Bu virus bəlası dünyanı bürüyəndən bəri insanların duyğuları, duyğusallıqları da xeyli korşalıb. Yəni təkcə adamların virus qarşısında iybilmə və dadbilmə hissiyyatı deyil, insani duyğuları da ciddi sınaq qarşındadır. Donuxmuş və aldığı zərbədən duruxmuş bir dünya var qarşımızda.
Hər gün məlum virusdan minlərlə adam ölür, amma hələ də «xəstəlik yoxdur»deyib üzə dururlar. Bu, duyğunun korşalması deyilmi? Bizim bu tip adamlarla işim yox, əvvəl gündən belə ağılı zatlarla mübahisədən uzaq oldum. Amma elə bizimkilər kimi düşünən, karantin qaydasını pozan rusdan danışacam. Televizya müxbirinə üç qızının yanında deyir ki, «koronavirus adlı xəstəlik filan yoxdur». «Bəs, hər gün bu qədər ölənlərə nə deyirsən» sualına tam hissiyyatsız «eto toje loj»dedi. Nəyəsə inanmaq və ya inanmamaq insan övladı yaranandan var. Allahın varlığını həmişə inkar edənlər olub, olacaq da. Eləcə də bizdən kənarda bir dünyanın olduğuna, oradan gəlib bizim planetdən adam oğurladıqlarına da inanlar var, olacaq da…
Mənə bu günlərdə iki hadisə çox ciddi təsir edib. Onlardan biri Moskva və Bütün Rusiyanın Patriarxı Krillin xalqa müraciəti idi. «Mən 52 il insanları daima ibadətə, kilsəyə çağırmışam, indi isə…» deyəndə Krillin səsi tutuldu. Amma özünü ələ aldı, çox ibratamiz dini tarixi hadisə danışdı, sonra toxtalıyıb nəhayət ki, «kilsəyə ibadətə gəlməyin, evinizdə qalın»deyə bildi. Başqa zaman olsaydı, bu cür çağırış bir dini liderinin sonu olardı, amma indi dünya o zamana gəldi ki, Krill 52 illik çağırışının əleyhinə gedib bu sözləri deyəsi oldu. Belə çəkili dini liderləri həmişə hansısa çevrələrə bağlayıblar, Krill də istisna deyil. Onu həmişə «Kremlin adamı»hesab edirlər və sairə…Amma onun başına tapança dirəsəydilər də, belə bir çağırış etməzdi. Onun hansı duyğular içərisində olduğunu anlamaq çətin deyildi. Görün, dünya hara gəldi, fəqət hələ bəzi əbləhlər də «virus yoxdur» deyir.
İkinci hadisəni isə Türkiyə televiziyalarında gördüm. Bir köyün imamı minbərə qoyulmuş mikrofona «lütvən, camiyə gəlməyin» deyəndə…hönkürdü. Əlbəttə, koronavirus yayılandan bəri onlarla duyğulu videolar görmüşük. Xüsusilə həkimlərlə bağlı-biri uşağına sarılmağın xiffətini edib, biri anasının,bir başqası həyat yoldaşının… Amma bunların heç biri məhz Krill və adını bilmədiyimiz cami imamının müraciəti kimi bəşəri hadisə deyil.
Şübhə etməyin ki, Allah evlərinin koronavirus səbəbindən qapılarını bağlaması dünyada ateizmi artıracaq, insanların ürəyində mərhəmət hissini azaldacaq, minillik mədəniyyət abidələrini dağıdan İŞİD-lərin yeni davamçıları meydana gələcək. Dünyada daha qəddar kapitalist münasibətləri formalaşacaq. Adamların nanotexnologiyalar üzərindən idarəolunmasının məşqi artıq edildi. Məlum oldu ki, müəllimənin sinifdə nəfəsini duymadan da «ana» sözünü öyrənmək, qapısını döymədən yaşlı valideyinlərini skaypda «qucaqlamaq», evdən çıxmadan bir-iki düyməni əlavə basmaqla ofis işlərini görmək də mümkündür. Hələ daha nələr, nələr…
Yeri gəldi deyim: Elçibəy hakimiyyətinin naziri olmuş professor Saleh Məmmədov musavat.com – da bunlardan yazır, həm də hökumətə maraqlı təkliflər verir. Amma o yazılarda bağışlayın məni, emosiya yoxdur, insan istiliyindən əlamət yoxdur. Sanki dünya elə yüksək texnologiya ilə idaetəməyə keçsə, hər şey düzələcək. Texnoloji şübhəsiz, insan həyatını asanlaşdırır, amma bütün dünyanı o gicgiciyə bənzəyən Sofiya kuklası ilə doldurmaq olmaz, hamını robatlaşdırmaq nə alınası işdir, nə təbii təkamülə uyğundur. Bəlkə də, yaponlar virusa yoluxmaması üçün bundan sonra robort - həkimlər düzəldəcəklər. Amma o da xəstəyə can yandırmayacaq, canı yanmayacaq. Bir insan həyatın xilas etmək üçün indiki kimi özünü fəda edən həkimlərdən olmayacaqlar. Çünki proqramdan kənar çıxa bilməyəcəklər. İnsanı heç nə, heç kim, heç bir varlıq əvəz edə bilməz!
Koronadan sonra dünya daha qəddar olacaq, biləsiz. Uşaqlarınızı belə bir dünyadan keçib böyütməli olacağı təəssüf ki…
Musavat.com