“Ermənipərəst Volskini də qarabağlılara deputat “seç”mişdilər, amma onda müstəmləkə(!) idik...”
3 cümlə ilə bir "quş"...
Birinci Qarabağ savaşının səngər döyüşçüsü, Qarabağsız son illərimizdə isə işğal altındakı torpaqlarımızın azadlığı uğrunda söz, fikir savaşçısı olan dəyərli dostumuz İlham İsmayılın "Niyə işğal altındakı rayonların deputatları deyil, Qüdrət Həsənquliyev Qarabağ davası aparır?..” başlıqlı açıqlamasının qəlpələri hamımızın yaralı yerindən bir daha çarpdı...
Yadımıza düşdü ki, sovet dövründə - müstəmləkə(!) olduğumuz illərdə öz döyüşkən, mərd oğullarımızı, ziyalılarımızı qoyub Qarabağ Xüsusi İdarə Komitəsinin rəhbəri ermənipərəst Arkadi Volskini də qarabağlılara “səs” verdirərək deputat “seç”mişdilər, amma, heç kəs inciməsin, “atəşkəs”dən bəriki müstəqillik(!) dönəmində Volskinin tam əksinə olaraq Qarabağ uğrunda hər şeyini fəda edə biləcək və həm də təyin olunmuş yox, seçilmiş sayılan bir qarabağlı kişi(!) deputat görmədik...
Və bir danılmaz gerçək var: əgər bu gün yeni Milli(!) Məclis üzvlərinin, xüsusən Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan deputatlığı əldə etmiş şəxslərin canında, qanında gerçək Azərbaycan, Qarabağ sevgisi varsa və ya bu duyğular oyanacaqsa, mandatlarını, vəzifələrini, obyektlərini, var-dövlətlərini itirmək hesabına olsa da, susmayacaq, “Qarabağa azadlıq” hayqıracaqlar – yox, dediyimiz kimi deyilsə, olmayacaqsa, onda boş yerə özümüzü yormağa dəyməz- onlara ümid olan Qarabağsız qalar...