"SSRİ dövründə akademik Saxarov çıxışında bildirmişdi ki, o, Qorbaçovla danışıb və ..."



Ermənistan-Azərbaycan münaqişəsində icmaların fəaliyyəti mövzusu əsas müzakirələrdən birinə çevrilib. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının son dövrlərdəki fəallığı bu məsələni bir az da aktuallaşdırıb.


Politoloq Eldar Namazov hesab edir ki, nəinki Dağlıq Qarabağda yaşayan soydaşlarımızın, bu münaqişə nəticəsində Ermənistandan deportasiya olunmuş azərbaycanlıların da statusundan istifadə etmək vacibdir.  

 

 Bu barədə Moderator.az-a danışan E. Namazov deyir ki, hazırda bu amillərdən istifadə edilməsi Azərbaycan üçün məqbuldur, lakin burada çox vacib bir şərtə əməl olunmalıdır:

 

“İlk növbədə onu vurğulayım ki, cəmiyyətdə bu məsələ ilə bağlı fikir ayrılığı mövcuddur. Bir tərəf buna müsbət yanaşır, digər tərəf isə hesab edir ki, belə bir proses baş verərsə, bu, Ermənistanın münaqişədə işğalçı tərəf kimi məsuliyyətini azalda bilər və Dağlıq Qarabağ münaqişəsi icmalararası bir münaqişə kimi hallanmağa başlayar.

 

Halbuki Azərbaycanın torpaqlarını Ermənistan dövləti və onun arxasında duran başqa qüvvələr işğal ediblər. Bu işğal erməni icmasının gücü xaricindədir. Onların arxasında bəzi böyük güclər və Ermənistan dövləti durur”.

 

Politoloqun fikrincə, buna rəğmən, Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyəti ən azı təbliğat və ictimai rəyə təsir baxımından diqqətdə saxlanılmalı və onların fəallığı artırılmalıdır. Lakin burada bir şərti mütləq gözləmək lazımdır: “O da budur ki, burada Ermənistan dövlətinin təcavüzə görə məsuliyyət daşıdıması və bu münaqişədə iki tərəfdən biri olması prinsipinə kölgə salmamaq şərtilə”.

 

Eldar Namazovun sözlərinə görə, icma faktorunu bir az da genişləndirmək və buraya vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıları da daxil etmək zəruridir: 


“Söhbət ondan gedir ki, Ermənistandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının səsi eşidilmir, onlara imkan yaradılmır. Onların hüquqları səsləndirilimir.


Əslində biz bu məsələni qaldırmalıyıq ki, tarixi torpaqlarından qovulan azərbaycanlılar Ermənistana qayıdıb orada hansı statusa malik olacaqlarsa, buradakı ermənilərə də biz həmin statusu verməyə razıyıq. Ermənistanın məsuliyyəti başqa bir dövlətin ərazisini işğal etməklə məhdudlaşmır, onun başqa böyük bir cinayəti də odur ki, orada əsrlərlə yaşayan azərbaycanlılar zorla deportasiya olunublar. Onların deportasiyası ona görə reallaşdırıldı ki, azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququ barədə danışılmasın”.

 

Politoloq vaxtilə münaqişənin ilk illərində bu məsələnin gündəmə gəldiyini, lakin azərbaycanlıların deportasiyasına görə aktullaşmadığını bildirib: 


“Bu haqda söhbət meydan gələndə, hələ SSRİ dövründə akademik Saxarov çıxışında bildirmişdi ki, o Qorbaçovla danışıb və təklif edib ki, həm Azərbaycandakı ermənilərə, həm də Ermənistanda yaşayan azaərbaycanlılara eyni hüquq verilsin. Səsvermə ilə hər iki icmanın statusu təmin edilsin. Həmin bəyanatdan dərhal sonra dövlətin birbaşa müdaxiləsi ilə oradakı azərbaycanlılara qarşı total hücumlar başlandı, onlar deportasiya olundular. Nə qədər azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

 

Bu məhz ona görə edildi ki, oradakı azərbaycanlıların da öz hüquqlarını təyinetmə məsələsi gündəmə gəlməsin.

 

Ona görə də təklif edərdim ki, biz bu icmanın təşkilatlanmasını da çox ciddi qabartmalıyıq. Onu da formaıaşdırmalıyıq və görüşlərini təşkil etməliyik.

 

Bir tərəfdən bu, insan haqları məsələsidir, digər tərəfdən də Ermənistan dövləti buna görə də məsuliyyət daşıyır.

 

Bu, danışıqlar prosesində bizim arqumentlərimizdən biri olmalıdır.

 

Bütün bunlarla yanaşı, biz bu işləri elə incəliklə aparmalıyıq ki, burada əsas məsələ - Ermənistan dövlətinin  bu işğaldakı məsuliyyəti heç kim tərəfindən şübhə altına alınmasın”.

 

Taleh

Tarix: 13-03-2020, 15:48
Xəbəri paylaş





Xəbər lenti