qarabağ ixtilafı ona hava-su kimi lazımdır. Bir də siz heç görmüsüzmü ki, Moskva özünün yaratdığı konflikti özü də söndürsün?

Yuxarıda dedik, Ermənistanda hakimiyyət dəyişsə də, Qarabağa yanaşma hələ ki dəyişməyib. Eləcə də Rusiya: rəhbərlər bir-birini əvəzləsə də, üzü Qorbaçovdan bu yana Moskva problemə eyni yanaşma sərgiləyir. O zaman bizim üçün Qorbaçovla Putinin nə fərqi qalır?

Müxtəsəri budur ki, Moskva könüllü şəkildə problemin həlli üçün qolunu çirmələməyəcək. Buna o getsəydi 30 ildə gedərdi. Təkrar edirik, könüllü şəkildə çətin ki, buna getsin. Nəsə situasiya dəyişməli, geosiyasi proseslər Kremlin əleyhinə o dərəcədə neqativ xarakter almalıdır ki, Qarabağ ixtilafının uzanması artıq onun xeyrinə yox, ziyanına işləsin. Bu isə hələlik görünmür. Ancaq nə bilmək olar.

Bəs nə edək?

Güclənək, güclənək və bir daha güclənək!! İqtisadi cəhətcə, hərbi cəhətcə, demokratik cəhətcə. İşğalçıdan hər cəhətcə dəfələrlə üstün olaq ki, ilk fürsətdəcə - Rusiyanın başının özünə bərk qarışdığı vaxtda, uyğun beynəlxalq şərtlərdə qısa müddətdə hərbi yolla məsələni çürüdək. Yaxud heç olmasa, Dağlıq Qarabağ ətrafında, lap elə onun içində 1 və ya 2 rayonu təmizləyib, orada oturaq. Əmin olun ki, gücümüzü görən düşmən ondan sonra quzuya dönəcək və 1992-cü ilin uğurlu yay hərbi kampaniyasındakı kimi mədəni muxtariyyət üçün belə, yalvaracaq.

Bu xüsusda politoloq Elxan Şahinoğlunun maraqlı təklifi var. Deyib ki, Bakı İrəvana uzağı, 3 ay vaxt və ultimatum verməlidir. Çünki Nikol Paşinyan hələ ki Azərbaycanla sülhə ümid verən heç bir fikir səsləndirməyib. Tam əksinə, onun açıqlamaları işğalın davam edəcəyini göstərir. Onun fikrincə, Paşinyana ultimatumunun mətni belə ola bilər: “Ermənistan ordusu yaxın 3 ayda Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmalıdır. Əks halda, Azərbaycan məcburi addımlar atacaq”.

Politoloq yaxın tarixə də ekskurs edib. Sitat:" İraq 1990-cı illərin əvvəllərində Küveyti işğal etmişdi. Bundan sonra Vaşinqton Səddam Hüseynə Küveyti boşaltmaq üçün vaxt verdi. Vaxt bitdikdə ABŞ “Səhrada fırtına” əməliyyatına başladı. Azərbaycan bu təcrübədən faydalana bilər".

Bənzətmə bir qədər qüsurlu da olsa, işğal - işğaldır. Həm Küveytin, həm də Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT TŞ-nin müvafiq qətnamələri var. Birincilər qısa müddətdə reallaşıb. Qalır Qarabağa dair 4 sənəd-qətnamə...

İndi nə deyirsiniz, biz də xalq olaraq işğalçıya 3 ay möhlət verəkmi, yoxsa bir il də işğal rejiminə dözək? Qarşıdan bayram günləri gəlir. Son dəfə düşünmək üçün hamımızın gen-bol vaxtı var...

 

Zahid SƏFƏROĞLU
Tarix: 29-12-2018, 08:25
Xəbəri paylaş





Xəbər lenti