
Yaxud, on milyard dəfə dütdülü
Bir həftənin də xoruzunu verdik qoltuğuna, çıxdı getdi. Şair Nüsrət Kəsəmənli demişkən: “Dünya köhnə dünyadır, sevgiləri təzədir”. Yenə nəyinsə qiyməti qalxdı, yenə rus ayısı sola-sağa pəncə atdı, bizim Azərbaycanda da qurd quzu ilə otlamağına davam elədi.Təhsil islahatlarının, əsası pedaqogikamızın fironu 14-cü Misir müəllim tərəfindən qoyulan maarifçiliyimizin növbəti parlaq təzahürü Bakıda hansısa məktəbdə müəllimin şagirdin başını divara çırpmasıyla ortaya çıxdı. Daxili İşlər Nazirliyi də boş oturmadı, metodiki göstərişlərini yaydı. Sitat: “övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin; övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq; günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın; övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin; övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın, onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun” və sairə. Bu dost məsləhətləri nazirliyin adından bütün internet platformalarında yayılmışdı. İndi özünüz deyin, hansı ölkədə polis orqanları uşaqların gələcəyini bu dərəcədə diqqətlə izləyir? Bizim polis isə tək böyükləri yox, uşaqları da izləyir. Pampersini vaxtında dəyişməyən hər uşağın əlimizdə videosu var. Burnunu salfet yox, qoluna silənlərin də. Özünüzü yığışdırın.
Ancaq düşünürəm bu istiqamətdə tövsiyyələr səviyyəsində dayanmaq olmaz. Növbəti addım kimi uşağa yemək yedizdirmək üçün planşetdə “Maşa və ayı”nı, ya da o zəhləmgetmiş akula balalarını açan valideynlərə 10-15 sutka həbs cəzası gəlməlidir. Yoxsa, siz Allah, bu nə biabırçılıqdır? Uşaqlar 10 milyard dəfə buna qulaq asıblar, təsəvvür elə: “Bala akula, ana akula, ata akula, nənə akula, dürüüt dü dü dü dü dü” və sairə. Yutubda bu videonun 10 milyard baxış sayı 13 yanvarda keçdi. Heç dünyada bu qədər adam yaşamır. Bizim rəhmətlik MTN-də general Eldar Mahmuoduv pulyığan və şilləvuranlarından Akula Akif yada düşür. Hələ Əli Bayramlı şəhərinin və Şəkinin polis rəisi olmuş Akula Hamlet də var idi. Biz bu cür igidlərimizə mahnı oxumalıyıq. Uşaqları patriot ruhda böyütməliyik.
Bunun özü də maraqlıdır ki, “Bala akula” dünyada aktual olanacan bizim hüquq-mühafizə orqanları Akula Akifi axtarışa vermişdilər. Tapmadılar. Yəqin hardasa vəkil işləyir. Bizdə belə müsbət təcrübə vardır. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində olduqca maraqlı prosesə şahidik: MTN generallarına qarşı cinayət işində eyni adam həm müttəhim, həm vəkil sifətində iştirakçıdır. Düzdür, tam olaraq vəkilliyi orda eləməsə də haqqında cinayət işi açılmış vəziyyətdə adamın vəkil lisenziyası alıb günahsız insanların uğrunda çalışması görkəmli əhvalatdır.
Sonra ağız büzürlər, bizdə ədalətin olmadığını deyirlər. Olmasaydı, hətta adamlara işgəncə verənləri vəkilliyə cəlb edərdikmi? Hər kəsə bir neçə dəfə reabilitasiya imkanı tanıyırıq. Örnək üçün, Səlim Müslümovu indiyəcən bir neçə kərə rüşvətxorluqda suçlayıb tutmuşuq, azad eləyib nazir qoymuşuq. Özünü xalqın yolunda oda-alova vurub yanan, sonra küldən pırlayıb uçan simurq-səməndər quşu haqda əfsanə nahaqdan bu bölgədə yaranmayıb ki? Bu da bizim milli feniksdir (Feliks Edmundoviçlə qarşılaşdırmayın). Şair Əjdər Ol isə bu quşun dən gətirəni vəzifəsində çalışırdı, hərçənd, keçən həftə Əjdər müəllim idarə üçün aldığı rüşvətləri tək yediyini, guya Səlim müəllimə vermədiyini açıqladı. Ehtimal etmək olar ki, ortada gizli razılaşma var, Əjdər müəllim günahın hamısını boynuna alacaq, Səlim müəllim də günahı kənardan maliyyələşdirəcək və az sonra Əjdər müəllim də əfvə salınacaq. Hər halda indiyə qədərki bütün köpək balıqlarımız qəfəsdən okeana bu cür buraxılıblar. Başda MTN generalları, ayaqda XİN “praporşikləri”, ortada rabitə mayorları olmaqla.
Zamin HACI
Tarix: 16-01-2022, 21:31