“Putin imperiyanı bərpa etmək niyyətindədir…” - Yeganə alternativ onu dayandırmaqdır - ŞƏRH

“Putin imperiyanı bərpa etmək niyyətindədir…” - Yeganə alternativ onu dayandırmaqdır - ŞƏRH
“Vladimir Putin ukraynalılarla rusların bir xalq olduğunu söyləyən ilk Rusiya lideri deyil. Onun düşüncəsi sovetdən daha çox imperiya düşüncəsidir. Amma o, rasional hərəkət edir və başa düşsə ki, Ukraynanı hərbi metodlarla öz qanadı altına qaytarmaq heç bir nəticə verməyəcək, o zaman başqa üsullara keçəcək və müharibə olmayacaq”.
 
Moderator.az bildirir ki, bunu politoloq Ceyms Şerr Fransanın “L'Express” nəşrinə müsahibəsində bildirib. Siyasi analitikin fikrincə, Kreml ABŞ-la danışıqların heç bir yerə gətirib çıxarmadığını görsə, onun əbədi davam etməsinə imkan verməyəcək. “Bu halda Rusiyanın hücuma keçmə ehtimalı çox yüksəkdir. Əgər Rusiya hökuməti belə fikirdədirsə ki, hərbi güc Ukraynanı parçalaya, Qərbi iflic edə və sabitliyi poza bilər, eyni zamanda Rusiyanı böyük riskə atmaz, o zaman onlara heç nə mane ola bilməz. Ona görə də ya Qərb Rusiyanın əksər tələbləri ilə razılaşacaq, ya da hücum demək olar ki, qaçılmaz olacaq”, - deyə politoloq hesab edir.
 
Ekspert bildirib ki, Vladimir Putin ukraynalıları və rusları bir xalq hesab edir və onların ortaq tarixi haqqında danışan ilk Rusiya lideri deyil. “Böyük Yekaterina ukraynalıların "yaddaşını silmək" üçün “Novorossiya” kampaniyasına başlamışdı. I Nikolay və II Aleksandr bu siyasəti davam etdirmişdilər. Putin də bu ənənəyə sadiqdir və buna böyük həvəslə inanır. Putin bolşevikləri Ukraynanı yaratmaqda ittiham edir. Özü Sovet İttifaqının varisi olsa da, konsepsiyası sovet deyil, çar imperiyasını bərpa etməkdir”, - deyə politoloq vurğulayıb.
 
Eyni zamanda Putin hesab edir ki, Ukrayna yalnız Rusiya ilə “əməkdaşlıq” şəraitində müstəqilliyini qorumalıdır. Putinə Donbas yox, bütün Ukrayna lazımdır. Və əgər onu əldə edərsə, onda hökmranlığın bütün sifətlərini saxlayar, yalnız onlar öz mahiyyətindən məhrum olarlar. Rus sivilizasiyası ideyası Rusiyanın hüdudlarından kənara çıxsa da, Rusiya dövləti konsepsiyasına daxil edilmişdir.
 
Putin Qərbin bu məkanda olmasını və ona Qərb xüsusiyyətlərinin aşılanmasını Rusiya üçün təhlükə hesab edir. Bu kontekstdə o, hücum üçün şəraitin uyğun olduğunu hesab edərsə, hücum üçün uyğun gələn hər hansı bir səbəbi tapacaq. Ona görə də ona səbəb verməməyə çalışmaq, politoloqun fikrincə, vaxt itkisidir. Yeganə alternativ - onu dayandırmaqdır.
 
Təbii ki, Putin iqtisadi sanksiyaları sevmir və indiki sanksiyalar zərər gətirir. Ancaq buna baxmayaraq, onlara dözmək olar. Co Bayden yeni sanksiyalar vəd edir, lakin onlar çox güman ki, ya eyni olacaq, ya da qeyri-real olacaq - məsələn, Rusiyanı “Swift” beynəlxalq ödəniş sistemindən ayırmaq kimi. Vaşinqton Avropa dövlətləri ilə birgə hərəkət edəcəyini bildirdikdə, avropalılar arasında fikir ayrılıqlarını nəzərə alaraq, yalnız öz təhdidlərini zəiflədir. Amma əsas sual, ekspertin fikrincə, Putinin bu təhdidlərə inanıb-inanmamasıdır.
 
Kremlin diqqətini çəkən yeganə şey ABŞ-ın Mərkəzi və Şərqi Avropada hərbi qüvvələr yaratmaq və Ukraynanın yenidən silahlanması ilə məşğul olmaq təhdididir. “Əgər sanksiyalar silah kimi istifadə oluna bilərsə, o zaman silah da silah kimi istifadə oluna bilər”, - deyə ekspert xatırladıb.
 
2014-cü ildə Obamanın xəbərdarlıqları Krımın Rusiyaya birləşməsinin qarşısını ala bilmədi. Amma o zaman Obamanın buna inamı az idisə, Bayden böyük kapitalla gəldi, ancaq bir neçə yanlış addımla onu korladı. Kreml sərt və aydın danışsa da, Vaşinqton çevik və yayınma ritorikasını mənimsəyib. Politoloqun fikrincə, Ağ Ev öz rəqibini başa düşmür, ona görə də onun hansısa bir xırda bəyanatı Putinə təsir etmir və ABŞ məqsədinə çatmır.
 
Ceyms Şerr bildirir ki, Rusiya Ukraynanı hərbi yolla asanlıqla darmadağın edə bilər, lakin ona neytral və tabe olan Ukrayna, eləcə də Qərbin hissələrə bölünərək Rusiyanı müdaxilədən tam şəkildə çəkindirməyi təmin edə bilməməsi lazımdır. Əsas sual hücumun nə qədər çəkəcəyi iə bağlıdır: müharibə uzanarsa, ukraynalıların daxili müqavimət qüvvələri səfərbər olunacaq və belə vəziyyət Rusiya üçün çox riskli ola bilər.
 
“Putin həmişəki kimi yaxşı hesablanmış oyun oynayır. Donbasda 7 ildir davam edən müharibənin Ukraynada sabitliyi pozmaması, Zelenskinin onun təsəvvür etdiyi kimi təlxək olmaması, Qərbin Ukraynadan əl çəkməməsi Putini qıcıqlandırır. Ancaq eyni zamanda, Putin sırf rasional lider olaraq qalır, ona görə də başa düşsə ki, istədiyi məqsədə sərfəli qiymətə çatmaq üçün imkanları yoxdur, başqa üsullarla mübarizəni davam etdirəcək, amma müharibə olmayacaq”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Tarix: 6-01-2022, 22:02
Xəbəri paylaş





Xəbər lenti