Ərdoğan Avropanın “Axilles dabanı”na basdı - Qərb yalvarır...

 

Ankara suriyalı qaçqınlar üçün qoca qitəyə qapıları açdı, Qərbdən zəng zəng dalınca gəlir; miqrantlar isə axışır, biri öldürüldü - şərh

“Bir neçə ay əvvəl şərtlərimiz qəbul olunmasa, suriyalı qaçqınlara Avropanın qapılarını açarıq demişdik. Düşündülər ki, blef edirik. Qapılar açılan kimi zəng zəng dalınca gəlir”.

“Yeni Müsavat”ın verdiyi xəbərə görə, bunu martın 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizə qapıları bağlayın deyirlər. Bu məsələ bitdi dedik. Artıq qapılar açılıb. Sizlər də bu yükü götürəcəksiniz.

Bu axşam Bolqarıstanın baş naziri ilə görüşəcəyəm. Eyni zamanda Angele Merkellə telefon danışığım olacaq", - deyə Ərdoğan vurğulayıb.

Yunanıstan hərbçiləri isə Türkiyədən Avropa ölkələrinə keçmək istəyən miqrantlara atəş açıb. Nəticədə bir qaçqın ölüb.

Bütün bunlar ona görə baş verir ki, fevralın 27-dən 28-nə keçən gecə Suriyanın İdlib bölgəsində 36 hərbçisinin şəhid olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb.

Türkiye sınırlarını açtı ile ilgili görsel sonucu

Əsəd rejimindən və ölkədəki terrorizmdən canını qurtarmaq üçün Türkiyəyə sığınan suriyalı qaçqınları Ankara mühafizə edirdi, işləyirdilər, təhlükəsiz şəraitdə yaşayırdılar, ən əsası onların onsuz da ciddi miqrant problemi ilə üz-üzə qalan Avropaya getmələrinə imkan verilmirdi.

Amma İdlibdə baş verənlərdən sonra qəzəblənən rəsmi Ankara Avropaya sərhədlərini açıq buraxıb və suriyalı qaçqınlar Qərbə axın etməkdədir.

Bundan həyəcanlanan Bolqarıstan baş naziri Boris Boyko Avropa Birliyi Komissiyasının rəhbəri Ursula fon der Leyenlə miqrasiya axını məsələsi ilə bağlı söhbət edib.

Bolqar baş nazirin fikrincə, belə vəziyyətdə Türkiyə də daxil olmaqla, heç bir ölkə yalnız buraxılmamalıdır.

Qısa zamanda Avropaya üz tutan miqrantların sayı 100 mini keçib. Türkiyə artıq 3,6 milyondan çox suriyalı qaçqını qəbul edib.

Ankaranın sərt bir qərar qəbul etməsi Qərb üçün gözlənilməz olduğu qədər arzuolunmazdır. Avropa miqrant böhranından çıxa bilmir.

Türkiye sınırlarını açtı ile ilgili görsel sonucu

Türkiyə bu vaxta qədər suriyalı qaçqınları ölkəsində saxlamaqla dəstəyini nümayiş etdirirdi. İndisə İdlibdən sərhədləri açıb suriyalıları ərazisinə buraxa və Avropaya getməsinə şərait yarada bilər.

İstanbulda yaşayan politoloq Ramiyə Məmmədova “Yeni Müsavat”a baş verənləri şərh edərkən vurğuladı ki, Ankara dəstək tələb edir.

Onun sözlərinə görə, NATO ölkəsi olan Türkiyə İdlib savaşından qalib çıxmaq istəyir: “Ərdoğan yaxşı bilir ki, Avropanın ”zəif bəndi" miqrant məsələsidir. Merkel onu yola gətirməyə çalışacaq ki, belə sərt qərarından geri dönsün. Bu məsələlər Avropa mətbuatında da böyük əks-səda yaradıb.

İngiltərənin “The Guardian” qəzeti yazıb ki, İdlibdəki insanlıq dramı Avropaya yeni böhran yaradacaq.

Suriya ordusunun İdlibə hücumları davam edərsə, əvəz ödəyənlər ancaq suriyalılar olmayacaq. Ona görə də Ankara Qərbdən dəstək gözləyir".

Türkiye sınırlarını açtı ile ilgili görsel sonucu

Siyasi şərhçinin zənnincə, Qərb dövlətləri Türkiyənin qəzəbini anlayır: “Ərdoğana olan zənglərin mahiyyəti də məhz onu fikrindən daşındırmaqdır. Avropa Türkiyənin Suriyadakı əməliyyatlarını dəstəkləməli, Əsəd rejiminə sanksiyaları gücləndirməlidir».

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 5-də Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. Bu barədə jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Emil SALAMOĞLU

Tarix: 3-03-2020, 10:52
Xəbəri paylaş





Xəbər lenti