Martın 3-də bir qrup deputatlığa keçmiş namizəd “Hüquq Maarifçiliyi Evi”ndə toplantı keçirib. Toplantı 9 fevral parlament seçkilərində namizəd olmuş şəxslərdən ibarət simvolik “Xalq parlamenti” yaradılmasına hazırlığa həsr olunub. Bu barədə “Yeni Müsavat”a açıqlamasında toplantıda iştirak edən ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.
Onun sözlərinə görə, toplantıda bəyanat imzalanıb. Bəyanatda Konstitusiya Məhkəməsindən Azərbaycanda 9 fevralda keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi tələb edilib və yeni parlament seçkilərinin keçirilməsi Prezident Administrasiyasından istənilib: “Toplantıda müzakirələr aparıldı və belə bir ümumi razılığa gəlindi ki, rəmzi bir "Xalq parlamenti" yaradılsın. Parlament seçkilərində namizəd olmuş və hüquqları pozulmuş şəxslər bu ”Xalq parlamenti"ndə təmsil olunsunlar, parlamentar təcrübə toplasınlar, antidemokratik seçkilərlə formalaşan parlamentin buraxılması prosesində iştirak etsinlər. Qərara alındı ki, martın 8-də saat 12-də ADP qərargahında keçmiş deputatlığa namizədlərdən ibarət daha geniş tərkibdə toplantı keçirilsin və “Xalq parlamenti” ideyası orada reallaşdırılsın".
S.Cəlaloğlu qeyd etdi ki, martın 3-də keçirilən toplantıda iştirak edənlər və bəyanatı imzalayanların 90 faizi heç bir siyasi partiyada təmsil olunmayan bitərəf namizədlərdir: “Təşəbbüs də bitərəflərdən gəlib. Çıxış edənlərin də hamısı özlərinin bitərəf olduğunu, siyasi proseslərə qoşulmadıqlarını deyirdilər. Hətta mənim ürəyim ağrıdı ki, insanlar özləri seçki kimi mühüm siyasi prosesdə iştirak edirlər, eyni zamanda deyirlər biz siyasətə qarışmırıq. Bu vəziyyət çox acı bir mənzərədir ki, siyasi proseslərdə iştirak edənlərə basqılar var, ona görə də hətta seçkidə iştirak edənlər belə, siyasi prosesdə iştirak eləmədiklərini, siyasətə qarışmadıqlarını deyirlər”.
“Xalq parlamenti” yaratmaq ölkədə ikihakimiyyətlilik yaradılmasına cəhd kimi qiymətləndirilə bilərmi" sualına S.Cəlaloğlu belə cavab verdi: “Biz hakimiyyət orqanı yaratmırıq ki, bizə qarşı o cür ittiham da irəli sürülsün. İkincisi, bu simvolik ”Xalq parlamenti" olacaq. Biz Azərbaycanda nümunəvi parlament necə olmalıdır, hansı işləri görməlidir, onu nümayiş etdirəcəyik. Orada heç nə gizli olmayacaq, hər şey aşkar olacaq. Biz nümayiş etdirəcəyik ki, parlamentə buraxılmayan adamlarla parlamentə buraxılanların fərqi nədən ibarətdir".