"70 il ərzində Ermənistan ərazisindəki Azərbaycan əhalisinə qarşı əsl soyqırımı törədilib...”
“Sumqayıt hadisələrinə siyasi qiymət verilməsi tələb edilirsə, o halda ilk növbədə o zaman, demək olar ki, Ermənistan əhalisinin yarısını təşkil edən Azərbaycan əhalisini deportasiyaya məruz qoymuş Ermənistan rəhbərliyinin davranışlarına siyasi qiymət vermək lazımdır...”
Artıq 33-cü ildir ki, Azərbaycan xalqı transmilli dələduz super güclərin Rusiya və Qərb imperiyaları vasitəsilə erməniləri alətə çevirməklə qondardığı “Qarabağ problemi”nin acılarını yaşayır. 29 ilə yaxındır ki, “Dağlıq Qarabağ” adlanan ərazimiz, ardınca isə ətraf 7 rayonumuz elə eyni güclərin dayaq durduğu Ermənistanın işğalı altında qalır. Biz vaxtımızı mənasız danışıqlar, populist bəyanat və çıxışlarla keçirməkdə, işğalçı ölkə isə torpaqlarımızı mümkün qədər məskunlaşdırmaqda – özününküləşdirməkdə davam edir. Qərbin də, Şimalın da, Cənubun da çoxüzlülüyü göz önündə...
Bəs görəsən, Qarabağda “münaqişə” deyilən proseslərin, insan itkilərinin yenicə körükləndiyi ilk illərdə hələ Sovet imperiyasının tərkibində olan Azərbaycan Respublikasının ilk Prezidenti Qarabağ məsələsinin həlli üçün hansı yolu seçib.
Bu mövzuda araşdırma aparan Moderator.az əməkdaşı Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun 1990-cı ilin avqustunda Rusiyanın məşhur “Kommersant.Vlast” (“Kommersant.Hakimiyyət”) jurnalına verdiyi müsahibədə bu gün üçün də ibrətamiz cavablarına rast gəlib. Materialda 1988-ci il Sumqayıt olaylarına da toxunulur...
Müsahibənin Qarabağdan bəhs edən əsas hissəsinin tərcüməsini dəyərli oxucuların müzakirəsinə buraxırıq.
“Dağlıq Qarabağdakı ermənilərə gəlincə, onların problemlərini Azərbaycan həll etməlidir...”
“SSRİ prezidenti Mixail Qorbaçovun müttəfiq respublikalardakı milli hərbi birləşmələrin ləğv edilməsi haqda Fərmanının icrasının yubadılması və Azərbaycan-Ermənistan sərhədində qarşıdurmaların bərpasından sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibov 21 avqust 1990-cı ildə bütün müttəfiq respublikaların Ali Sovetlərinə müraciət edib.
“Tərksilah olunmağın gerçək vasitələrinin işə salınmaması regionda sabitliyin pozulmasının siyasi səbəbinə çevrilir. Bu da mahiyyətcə o deməkdir ki, İttifaq rəhbəriyi praktiki olaraq Federasiyanın üzvlərindən birinə, məhz Azərbaycana münasibətdə öz konstitusyon vəzifələrini yerinə yetirməkdən imtina edir” - A.Mütəllibovun bəhs edilən müracətində belə deyilir.
“Ermənistan isə anlamalıdır ki, o, özü Azərbaycanda yaşayan ermənilərin başına balta qaldırıb...”
Ertəsi gün - avqustun 22-də Azərbaycan Prezidenti “Kommersant. Vlast” nəşrinin müxbirinə müsahibə verib.
“-Siz Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı problemlərin ağıllı həllini necə təsəvvür edirsiz?
- 70 il ərzində Ermənistan ərazisindəki Azərbaycan əhalisinə qarşı əsl soyqırımı törədilib. Fəqət bununla belə soyqırımı haqda biz hay-küy salmırıq. Əgər Sumqayıt hadisələrinə siyasi qiymət verilməsi tələb edilirsə, o halda ilk növbədə o zaman, demək olar ki, Ermənistan əhalisinin yarısını təşkil edən Azərbaycan əhalisini, hələ yumşaq dillə desək, deportasiyaya məruz qoymuş Ermənistan Respublikası rəhbərliyinin davranışlarına siyasi qiymət vermək lazımdır. SSRİ hökuməti Ermənistan ərazisindəki azərbaycanlıların konstitusyon hüquqlarını qorumadı...
"Azərbaycanın işlərinə qarışmamaq..."
Ancaq bu gərginliyi aradan qaldırmağın yollarını axtarmaq lazımdır. Eyni zamanda bir şərtlə: Azərbaycanın işlərinə qarışmamaq... Bizim üçün Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa danışıqlar yolverilməzdir. Dağlıq Qarabağdakı ermənilərə gəlincə, onların problemlərini Azərbaycan həll etməlidir. Ermənistan isə prinsipiallıq göstərməli və anlamalıdır ki, o, özü Azərbaycanda yaşayan ermənilərin – öz qardaşlarının başına balta qaldırıb...
-Ermənistan Ali Sovetinin yeni sədri barədə fikirləriniz necədir?
-Ermənistan Ali Sovetinin yeni sədri Ter-Petrosyan – Qarabağ dramının təşəbbüskarı, strateqi, ssenari müəllifi və rejisorudur. Onun hakimiyyətə gəldikdən sonra mövqeyini dəyişəcəyinə inanmaq sadəlövhlük olardı. O halda onu elə öz auditoriyası rədd edəcək...”
"Kommersant.Vlast" jurnalı. №33, avqust 1990. Moskva.
P.S. Doğrudan da son 3 onillik tarix göstərdi ki, Azərbaycan Respublikasının ən böyük səhvi 1992-ci ildən bəri daxilində özünün həll etməli olduğu qondarma Qarabağ məsələsini xarici güclərin maşaları, çömçələri olan BMT və ATƏT-in himayəsinə buraxdı. 1993-cü ildə cənubumuzda, şimalımızda qondarılmış etnik separatçılıq problemlərini dərhal daxili hökumət qüvvələri hesabına necə həll etdik? Yoxsa bunların da həllini verməliydik ATƏT-in, AŞ-ın, ABŞ-ın ixtiyarına?.. Sadəcə, 1991-1992-ci illərdə hakimiyyətə can atan daxili xain qüvvələr elə xarici maraqlı güclərin də, o cümlədən “demokrat” Qorbaçovun, Yeltsinin, Burbulisin-filanın dəstəyi ilə Qarabağın həm siyasi-diplomatik, həm də hərbi yollarla qanunsuz erməni hərbi brləşmələrindən təmizlənməsinə imkan vermədi... Gerçək budur...
Odur ki, bu gün də, gec olsa da, bütün danışıqlardan imtina etməklə beynəlxalq təşkilatlar qarşısında ərazi bütövlüyümüzün bərpasını qəti tələb kimi qoymalıyıq. Onlar da həmişəki kimi heç bir tədbir görməyəcəyi təqdirdə yeganə yol savaşa qalacaq...
P.P.S. Dəyərli oxucuların mövzu barədə obyektiv, qərəzsiz fikirlərinə yer verməyə hazırıq...
Sultan Laçın