İsraildə Benyamin Netanyahu erası bitir - prezident müxalifət liderinə hökumət qurma səlahiyyətini verdi
İsrail prezidenti Reuven Rivlin hökumət koalisiyasının qurulması səlahiyyətini “Kaxol Lavan” parityasının lideri Ben Qantsa tapşırıb.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dövlət başçısınım bu qərarı sürpriz sayılmayıb.
İsrail prezidenti bir ildə dördüncü seçkinin keçirilməsini yolverilməz hesab etdiyini və Beni Qantsa hökuməti formalaşdırmaq üçün 28 gün vaxtı olduğunu deyib.
“Bu həm milli, həm də beynəlxalq böhran dövründə olduqca böyük müddətdir”,-deyə o qeyd edib.
Beni Qants cavabında sabit və müxtəlif partiyalardan ibarət geniş tərkibli kabinetin qurulacağına söz verib.
Qeyd etmək lazımdır ki, Beni Qants artıq hökumət formalaşdırılması üçün zəruri sayılan 61 deputatın dəstəyini ala bilib. Onu həm də Birləşmiş ərəb koalisiyası, “Avoda Geşer Merets” partiyası və “İsrail bizim evimiz” partiyası dəstəkləyir.
“İsrial bizim evimiz”in lideri, keçmiş müdafiə naziri Aviqdor Liberman bir daha həm Benyamin Netanyahunun “Likud”, həm də “Kaxol Lavan”ın daxil olduğu geniş koalisiyadan yana olduqlarını təkrarlayıb.
Qeyd etmək lazımdır ki, dünən İsrail prezidentinin iştirakı ilə Beni Qants və Benyamin Netanyahu arasında görüş olub. Liderlər uzun müzakirələrdən sonra Milli vəhdət hökumətinin yaradılması barədə prinsipial razılığa gəldiklərini açıqlayıblar. Beni Qants Knessetin (parlament) spikerliyi, cinayətlərdə suçlanan birinə baş nazirlik yolunun qapanması barədə qanunun qəbul olunması kimi məsələlərin koalisiya danışıqlarının predmeti olmayacağını vəd edib.
Xatırladaq ki, İsraildə bir ildən çoxdur siyasi böhran hökm sürür. Ölkə 2019-2020-ci illərdə 3 dəfə parlament seçkiləri keçirib.
Tarix: 16-03-2020, 21:21