“Son aylarda bir neçə dəfədir ki, Türkiyə istər prezident səviyyəsində, istərsə də xarici işlər naziri səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ciddi maraq göstərdiyini ortaya qoyub”.
Bunu martın 31-də Dağlıq Qarabağda keçiriləcək saxta “seçkilər”ə Türkiyənin Xarici İşlər Nazirliyinin sərgilədiyi münasibəti Moderator.az-a şərh edərkən politoloq Elxan Şahinoğlu deyib.
Siyasi şərçi bildirib ki, hətta belə bir ağır vəziyyətdə, bir tərəfdən koronavirusa qarşı mübarizə, digər tərəfdən Suriya məsələsi kimi gündəmin olduğu çətin bir məqamda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fürsət tapıb Minsk Qrupunun həmsədrlərini Ankaraya dəvət etmişdi. Bunun özü də dünyaya və Ermənistana bir mesaj idi ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə həssas yanaşır və problemin tezliklə həllini istəyir:
“Çavuşoğlunun başqa bir açıqlaması da vardı ki, Türkiyə məhz bu il münaqişənin həll edilməsini hədəfləyir.
Bütün bunlar və ardınca da bugünkü bəyanatın verilməsi göstərir ki, Türkiyə istəyində ardıcıl və ciddidir. Azərbaycan tərəfi isə belə bir bəyanatın verlməsində hələki gecikir”.
Elxan Şahinoğlunun sözlərinə görə, pandemiyanın yayıldığı bir şəraitdə ermənilərin nəyin bahasına olur-olsun “seçki”ni keçirməkdə israrlı olmaları və Minsk Qrupunun buna susqunluğu təəssüf doğurur:
“Ola bilməz ki, Ermənistanda koronavirus belə sürətlə yayılsın, amma onun nəzarətində olan Dağlıq Qarabağda bu hala rast gəlinməsin. Ermənilər bunu ona görə edirlər ki, “seçki”ni başa çatdırıb sonra virusla bağlı nəticələri açıqlasınlar.
Ancaq nə olur-olsun, biz buna ciddi reaksiya verməliyik. Çox təəssüf ki, ATƏT-in Minsk Qrupundan da hər hansı münasibət yoxdur. Halbuki bir neçə gün əvvəl pandemiya ilə bağlı müraciət yaymışdılar və atəşkəsə riayət olunmasına çağırış etmişdilər. Ancaq belə vəziyyətdə qondarma qurumun “seçki” keçirməsinə heç bir reaksiya bildirmirlər.
Təəssüf ki, yenə də ermənilərin nazı ilə oynayırlar”.
Xatırladaq ki, Türkiyənin Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunu və digər beynəlxalq təşkilatları Ermənistanın Dağlıq Qarabağda qanunsuz “prezident və parlament seçkiləri” keçirməsini baykot etməyə çağırıb. Bildirilib ki, bu, münaqişənin sülh yolu ilə həll edilməsinə mane olur.