“Zənnimcə, səsvermə günü qeydə alınmış catışmazlıqlar, kobud səhvlər, xoşagəlməz görüntülər o qədər də narahatedici deyil. Məni bu seçki prosesində müşahidə etdiyim başqa bir məsələ məyus etdi. Etiraf edək ki, proses zamanı vətəndaş cəmiyyəti, siyasi elita sandığmız təbəqə özünü mükəmməl tərəfdən nümayiş etdirə bilmədi”
Moderator.az xəbər verir ki, bu fikirləri keçmiş deputat, Yeni Azərbaycan Partiyasının üzvü Alqış Musayev seçkilərin nəticələri ilə bağlı “azpolitika.info” saytına verdiyi geniş müsahibədə səsləndrib.
YAP üzvü müsahibəsində bloger Mehman Hüseynovun Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, təcrübəli siyasi keçmişə sahib hesab edilən Fərəc Quliyevi “tələyə salmasından” təəccübləndiyini bildirib: “Həmin dairədə digər namizəd Azərbaycanın siyasi elitasını təmsil edirdi. Razılaşaq ki, Fərəc Quliyev təsadüfi adam deyil - 90-cı illərin fəallarından biridir. Meydan təcrübəsi var. Əbülfəz Elçibəyin yaxın silahdaşı olub. 10 ildir ki, millət vəkilidir. Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxildır. Bəs, necə ola bilir ki, belə bir həyat yolu keçmiş, meydan, siyasi, parlament təcrübəsi qazanmış bir partiya sədri seçkiyə fərdi qaydada qatılan gənc bir blogerin tələsinə düşür? Özü də çox asanlıqla”.
Alqış Musayevin sözlərinə görə, bunlar çox ciddi və narahatedici suallardır və hamını düşündürməlidir. YAP üzvü sözügedən müsahbəsində onu da vurğulayıb ki, bu hadisə ilə həm də vətəndaş cəmiyyətinin, siyasi elitanın nöqsanları daha qabarıq, çılpaq şəkildə üzə çıxmış oldu.