ABŞ Türkiyə ilə Rusiyanın arasını vurur
Vaşinqtonun Türkiyəyə dəstək vədi səmimidir, yoxsa...ABŞ-ın dövlət katibi Mayk Pompeo Dövlət Departamentində keçirdiyi mətbuat konfransında bəyan edib ki, ABŞ Suriyanın İdlib şəhəri yaxınlığında çoxsaylı hərbçilərinin öldürülməsi ilə nəticələnən hücumu Rusiyanın həyata keçirdiyinə inanır. Eyni zamanda Pompeo bildirib ki, Türkiyəyə ABŞ və NATO dəstək verməyə hazırdır.
Bu bəyanat Rusiya ilə Türkiyənin münasibətlərini pozmağa hesablanıb, yoxsa həqiqətə əsaslanır? Eyni zamanda ABŞ dəstək məsələsində səmimidir?Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Pompeonun bu bəyanatı həm Türkiyə-Rusiya münasibətlərinin pozulmasına hesablanıb, həm də həqiqəti əks etdirir. Heç kəsə sirr deyil ki, türk hərbi kalonuna hücumun arxasında ruslar durur: “Bəşər Əsədin russuz bunu etməyə cəsarəti çatmazdı. Təbii, Rusiya bu hadisədən xəbəri olmadığını bildirdi. İdlibdə bir neçə gün rəsmi türk-rejim, qeyri-rəsmi isə türk-rus savaşı getdi. Bu hər iki lokal, kiçik savaşda türk tərəfi qalib oldu. Bu məsələnin əsas tərəfi də qeyri-rəsmi tərəfidir. Elə olmasaydı prezident Rəcəb Tayyib Ərdoğan prezident Vladimir Putinlə deyil, Bəşər Əsədlə atəşkəs imzalayardı”.
O ki qaldı ABŞ-ın Suriyada NATO-dakı müttəfiqi Türkiyəyə dəstək vədi məsələsinə, politoloq hesab edir ki, hələlik bu dəstək ən yaxşı halda sözdən o yana keçmir. Yaxşı olardı ki, tək sözdə deyil, əməldə də ABŞ Türkiyəyə dəstək verəydi: “Əslində NATO-nun qaydalarına, tələblərinə uyğun olaraq bu dəstək çoxdan olmalı idi. Təəssüf ki, bunun hələlik əksini görürük. Bu da o deməkdir Suriya və Liviyada Türkiyə-Rusiya qarşıdurmasında ABŞ birincilərin yanında olmadığına qədər Ankara Moskva ilə açıq konfrantasiyaya getməyəcək. Ən doğrusu da budur. NATO hələlik türkün rus ayısı ilə savaşına kənardan baxıb bəyanat verməklə məşğuldur. Bu məsələlər bəyanatlarla deyil, real aktiv iştirak və dəstəklə çözülə bilər. ABŞ Türkiyəni Rusiyadan tamamailə aralamaq üçün gərəkən ciddi addımları atmır”.
Xatırladaq ki, bu il fevralın 27-dən 28-nə keçən gecə İdlibdə Türkiyə Silahlı Qüvvələrinə xain hücum nəticəsində 33 hərbçi həlak olub, xeyli sayda hərbçi yaralanıb.
Rəsmi Ankara ilə Moskva arasında bu hadisədən sonra münasibətlər soyumuşdu. Lakin prezident Ərdoğanın Moskva səfərindən sonra münasibətlər normal məcraya yön aldı.
Tarix: 20-03-2020, 10:37