Artıq neçə vaxtdır dövlətlər və xalqlar, onların rəhbərləri bütün gücünü koronovirusdan qorunmağa yönəldərkən erməni başbilənləri işğal altındakı Dağlıq Qarabağda “seçki” dərdi çəkirlər – baxmayaraq ki, son məlumata görə, təcavüzkar ölkədə qorxunc virusa yoluxanların sayı (190) qonşu Azərbaycan (53) və Gürcüstandan (54) dəfələrlə çoxdur.
Normal ölkələrdə artıq kütləvi tədbirlər, o cümlədən bu tədbirləri zəruri edən müxtəlif səviyyəli seçkilər və referendumlar da təxirə salınıb. Amma deyəsən bu, nə Ermənistanın baş naziri Nikol Paşinyanın, nə də onun prezidenti Armen Sərkisyanın vecinədir. Yoxsa onlar arada bir gün fərqlə, növbəti dəfə, “arxa qapı”dan keçməklə Xankəndinə gedib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində martın 31-ə planlaşdırılan “prezident və parlament seçkiləri” ilə, daha dəqiqi, növbəti seçki tamaşası ilə maraqlanmazdılar.
Nikol Paşinyan
Görün dünya nə haydadır, Ermənistan və onun yetkililəri nə hayda? Həqiqətən də, erməni abırsızlığı və həyasızlığı sərhəd tanımırmış. Dünən Dağlıq Qarabağda peyda olan Sərkisyanın səsləndirdiyi aşağıdakı absurd fikirlərdən və yalanlardan sonra buna bir daha əmin olursan. Nə qədər əzablı da olsa, həmin fikirlərlə tanış olun.
Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sərkisyan Xankəndində deyib: “Arsax”da (dırnaqlar bizimdir – red.) prezident və parlament “seçkiləri” hər hansı xarici faktora rəğmən, reallaşmalıdır. Əsas odur ki, bu “seçkilər” azad və şəffaf keçsin. Bu, müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün çox vacibdir. “Arsax”lılar – qəhrəman və qalibiyyətli xalqdır. “Arsax” böyük qələbələrə nail olub və azad, ədalətli “seçkilər” daha bir qələbə demək olacaq. Bu dəfə o, həm də siyasi qələbə olacaq və hamıya, ilk növbədə də “arsax” xalqına, bütün erməni xalqına, “arsax”ın, Ermənistanın və erməni xalqının dostlarına, eləcə də onun qeyri-dostlarına, rəqib və düşmənlərinə göstərəcək ki, “arsax respublikası” artıq baş tutmuş dövlətdir və onun gözəl təşkilati strukturları var. “Arsax – özünün balaca da olsa, mühüm iqtisadiyyatı ilə, öz ordusu ilə güclü bir dövlətdir. O, həmçinin demokratik, müasir dövlətdir. Çünki əslində də “arsax” probleminin həlli prosesinin bir alternativi var – güclü və qüdrətli respublika”.
Armen Sərkisyan
Nə deyək? Sən demə, Dağlıq Qarabağda məğlubedilməz orduya, güclü iqtisadiyyata malik, üstəlik, demokratik sistem qurmuş və nümunəvi seçkilər keçirən müasir dövlət varmış, kimsənin də xəbəri yox. Yazıq ermənilər. Dünya bu “mədəni, ulu, əzabkeş xalq”a qarşı gör nə dərəcədə ədalətsiz və insafsızdır ki, on illərdir Dağlıq Qarabağda mövcud olan ikinci “müstəqil və demokratik erməni dövləti”ni görməzlikdən gəlir.
Zarafat bitdi. İndi isə tam ciddi.
Əvvəla, belə bir sual yaranır: bütün dünyanın çoxdan bildiyi həqiqəti məgər Sərkisyan bilmir? Yəni həmin o “məğlubedilməz arsax” ordusunun (Qarabağdakı işğalçı ordunun) 90%-ni Ermənistan vətəndaşlarının təşkil etdiyindən xəbərsizmi? Xeyr. Yaxud Sərkisyan guya fərqində deyilmi ki, Dağlıq Qarabağdakı separatçı-kriminal rejim müstəsna olaraq, Ermənistanın kasad büdcəsi və bir də erməni lobbisinin ianələri hesabına mövcuddur? Bəs hər il Avropada, ABŞ-da telemarafon adı ilə təşkil edilən pul diləmək kampaniyaları necə olsun? Yeri gəlmişkən, keçən il hətta Paşinyan separatçı rejimin rəhbərliyini hədələyərək demişdi ki, İrəvan Dağlıq Qarabağın maliyyələşməsini dayandıra bilər. Bu da sizə güclü iqtisadiyyatı olan “arsax dövləti”. Heç Ermənistanın özü hələ dövlət kimi formalaşa bilməyib, SSRİ dağılandan sonra da Rusiyanın vassalı, Moskvadan dotasiya alan respublika olaraq qalır, o iki ola Dağlıq Qarabağdakı ikinci saxta erməni dövləti. Torpaqlarımızdakı işğalçı Ermənistan ordusunun “məğlubedilməzliyi”ni isə 2016-cı ilin aprelində bütün dünya gördü...
Başqalarına örnək olacaq “nümunəvi seçki” nağılına gəlincə, ermənilər özlərindən savayı heç kimi buna inandıra bilməzlər. Etnik təmizlənmə aparılan, sonuncu köklü azərbaycanlının qovulduğu, Xocalı soyqırımının törədildiyi regionda demokratik seçki?! Bu şizofrenik cəfəngiyat da yalnız xəstə təfəkkürlü erməni rəsmilərinin ağlına gələ bilər(di), onu da eşitdik...
Ancaq məsələ ondadır ki, bu sərsəmləmələməlr sıravi erməninin yox, Ermənistanının prezidentinin, baş nazirinin dilindən çıxır. Onların sələfləri də belə iddiaları tez-tez səsləndirirdilər. İndi əgər rəsmi İrəvan Qarabağda hansısa mifik, Sərkisyanln dediyi kimi, “qəhrəman və qalib arsax xalq”ının güclü dövlət qurmasına bunca əmindirsə, o zaman rəsmi Bakı ilə niyə danışıq aparılır? Ümumiyyətlə, bu düşüncədə olan erməni siyasiləri və diplomatları ilə sülh müzakirələri aparmağa dəyərmi?
Başqa yandan, əlbəttə ki, “halva, halva” deməklə ermənilərin ağzı heç vaxt şirin olmayacaq. Olsaydı, atəşkəsdən keçən 26 ildə olar, müharibənin nəticələri rəsmiləşə, ən azından, Ermənistanın özü Dağlıq Qarabağdakı “dövlət”in müstəqilliyini tanıyardı. Müharibə isə bitməyib. O, yalnız müvəqqəti atəşkəslə əvəz olunub.
Ola bilsin, pandemiya Azərbaycanın müqəddəs, haqq savaşını ertələsin. Ancaq o, gündəmdən çıxarılmayacaq. Bakı güc tətbiqi variantını əlverişli geosiyasi şərtlər yetişənədək həmişə masa üzərində saxlayacaq. Bunca müasir silah-sursat, döyüş sistemləri, o sırada Türkiyə ilə birgə istehsalı gözlənilən, ermənilərin “qorxulu röyası” olan PUA-lar, zərbə dronları vitrinə qoymaq, yaxud ara-sıra hərbi paradda nümayiş etdirmək üçün alınmır, istehsal edilmir. Bunu burnumuzun içinə girən və öz xalqını arsızcasına aldatmağa davam edən Paşinyan da, Sərkisyan da yəqin ki, yaxşı anlayır. Hər halda, “aprel qulaqburması”, “aprel mesajı” var...
Görünən həm də odur ki, koronavirus pandemiyası xroniki “erməni xəstəliyi”ni səngidə bilməyib. Hətta əksinə, şiddətləndirib. Nə olar, qoy virusun zərdabını tapmaq müasir təbabətin problemi, “erməni xəstəliyi”nə çarə tapmaq, yəni işğalçını gəldiyi deşiyə kimi qovmaq isə bizlik olsun.../Musavat.com/