Taha Kirmani: Koronavirus epidemiyası İranda siyasi böhrana çevrilməkdədir
İranda koronavirus infeksiyasından ölənlərin sayının sürətlə artmasından sonra qonşu ölkələr İranla sərhədlərini bağladıqlarını bildirib. Amerikanın Səsinə danışan jurnalist Taha Kirmani hesab edir ki, yoluxmalar İranda siyasi böhrana çevrilməkdədir. “Artıq həm millət, həm səhiyyə qurumunun məsulları, həm də siyasilər koronavirus böhranının olduğunu qəbul edirlər. Ancaq baxdığımızda bu sağlıq böhranı gedərək bir siyasi böhrana çevrilir. Bu məsələnin idarəetməsi siyasilər arasında ciddi ixtilaf mövzusu olub. Çox radikal tənqidlər var,” Kirmani söyləyib.
Jurnalistin dediklərinə görə, İran hakimiyyətinin mövzu ilə bağlı informasiya axınının qarşısını alması virusun daha sürətlə yayılmasına zəmin hazırlayıb:
“Hətta Çin nümunəsi ilə müqayisə etdiyimizdə görürük ki, bu xəstəlik və virus inanılmaz bir sürətlə İranın hər tərəfinə yayılmağa başlayıb. Başqa bir tərəfdən də, hakimiyyətin normal bilgi axışını əngəllədiyinə görə sağlıqlı bilgilər əldə edə bilinmir. Bu da ciddi anlamda bilgi kirliliyi və dedi-qoduların yayılmasına səbəb olub.”
Taha Kirmani əlavə edib: “Belə durumlarda əsas ehtiyaclardan biri ümumi məlumatlandırma, yəni toplumun məlumatlandırması və məsələ ilə bağlı hazırlıqlı olmasıdır. Bu, toplumda stress və həyəcanın artmasına mane olar. Amma, hakimiyyətin bu durumu idarə etməyə niyyəti olsa belə millətə söz eşitdirməkdə çətinlik çəkir. Əsasən, hakimiyyət və millət arasındakı məsafə bu böhranın idarəetməsini daha da çətinləşdirir.”
Tarix: 26-02-2020, 17:35