Partiya sədri “Xalq parlamenti”nə mane olanların kimliyini açıqladı

 

Milli Məclisə seçkilərdə iştirak etmiş bir qrup partiyanın və bitərəf namizədlərin iştirakı ilə “Xalq parlamenti”nin yaradılması ideyasını reallaşdırmaq mümkün olmur. Təşəbbüskarlardan biri olan ADP-nin sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, “Xalq parlamenti” üçün lazım olan say hələ ki, alınmayıb:

“Bitərəf kimi seçkidə iştirak etmiş namizədlərin bir çoxu bu ideya ilə bağlı tərəddüd içində olduqlarını göstərdilər. Seçkidə iştirak etmiş bitərəflərin böyük əksəriyyəti saxta namizədlər idi. Seçkidə real olaraq 30-40 bitərəf namizəd həqiqi mübarizə aparıb. Qalanları heç bir seçki mübarizəsi aparmayıblar. Nə seçki dövründə nə də indi nə etdiklərini heç özləri də dəqiq bilmirlər. Onların bu cür qərarsızlığı “Xalq parlamenti” ideyasının rəsmən reallaşmasına tormozlayıcı təsir göstərir. Daha bir mənfi təsiri Müsavat Partiyasının tutduğu mövqe göstərməkdədir. Müsavat hansısa komissiya yaratmaq təşəbbüsü ilə çıxış edib və “Xalq parlamenti” məsələsinə qoşulmur. Bir sözlə açığını deyim ki, məsələnin rəsmi həllini tapıb reallaşması üçün lazım olan ümumi dəstəyi hələlik əldə edə bilməmişik. Bitərəflərin əksəriyyəti yanlış yoldadırlar, siyasi müxalifətlə məsafə saxlamaq istəyirlər. Onlar bilmirlər ki, siyasi sistemin əsas elementi siyasi partiyalardır. Siyasi partiyaların qoşulmadığı heç bir proses həqiqi siyasi rəng ala bilməz. Bitərəf namizəd kimi parlament seçkilərində iştirak edib “mən siyasətə qatılmıram” demək gülüncdür. Bu mövqedə olan insanlar da prosesə zərər vururlar”.


ADP-nin sədri Sərdar Cəlaloğlu

S.Cəlaloğlunun sözlərinə görə, “Xalq parlamenti” ideyasına dəstək verən partiyalar ADP, Böyük Azərbaycan Partiyası, AXP, Ümid Partiyası, AĞ Partiyadır. Təxminən 40 nəfər partiya namizədi bu prosesdədir.


Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə qeyd etdi ki, rəmzi Xalq Parlamenti ideyasına siyasi partiyaların və müstəqil namizədlərin fərqli yanaşması müxtəlif səbəblərdən ola bilər: “Siyasi partiyalar məsələsi aydındır. İllərdir davam edir və siyasi partiya rəhbərlərinin bir araya gəlmək, müzakirələr aparmaq, birgə mübarizə aparmaq dərəcəsində yetişməməyinin göstəricisidir. Hələ də bizdə bəzi köhnə partiyalar əsas müxalifət olmaq uğrunda ölüm-dirim mücadiləsi verirlər. Ona görə, bunlardan başqa kim yeni təşəbbüsdə bulunursa, o təşəbbüsü inkar edirlər. Müstəqil namizədlərə gəldikdə isə heç də o namizədlərin hamısı müstəqil deyildi. Bir qismini hakimiyyət irəli sürmüşdü. Kimisi doğrudan da müstəqil idi, kimisi də kənar qüvvələrin təsirində idi. Mən əvvəlcədən də demişdim ki, müstəqil namizəd adı altında çıxış edənlərin çox böyük əksəriyyəti məhkəmə mərhələsindən o yana gedə bilməyəcək. Bir qismi ümumiyyətlə rəsmi şikayət belə etmədi. Çünki bu adamların əksəriyyəti siyasi adamlar deyil və parlamentə də sadəcə maaş alacaqları iş yeri kimi baxırlar. Bir az da təzyiq olan kimi geri çəkiləcəklər. Amma doğrudan da az da olsa etiraz edən və bu etirazı sona qədər aparmağa çalışanlar da var ki, onlarla işləmək olar. Mən rəmzi Xalq Parlamentində də əsas görəvlərin məhz müstəqil namizədlərə verilməsinin tərəfdarıyam”.

Tarix: 16-03-2020, 21:25
Xəbəri paylaş





Xəbər lenti