Kremli qorxuya salan plan


Kremli qorxuya salan plan

Suriyanın İdlib bölgəsində Rusiya və Türkiyə arasında yaranmış gərgin qarşıdurma nəticəsində ilk dəfə olaraq açıq hərbi toqquşma baş verib.

Rusiya hərbi hava qüvvələrinə məxsus təyyarələr Rusiya Hava Qüvvələrinin bombardmançıları Türk qoşunlarına hücum edib. Bəzi məlumatlara görə, Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri qurudan hücuma dəstək verib. Hərbi əməliyyatların Türkiyə-Suriya münaqişəsindən Türkiyə-Rusiya mustəvisinə keçməsi bölgədə genişmiqyaslı müharibənin başlanmasına səbəb ola bilər. Siyasi müşahidəçilər nə Türkiyənin, nə də Rusiyanın belə bir müharibədə maraqlı olmadığını bildirir.

Ancaq tərəflərin hələlik ortaq təmas nöqtələri tapa bilməməsi yaranmış münaqişənin uzanmasına şərait yaradır. Bu hadisə Suriya böhranı ilə bağlı bir sıra siyasi nəticələri meydana çıxarır. İlk növədə, iki böyük dövlət arasında hərbi qarşıdurma Rusiya və Türkiyə arasında Suriya böhranının həllinə dair 2016-cı ildən davam edən taktiki müttəfiqliyin başa çatmasına səbəb ola bilər. Çox güman ki, müttəfiqlər arasında münasibətlərin pozulması Türkiyə, Rusiya və İran prezidentlərinin Tehranda keçirilməsi nəzərdə tutulan müzakirələrin təxirə salınmasına gətirib çııxaracaq. Yaxın vaxtlarda İdlib probleminin həllinə dair Türkiyə, Rusiya və İran arasında kompromis variant tapılmasa üçlük formatının mövcudluğu sual altına düşəcək. Bu isə bölgədə tamamilə yeni siyasi konfiqurasiyasının formalaşması ilə nəticələnə bilər. Əgər əvvəllər Suriyada əsas geosiyasi aktorlar kimi Rusiya, Türkiyə və İran çıxış edirdisə, indi bu prosesə ABŞ, NATO, Almaniya, Fransa kimi fövqəlgüclərin qoşulduğnu görmək olar. Türkiyənin İdlibə silahlı qüvvə yeritməsindən sonra bölgədə qüvvələr nisbəti xeyli dəyişib. Rusiyanın Türkiyəyə qarşı mübarizədə Əsəd rejiminə hərbi dəstək verməsində əsas məqsəd də status-kvonu qoruyub saxlamaqdır. Əks təqdirdə, Bəşər Əsəd hakimiyyətinin məğlubiyyəti Türkiyəni İdlib vilayəti də daxil olmaqla Suriya ərazisinə ən çox nəzarət edən dövlətə çevirəcək. Ona görə də hazırda Ankara, Dəməşq və Moskva hazırda Suriyanın şərqi ilə qərbini birləşdirən M4 və İdlib-Dəməşq istiqamətində şimalı ilə cənubunu bağlayan strateji əhəmiyyətə malik M5 magistral yolları uğrunda mübarizə aparır. Suriya-İraq sərhəddindən başlayaraq Menbiç-Hələb-İdlib istiqamətində uzanan M4 yolu Lazkiyə vilayətindən keçməklə Aralıq dənizi sahilinə qədər uzanır. Rusiya Tarus və Hmeym hərbi hava bazaları da məhz Lazkiyədə yerləşir. Bu səbəbdən, Rusiya M4 yoluna quru nəzarətini ələ keçirmək istəyir. Hər iki yolun İdlib yaxınlığındakı qovşağına yaxın yaşayış məntəqəsi Sarakib şəhəri və Nayrab kəndirir. Bəşər Əsədə tabe ordu qüvvələrinin Sarakibi tutduqdan sonra İdlib istiqamətində irəliləməsi də məhz bununla bağlıdır. Suriya Milli Ordusunun Nayrab kəndini Əsəd qüvvələrindən geri almasına baxmayaraq, Rusiya həmin istiqamətdə Türkiyə ordusunun mövelərinə aviazərbələr endirməklə strateji mövqeləri əldə saxlamağa cəhd göstərir. Əslində, rəsmi Ankara M4 və M5 yollarının açıqlmasına və Rusiyanın bu ərazidən istifadəsinə etiraz etmir. Lakin Rusiya İdlib vilayətinin bütünlüklə Bəşər Əsədin hakimiyyəti altına keçməsini təmin etməklə daha böyük miqyaslı və uzunmüddətli planlarını reallaşdırmağa çalışır. Kreml İdlibdəki hücumlarını “Fət əş-Şəm” terror qruplaşması ilə mübarizə aparmaqla əsaslandırmağa çalışır. Lakin İdlibin Əsəd rejiminin və Rusiyanın nəzarətinə keçməsi 3,5 milyondan artıq qaçqının Türkiyəyə və Avropaya üz tutmasına səbəb ola bilər. Artıq atəş altından xilas olan 1 milyondan artıq dinc əhali Türkiyə sərhəddinə üz tutub. Onların bir qismi Türkiyənin “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatları zamanı Suriyanın şimalında azad etdikləri ərazilərdə yerləşib. Lakin Bəşər Əsəd hərbi əməliyyatların İdliblə yekunlaşmayacağını bəyan edərək, Türkiyə SQ-ni ölkənin şimalını tərk etməyə çağırıb. Ona görə də qaçqınların müdafiə olunmaq üçün Türkiyəyə və Avropa ölkələrinə üz tutması ehtimalı böyükdür. Bu isə həm Türkiyənin, həm də Avropa ölkələrinin üçün növbəti humanitar fəlakət dalğası ilə üzləşməsi deməkdir. Ən böyük problem isə İdlib vilayətində “Əl-Qaida” terror təşkilatına bağlı olan yaraqlıların qaçqınların arasında Türkiyə sərhəddini keçməsi ola bilər.

Xatırladaq ki, 2013-2015-ci illərdə İŞİD-ə və “Əl-Qaida”ya bağlı terrorçuların miqrant adı ilə sərhəddi keçməsi Türkiyədə, Almaniyada, İsveçdə, Belçikada, Fransada terror aktlarının baş verməsi ilə nəticələnmişdi. Yəni Rusiyanın əsl planı da yenidən terrorçuları dinc əhali ilə birlikdə sıxışdırıb Türkiyəyə keçməsinə nail olmaqdır. Bununla da Rusiya Türkiyənin və Avropa Birliyinin təhlükəsizliyinə problem yarada bilər. ABŞ-ın və NATO-nun idlib məsələsində Türkiyəyə dəstək verməsinin əsas səbəblərindən biri də məhz bununla bağlıdır. Ona görə də siyasi müşahidəçilər hesab edir ki, sözügedən problemə münasibətdə Avropa Birliyinin mövqeyi həlledici təsirə malik ola bilər. Almaniya kansleri Angela Merkelin və Fransa prezidenti Emmanuel Makronun Rusiyanın dövlət başçısı Vladimir Putinə müraciət edərək hərbi əməliyyatları dayandırmağı tələb etməsi artıq AB-nin reaksiyasını əks etdirir.

Ancaq Rusiya, Türkiyə, ABŞ, NATO, İran kimi böyük güclər arasında geosiyasi və hərbi qarşıdurmanın artması Suriya böhranının həllinə dair “Astana” format çərçivəsində aparılasn danışıqlar prosesinə son qoyla bilər. Bu isə Türkiyəni daha dərin uzunmüddətli münaqişəyə cəlb edə bilər. Ekspertlərin rəyinə görə, Türkiyənin yalnız İran, İraq və Suriya ilə sərhədləri mühafizə edən 7-ci ordu korpusunun hərbi qüvvəsi Bəşər Əsəd ordusunu darmadağın etməyə kifayət edir.

Qeyd edək ki, bu taktik-əməliyyat birliyinin tərkibinə 3-cü piyada diviziyası, 20-ci və 172-ci zirehli briqadalar, 16 və 70-ci mexanikləşdirilmiş briqadalar, 2-ci və 6-cı motoatıcı piyada briqadaları, 2-ci, 34-cü, 48-ci sərhəd briqadaları, xüsuusi təyinatlılardan ibarət 3-cü briqada, 5-ci dağ briqadası daxildir.

Türkiyədə daha səkkiz belə korpus var. Bura 3500 tank (bunlardan 354 Leopard 2A4), 2.800 “ACV-15” piyada döyüş maşını (AIFV), 3500 “M113” zirehli əsgəri heyətdaşıyıcısı, 3000-dən çox zirehli maşın (Akrep, ZPT, Cobra), 6.000-dən çox silah və MLRS (bunlardan 350 155- mm “T-155” Firtina özüyeriyən haubitsa və 300 ədəd qoşqulu 155 mm “Panter haubiysaları”) 300-ə yaxın döyüş və çox məqsədli helikopter, 235 Locheed Martin “F-16C / D” qırıcısı, 47 modernləşdirilmiş “F-4E-2020” qırıcı-bombardmançı, 14 müasir Alman sualtı qayığı, 16 friqat və 6 korvett aiddir.

Bu qədər hərbi qüvvə Bəşər Əsədin ordusunu və aviasiyasını qısa müddətdə sıradan çıxartmaq üçün kifayət edir. Amma Rusiya ilə qarşıdurma hadisələri nəticəsi proqnozlaşdırılması çətin olan istiqamətə yönəldə bilər.

Analitiklərin fikrincə, prezident Ərdoğanın Bəşər Əsəd ordusunu bir neçə gün ərzində məğlub etmək üçün kifayət qədər döyüş və əməliyyat qabiliyyəti, qüvvəsi və texnikası var. Bu baxımdan, ABŞ-ın və NATO-nun prosesə müdaxilə etməməsinə Türkiyə prezidentinin razılaşdığı güman edilir. Vaşinqton və Brüssel münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını sözdə təsdiqləyirlər. Lakin İdlibdəki qarşıdurmanı birtəhər dayandırmaq üçün heç nə etmirlər. Moskva da indiyə qədər münaqişəyə qarışmadığını nümayiş etdirməyə çalışırdı. Artıq Rusiyanın türk əsgərinə qarşı hərbi əməliyyatlara başlaması Qərbi də alternativ addımlar atmağa sövq edə bilər. Çünki münasibətlərdə yaranmış istənilən narazılığa baxmayaraq, Türkiyə NATO-nun Yaxın Şərqə açılan qapısı sayılır.

Rusiyanı düşündürən digər sual bundan ibarətdir:

“Ərdoğan ilk uğurlardan sonra dayanmaq istəyəcək, yoxsa Rusiyadan Hmeyim, Tartus və bütövlükdə Suriyadan 24 saat ərzində təxliyə edilməsini tələb edərək yol boyu Dəməşqə davam edəcək?

Göründüyü kimi, Rusiya Türkiyənin Bəşər Əsədi məğlub edərək devirməsindən, sonra isə qalib kimi Rusiyadan Suriyanı tərk etməsini istəyəcəyindən narahatdır. Bu isə Rusiyanın Yaxın Şərqdə və ərəb coğrafiyasındakı mövqelərini tamamilə itirməsi deməkdir. Hazırda nəzəri baxımdan mümkün olan bu ssenariyə təbii ki, ABŞ və NATO dəstək verə bilər. Bu zaman Suriyada təklənmiş İranı sərhədləri daxilinə sıxışdırmaq ABŞ və İsrail üçün çox asan olacaq.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejimini devirmək Ərdoğan iqtidarının siyasi-ideoloji konsepsiyasından irəli gələn bir prosesdir. AKP hakimiyyətə gəldiyi ilk dövrlərdə Türkiyə, Suriya, Livan və İordaniyadan ibarət İslam ölkələrinin iqtisadi əməkdaşlıq şurasını yaratmağı və bunun bazasında neosmançılıq ideologiyasını həyata keçirməyə çalışırdı. Lakin 2012-ci ildən başlayaraq Türkiyə-Suriya münasibətlərində düşmənçiliyin bərpa olunması bu planı pozdu. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun bir zamanlar “Dəməşqdı cümə namazı qılacağıq” deməsi, Ərdoğan hökumətinin Suriyadakı sünnilərin ələvi məzhəbinə məxsus Bəşər Əsədin yerinə hakimiyyətə gəlməsinə siyasi-ideoloji dəstək verməsi də məhz buradan qaynaqlanır. Ona görə də Türkiyə Suriya ilə hərbi qarşıdurmaya Rusiya ilə münasibətlərin gələcək perspektivindən asılı olmayaraq, Bəşər Əsəd rejiminə son qoymaq vasitəsi kimi baxır.  /Cebhe.info/


Tarix: 22-02-2020, 16:14
Xəbəri paylaş





Xəbər lenti