Koronavirusun dünya iqtisadiyyatına ciddi ziyan vurduğu, xəstəliyin davam etdiyi müddət ərzində bu zərərin sürətlə böyüdüyü hər kəsə məlumdur.
Maraqlıdır, koronavirus epidemiyasız da reanimasiyada olan Ermənistan iqtisadiyyatını sıradan çıxara, bununla da düşməni Azərbaycan qarşısında daha zəif duruma sala bilərmi? Ümumiyyətlə, bu məsələdə ölkəmizin fürsət kimi dəyərləndirilməsi gərəkən məqamlar mövcuddurmu?
Moderator.az-a açıqlama verən siaysi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Azərbaycanın indiki mərhələdə konkret addımlar atmasının zəruri olduğunu vurğuladı:
“Koronavirus hətta ABŞ kimi dövlətləri belə diz köçdürməyə qadir olan bioloji silahdır. Ermənistanda isə vəziyyət həddindən artıq ağırdır. Son iki il ərzində Paşinyan Ermənistana heç nə vermədi. Koronavirus sadəcə Ermənistanın deyil, Dağlıq Qarabağın da ərazisində yayılmağa başlayıb. Ermənistan ordusu daxilində də koroavirusun yayılması müşahidə edilir.
Ermənistan iqtisadi baxımdan kifayət qədər problemli dövlətdir. Onun bütün infrastrukturu başqa dövlətlərin əlindədir. Rusiya, Argentina, Fransa, İran və Yunanıstan Ermənistan infrastrukturuna rəhbərlik edir. Ermənistan BMT tərəfindən də zəif inkişaf etmiş dövlətlər siyahısına aid edilir.
Azərbaycandan fərqli olaraq, Ermənistanın xarici borcu da olduqca çoxdur. Ermənistan bir dövlət kimi iqtisadi böhrana çox yaxındır. Yəni koronavirussuz da Ermənistanın vəziyyəti çox ağır idi. Koronavirus isə Ermənistanın kustar sənayesini də sıradan çıxardı. Odur ki, Ermənistan koronavirus dönəmi başa çatandan sonra da uzun müddət özünə gələ bilməyəcək.
Ermənistanda yaxın 2-3 ay ərzində üsyan gözlənilir. Bunun üçün hər cür şərait var. Azərbaycan isə bundan yararlanmalıdır. Dağlıq Qarabağda koronavirusa yoluxanlar Azərbaycan vətəndaşı olduqlarına görə ona shaib çıxmalıyıq. Birinci bundan istifadə etməliyik. Ermənilər bizi həmişə ən ağır vaxtlarımızda vurublar. Bəs biz niyə heç vaxt belə imkandan istifadə etmirik? Siyasət ayrı, qürur ayrı şeydir. Təəssüflər olsun ki, biz Qaranbağ məsələsində siyasətimizi qürurumuza qurban verə-verə qürurumuzu da zərbə altında qoymuşuq. Özünə hörmət eədn xalqın torpağı hörmətsiz bir xalqın işğalı altında olamlı deyil. Azərbaycanm bu vəziyyətdən yararlanmalıdır. Bu, bizim şansımızdır. Nədən əxlaqı, qüruru həmişə biz gözləməliyik? Qarabağ məsələsi böyük bir əxlaqsızlıqdır və biz bu reallığı yaddan çıxamamalıyıq”.